Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3699/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2496,5 manat əsas borc, 374,4 manat cərimə, cəmi 2870,9 manat, ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3000,7 manat əsas, 450,1 manat cərimə, ümumilikdə 6321,7 manat məbləğində borc və 83,21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone” markalı mobil telefona, “Hi-fi” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 313 manat olmaqla cəmi 3751,5 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 292 manat olmaqla cəmi 3499,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hər iki müqavilə şərtlərini pozaraq, qalıq qalmış 5497,2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən borun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilmədir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 3751,58 manat məbləğində “İphone 12 Pro” markalı mobil telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 313 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 3499,99 manat məbləğində “İphone 13 Pro” markalı mobil telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 292 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2496,5 manat əsas və 3744 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3000,7 manat əsas və 4501 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materiallar ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və onun iddia tələbində qeyd olunan əsas və cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas borc məbləğlərinin qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2496,5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 374,4 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3000,7 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 450,1 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə iddiaçının xeyrinə 150 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 2496,5 manat borc, 100 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3000,7 manat manat, 150 manat cərimə, hər iki müqavilə üzrə cəmi 5747,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 83,21 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 2496,5 manat borc, 100 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3000,7 manat manat, 150 manat cərimə, hər iki müqavilə üzrə cəmi 5747,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 83,21 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3699/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3699/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver