Məhkəmə qərarları › İş №e-2(003)-3613/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3613/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3613/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC və Cavabdeh arasında 29 oktyabr 2023-cü il tarixli şifahi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən alınmış “İphone 15 Pro Max 512 GB Apple” markalı mobil telefonun qiyməti olan 4400 manat əsas borc, malın qiymətini ödəməməyə və qanunsuz saxlamağa görə hesablanmış 230 manat faiz məbləği, iddiaçı "xxxx" MMC-nin hüquqi yardım əldə etmək üçün sərf etdiyi 300 (üç yüz) manat vəkil xərci və 69,30 (altmış doqquz manat otuz qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4999,30 (dörd min doqquz yüz doxsan doqquz manat otuz qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə iddia icraatına keçid edilmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, mobil telefonların satışı ilə məşğul olan "xxxx" MMC (bundan sonra “İddiaçı”) üzrə satıcı qismində çıxış edərək, sifarişçi qismində çıxış edən Cavabdeh (bundan sonra “Cavabdeh”) ilə 29 oktyabr 2023-cü ildə şifahi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilə üzrə, Cavabdeh İddiaçının direktoru vəzifəsində çalışan X3 (bundan sonra “Direktor”) telefonla zəng edərək, X6 adlı tanışına 4400 (dörd min dörd yüz) manat dəyərində “İphone 15 Pro Max 512 GB Apple” markalı mobil telefonu sifariş vermiş, iddiaçı isə telefonu Cavabdehə satmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin şərtlərinə sadiq qalaraq, müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmiş və sözügedən mobil telefonu kuryer vasitəsilə Cavabdehin qeyd etdiyi telefon nömrəsinin təyin etdiyi ünvana təslim etmişdir. Bununla əlaqədar, Məmmədova Turanə tərəfindən telefonun qəbul edildiyi təsdiqlənmişdir. Məmmədova Turanə sonradan, bu telefonu telefon mağazalarının birində 3000 manata sataraq, pulunu öz ehtiyacları üçün xərcləmişdir. Cavabdeh isə pulu 2 (iki) gün müddətində özü ödəyəcəyini bildirsə də, Direktor müəyyənləşdirilən vaxtda pulunu istədikdə, o, müxtəlif bəhanələrlə öhdəliyin icra edilməsindən yayınmış və mobil telefon aparatına görə ödəməli olduğu 4400 (dörd min dörd yüz) manat pul vəsaitini ödəməyərək tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtlərini pozmuşdur. Daha sonra, İddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycan Daxili İşlər Nazirliyinə dələduzluqla bağlı cinayət işinin başlanması məqsədilə müraciət etmiş, lakin Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 50/2-14962/24 nömrəli Qərarına əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə verdiyi ifadədə belə göstərmişdir: “X1 4400 manat dəyərində İphone 15 Pro Max 512 GB Apple markalı mobil telefon almış, həmin telefonu Turanəyə hədiyyə etmişdir. Daha sonra onun pulu olmadığından mobil telefonun pulunu Üzeyirə ödəyə bilməmişdir. Yaxın günlərdə Üzeyirə mobil telefonun pulunu tam ödəyəcək.” Beləliklə, Cavabdeh işin hazırkı ərizədə qeyd olunan hallarını öz izahatında təsdiqləmiş, iddia olunan məbləğin (4400 manatın) İddiaçıya ödənilməli olduğunu etiraf etmiş və ödənişin gecikdirilməsinə hər hansı qanuni əsas gətirə bilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) 14 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış xx.xx.2024-cü il tarixli HK-1/367 saylı material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh izahat verərək bildirmişdir ki, X1 4400 manat dəyərində İphone 15 Pro Max 512 GB Apple markalı mobil telefon almış, həmin telefonu Turanəyə hədiyyə etmişdir. Daha sonra onun pulu olmadığından mobil telefonun pulunu Üzeyirə ödəyə bilməmişdir. Yaxın günlərdə Üzeyirə mobil telefonun pulunu tam ödəyəcəkdir. İş materiallarında olan “PulPal” ödəniş sistemindən çıxarışdan görünür ki, X4 tərəfindən “BM Morrison partnyorları vəkil bürosu”-nun hesabına 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya 4400 manat əsas borc, malın qiymətini ödəməmək və qanunsuz saxlamağa görə 230 manat faiz məbləği, hüquqi yardıma sərf edilmiş 300 manat vəkil xərci borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 4400 manat, malın qiymətini ödəməməyə və qanunsuz saxlamağa görə hesablanmış 230 manat faiz məbləği, hüquqi yardım üçün ödənilmiş 300 manat vəkil xərci və ödənilmiş dövlət rüsumuna görə 69,30 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar