Məhkəmə qərarları › İş №e-2(003)-3765/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3765/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3765/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MATRAS - LETTO, PARMA - YATAQ - CARPAYİ - BAZASİZ, PARMA - YATAQ - TUMBA 2 ədəd üçün 855.50 (səkkiz yüz əlli beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, 85.55 (səksən beş manat, 55 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, MARSEL - YUMSAQ - KUNC mebel əşya üçün 715.50 (yeddi yüz on beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, 71.55 (yetmiş bir manat, 55 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, SAMSUNG T,Vüçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65.20 (altmış beş manat, 20 qəpik) manat cərimə, ümumilikdə 2445.30 manat borc, 44.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh qismində qeyd edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüş, iddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni Cavabdeh iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl vəfat etmişdir. Ölmüş şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi isə yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: (bundan sonra “MPM”) - 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. - 49.1-ci madddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. - 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. - 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. - 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normaların təhlilindən görünür ki, hər hansı bir fiziki şəxsin prosessual hüquq və faəliyyət qabiliyyətinin olması, o cümlədən onun prosesin tərəfi kimi cavabdeh ola bilməsi üçün onun sağ olması lazımdır. Ölmüş şəxsin hüquq və fəaliyyət qabiliyyətinə xitam verildiyindən o, iş üzrə tərəf, o cümlədən cavabdeh ola bilməyəcəyi üçün ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi mümkün deyildir. Ona görə belə iddialara məhkəmə qaydasında baxılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş Cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia irəli sürüləndən əvvəl ölmüş olduğundan, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil və ona görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Bununla belə, Cavabdeh vərəsələrinin müəyyən edildiyi təqdirdə, borcun alınması üçün onlara qarşı müvafiq iddia tələbi ilə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməlidir. MPM-in 153-cü maddəsinin tələbinə əsasən, əgər ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa (ərizə verməyə) mane olur. Bununla yanaşı, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olması orada göstərilir. Qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından icraata qəbulundan imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 44.46 AZN (qırx dörd manat qırx altı qəpik) dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 44.46 AZN (qırx dörd manat qırx altı qəpik) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah olunsun ki, Cavabdeh vərəsələri müəyyən olunduğu təqdirdə, onun borcun alınması üçün vərəsələrə qarşı iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar