Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3769/2022 05.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,70 manat əsas borc, 73,30 manat cərimə, cəmi 567 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 588,80 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 38 manat ödəniş etmiş və qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilmədir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 588,82 manat məbləğində “X1 7” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 33 manat, sonuncu ay 27,8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 488,70 manat ödənilməmiş borcu və 733 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materiallar ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə 488,70 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 488,70 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 73,30 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 20 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 488,70 manat əsas borc, 20 manat cərimə, cəmi 508,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 488,70 manat əsas borc, 20 manat cərimə, cəmi 508,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3769/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3769/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver