Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3736/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi
1. İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********43463 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG CHARGER ADAPTER üçün 768,81 (yeddi yüz altmış səkkiz manat, 81 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 76,88 (yetmiş altı manat, 88 qəpik) manat cərimə, ümumilikdə 869,29 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********43463 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG CHARGER ADAPTER almış və nəticədə 869.29 (səkkiz yüz altmış doqquz manat 29 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1894.8 (bir min səkkiz yüz 80 qəpik) manat (12 ay x 131.9 manat + 312 manat ilkin ödəniş) olan İMEİ KODU **********43463 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG CHARGER ADAPTER üçün ümumilikdə, 869.29 (səkkiz yüz altmış doqquz manat 29 qəpik) manat olmaqla ondan, 768.81 (yeddi yüz altmış səkkiz manat 81 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 (iyirmi üç manat 60 qəpik) manat, güzəşt olunaraq 76.88 (yetmiş altı manat 88 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1125.99 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2024-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. Məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir əsaslandırılmış etiraz təqdim edilməmişdir.
4. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
5. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 443.1ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
6. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
7. MM-in 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
8. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi (əşyaların nisyə satışı) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 10.MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. MM-in 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 12.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 13.MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-ci il tarixli 02707676 saylı hissəhissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Belə ki, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, iddiaçı İ İMEİ KODU **********43463 SAMSUNG GALAXY S23 FE markalı telefon, SAMSUNG CHARGER ADAPTER –i ümumilikdə 1894.8 manata, ilkin ödəniş 312 manat olmaqla, 12 ay müddətinə, hər ay 131.9 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin əşyanı qəbul etsə də, əvəzində razılaşdırılmış pul məbləğini (qiyməti) tam ödəməmiş, müqavilə üzrə 768.81 manat borcu qalmışdır. 15.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilə üzrə yaranmış zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2024-ci il tarixli 02707676 saylı müqavilə üzrə ödənilməmiş 768.81 manat və İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 (iyirmi üç manat 60 qəpik) manat hissəsi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. 16.Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-ci il tarixli 02707676 saylı müqavilə üzrə 768.81 manat məbləğində əsas borca münasibətdə 76.88 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, 38.44 manat cərimə məbləği tutulmalıdır. 17.Məhkəmə iddia tələbinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 18.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 19.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024ci il tarixli müqavilə əsasında 768.81 AZN (yeddi yüz altmış səkkiz manat səksən bir qəpik) ödənilməmiş hissə, 23.6 AZN (iyirmi üç manat 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 38.44 AZN (otuz səkkiz manat qırx dörd qəpik) cərimə olmaqla, ümumilikdə 830.85 AZN (səkkiz yüz otuz manat səksən beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilə əsasında 768.81 AZN (yeddi yüz altmış səkkiz manat səksən bir qəpik) ödənilməmiş hissə, 23.6 AZN (iyirmi üç manat 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 38.44 AZN (otuz səkkiz manat qırx dörd qəpik) cərimə olmaqla, ümumilikdə 830.85 AZN (səkkiz yüz otuz manat səksən beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutulsun və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov