Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-313/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 954,50 manat məbləğində əsas borcun, 143,10 manat cərimə olmaqla cəmi 1097,60 manat məbləğində borcun və 30,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Epson” markalı printerə görə 10 ay ödəniş cədvəli üzrə hər ay 137 manat olmaqla cəmi 1368,50 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixində 140 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 954,50 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin xx.xx.2022-ci il tarixə "xxxx" MMC olan borcu 954,50 manat əsas, 143,10 manat cərimə, cəmi 1097,60 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçıdan printer almış, lakin ona satılmış printer qüsurlu olmuşdur. Həmin qüsurun aradan qaldırılması üçün dəfələrlə iddiaçıya müraciət etmişdir. Lakin təmirdən sonra printer yenə də işləməmişdir. Ona görə də iddia tələbini qəbul etmir və yaranmış borcu da ödəməyə imkanı yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 N-li əlavədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən “Epson” markalı printer, dəyəri ilkin 100,5 manat ödəniş edilməklə qalıq qalmış 1368,5 manat borcun 10 ay müddətinə ayda 137 manat olmaqla, hissə-hissə ödənilməsi şərti ilə satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 954,50 manat məbləğində əsas borcu, 247 cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər arasında əşyanın nisyə satılması barədə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə ilkin 100,5 manat ödəniş edilməklə qalıq qalmış 1368,5 manat borcun 10 ay müddətinə ayda 137 manat olmaqla, hissə-hissə ödənilməsi şərti ilə əşya satılmışdır. Cavabdeh tərəfindən həmin müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və onun iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddiaçının xeyrinə cavabdehdən 954,50 manat məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 954,50 manat əsas borca münasibətdə 143,10 manat dəbbə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, Cavabdeh iddiaçının xeyrinə 95 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 954,50 manat əsas borc, 95 manat cərimə, cəmi 1049,5 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,98 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 954,50 manat əsas borc, 95 manat cərimə, cəmi 1049,5 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,98 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-313/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-313/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver