Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3600/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1994-cü il təvəllüdlü Cavabdeh 18 mart 2020-ci il il tarixli, XDK5848221 saylı borc müqaviləsinə əsasən 1080 (min səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1313 (min üç yüz on üç) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 18 mart 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1668 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1080 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 13284 (on üç min iki yüz səksən dörd) manat cərimə borcu yaranmışdır (1080 manat x 1230 gün x 1%=13284 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh18 mart 2020-ci il il tarixli, XDK5848221saylı borc müqaviləsinə əsasən 1080 (min səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1313 (min üç yüz on üç) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18 mart 2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən müddəti 12 ay olmaqla dəyəri 1668 manat olan məişət avadanlığı almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə 18 mart 2020-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 1080 AZN əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən, 1080 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən 1080 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 200 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən 20 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1080 manat ödənilməmiş hissə, 20 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 33 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1080 manat ödənilməmiş hissə, 20 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 33 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3600/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3600/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver