Məhkəmə qərarları › İş №e-2(003)-3680/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3680/2025

23.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3680/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 5358.49 (beş min üç yüz əlli səkkiz manat qırx doqquz qəpik) borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Müqaviləyə əsasən ona məxsus yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 2023-cü ilin dekabr ayında sayğac nəmalüm şəraitdə oğurlanmışdır. Bununla əlaqədar dərhal Cavabdehnə müraciət etmiş, bundan əlavə eyni vaxta Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə də oğurluq faktı ilə əlaqdər şikayət ərizəsi vermişdir. Həmin tarixdən iki il keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə ünvana sayğac quraşdırılmışdır. Sayğac olmadığı müddətdə qaz balonu və odun peçindən istifadə etmişdir. 2025-ci ilin may ayında sayğac quraşdırılarkən Cavabdeh əməkdaşları tərəfindən ona bildirilmişdir ki, bu müddət ərizndə sayğacdan kənar qaz xəttinə qoşulduğuna görə aktlar yazılıb, cərimə olunmuşdur. Əgər cəriməni ödəməsə qaz sayöacının plombu açılmayacaq və nəticədə qazdan istifadə edə bilməyəcək. Halbuki, yaşadığı ünvana, eləcə də qaz sayğacının əvvəl qoyulduğu yerinə hər hansı baxış keçirilməyib, evə kimsə daxil olmayıb. Əgər evə kimsə daxil olmayıbsa o zaman evdə işlətdiyi qaz avadanlıqlarının siyahısını necə yaza bilərdi? Sözü gedən aktlarla bağlı cavabdehin rayon üzrə qurumuna müraciət etdikdən sonra məlum olmuşdur ki, həmin aktları yaşadığı ünvana baxış keçirilmədən, qaz idarəsinin özündə yazılıb. Cavabdeh hesablamasına görə hal-hazırda 5358,49 manat borcu var. Həmin borc əsassız yaxıldığı üçün silinməsi üçün məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edilərək qeyd edilmişdir ki, iddiaçı qaz sayğacını yerindən açaraq təbii qazdan qeyri-qanuni şəkildə istifadə edirdi. Bildirir ki, güya qaz sayğacı naməlum şəxslər tərəfindən oğurlanmış və dəlil qismində Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli arayışını təqdim edir. Lakin arayışda oğurluq faktı deyil, iddiaçının oğurluqla bağlı etmiş olduğu müraciəti təsdiq edilir. Lakin cinayət işinin açılması və ya rədd edilməsi, o cümlədən oğurluq edən kəsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində aparılmış araşdırmaları özündə ehtiva edən Qərar və protokol əlavə edilməmişdir. Bu üzdən təsdiq olunur ki, iddiaçı özü qəsdən qaz sayğacını yerindən çıxararaq təbii qaza qanunsuz qoşulmuşdur.

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, borc yazılan ünvan onun faktiki yaşadığı ünvandır, sayğacı 2023-cü ilin dekabr ayında oğurlanıb və bu barədə o, həm polis orqanlarına şikayət etmiş, həm də yeni sayğac quraşdırılması üçün cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh qurum tərəfindən uzun müddət sayğac quraşdırılmamışdır, bu müddətdə o balon qaızndan, odun peçindən, leketirk enerjisindən istifadə etmişdir, qaz xəttinə heç bir müdaxilə və qoşulma etməmiş, bu müddət ərizndə ümumiyyətlə təbii qazdan istifadə etməmişdir, barəsində tərtib edilmiş inzibati məsuliyyətə cəlb etmə barədə qərardan və cərimədən də məlumatı yoxdur. Ona qanunsuz olaraq cərimələr yazılıb, aktlar qanunsuz və əsasız tərtib olunduğundan və saldoda hazırda borcu 5358 manat göstərildiyi üçün həmin məbləğin silinməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu, aktların qanuni şəkildə tərtib olunduğunu, iddiaçının pul ödəməmək üçün sayğacı özünün qəsdən çıxardığını, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında xx.xx.2025ci il tarixində tərtib olunmuş akt barəsində inzibati məsuliyyətə cəlb etmə barədə qərarın olduğunu, digər aktlara münasibətdə isə belə bir qərarın qəbul olunmadığını qeyd etmişdir.

6. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

7. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

8. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 10.1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 12.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13.3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 14.11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 16.3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 17.4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 18.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 19.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 20.Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt və tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni Cavabdeh İB-nin üzərinə düşür. 21.Abonent saldosundan görünür ki, cavabdeh qurum tərəfindən 2023-cü ilin mart ayından 2024-cü ilin may ayınadək 7 akt əsasında abonent (iddiaçı) İddiaçı barəsində ümumilikdə 4808.16 manat məbləğndə borc hesablanmışdır. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında xx.xx.2025-ci il tarixində tərtib olunmuş akt barəsində inzibati məsuliyyətə cəlb etmə barədə qərarın olduğunu, digər aktlara münasibətdə isə belə qərarın qəbul olunmadığını qeyd etmişdir. Qeyd edək ki, iş materiallarında olan inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli Qərar iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli akta münasibətdə qəbul edilmişdir ki, abonent saldosunda həmin borc məbləğinin olması ümumiyyətlə müəyyən olunmur. 22.Yuxarıda qeyd olunan qanunvericiliyin (xx.xx.2022-ci il tarixdən etibarən qüvvədə olan normaların) imperativ tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilən hallarında görünür ki, iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə təsbit olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının təqsirliliyini təsdiq edən başqa mümkün və mötəbər sübut isə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. 23.Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh tərəfindən iddiaçıdan vurulmuş zərərin ödənilməsinin tələbnamə ilə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuz olmuşdur. 24.Bununla yanaşı, iddiaçı hər nə qədər hazırda abonent saldosunda mövcud olan 5358.49 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında müəyyən edilir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt və tələbnamə əsasında iddiaçıya cəmi 4808.16 manat məbləğində borc məbləği əsassız hesablanmışdır. Qalan məbləğin əsassız olması isə məhkəmə araşdırması ilə təsdiq olunmur. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 26.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia təmin qismən edilməli, Azəriqaz” İB tərəfindən İddiaçı (ünvan: ünvan 2odu: **********00070) dəymiş ziyanın bərpasına dair hesablanmış 4808.16 AZN məbləğində borc silinməlidir. 27.Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia qiyməti 4808.16 manat olduğuna görə dövlət rüsumunun məbləği 68.08 manat təşkil edir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 68.08 AZN dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (ünvan: ünvan 2odu: **********00070) aktlar üzrə əsassız hesablanmış 4808.16 AZN məbləğində borc silinsin. Cavabdehndən 68.08 AZN (altmış səkkiz manat səkkiz qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar