Məhkəmə qərarları › İş №e-2(003)-3817/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3817/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3817/2025 03.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsi üzrə öhədliklərin yerinə yetirilməsinin təmin olunması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsi üzrə öhədliklərin yerinə yetirilməsinin təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə təbii qaza görə – 1606 (min altı yüz altı) manat, elektrik enerjisinə görə – 164 (bir yüz altmış dörd) manat, suya görə 330 manat olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində kommunal borcun ödənilməsi öhdəliyinin; Gecikdirilmiş 1500 (bir min beş yüz) manat kirayə haqqının ödənilməsi öhdəliyi; Yaşayış sahəsinə və bitkilərə vurduğu ziyanın qiymətləndirilərək ödənilməsi öhtəliyinin; Məhkəmə xərclərinin (dövlət rüsumu və vəkil nümayəndəyə ödənilmiş 350 (üç yüz əlli) manat vəsaitin mənə ödənilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, ünvan 1 ünvanında yerləşən, mülkiyyətcisi olduğu fərdi yaşayış evini 08 iyun 2024-cü il tarixdə bir illik müddətə Türkiyə vətəndaşı Cavabdeh kirayəyə vermişdir. 01 iyul 2025-ci il tarixdə iddiaçı ilə həmin şəxs arasında notarial qaydada müqavilə bağlanaraq yenidən bir il müddətinə uzadılmışdır. Kirayə müqaviləsinin şərtlərinə görə cavabdeh, kirayə haqqından əlavə olaraq bütün kommunal xərclərin ödənilməsinə də borcludur. Lakin ötən müddət ərzində cavabdeh bu öhdəliyini yerinə yetirməmiş və nəticədə təbii qaza görə – 1606 (min altı yüz altı) manat, elektrik enerjisinə görə – 164 (bir yüz altmış dörd) manat, suya görə 330 manat olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində borc yaranmışdır. Cavabdehlə iddiaçı aarsında notarial qaydada bağlanılmış kirayə müqaviləsinin şərtinə görə kirayəçi hər ayın 1-5-i arası 1500 (bir min beş yüz) manat məbləğində kirayə haqqı ödəməlidir. Cavabdeh 2025-ci ilin avqust ayının kirayə haqqını ödəməyərək müqavilənin müvafiq şərtini pozmuşdur. Eyni zamanda qeyd edirəm ki, kirayəçi kirayədə olduğu müddətdə yaşayış sahəsinə və həyətyanı sahəyə müvafiq qulluq etmədiyindən mənə bilavasitə maddi ziyan vurmuşdur. Belə ki, yaşayış sahəsində normadan artıq aşınma baş vermiş, ağac və bitkilərim quruyub məhv olmuşdur. Dəfələrlə edilən müraciətlərə baxmayaraq cavabdeh kommunal borcu ödəməmişdir və yaşayış sahəsindən istifadə ilə bağlı qüsurlu davranışlarına son qoymamışdır.

3. Daha sonra mülki iş üzrə İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddia tələbinin “Xahiş edirəm” hissəsinə gecikdirilmiş 3000 (üç min manat) kirayə haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra mülki iş üzrə İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə onun arasında bağlanılmış kirayə müqaviləsinin ləğv edilməsini; Cavabdeh, ailə üzvləri və ev əşyalarının kirayəyə verilmiş evdən çıxarılması; Cavabdeh evi tərk etmədikdə və ya evdən istifadəsinə şərait yaradılmadıqda, məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər kirayə müqaviləsində nəzərdə tutulmuş aylıq kirayə haqqının cəminin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını; Öhdəliyin yerinə yetirilib qurtarana qədər cavabdehin ölkədən çıxaışının məhdudlaşdırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra mülki iş üzrə İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehin üzərinə 6000 (altı min) manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin; Qaz sərfiyyatına görə - 1631 (bir min altı yüz otuz bir) manat, elektrik enenrjisi sərfiyyatına görə - 197 (bir yüz doxsan yeddi) manat olmaqla, ümumilikdə 1828 (bir min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində kommunal borcun ödənilməsi öhdəliyinin; Məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər kirayə müqaviləsində nəzərdə tutulmuş aylıq kirayə haqqının cəminin, işıq və qazla bağlı kommunal borc göstəricilərinin son məbləğinin ödənilməsi öhdəliyinin; Məhkəmə xərclərinin (dövlət rüsumu və vəkil nümayəndəyə ödənilmiş 350 (üç yüz əlli) manat vəsaitin ona ödənilməsi öhdəliyinin qoyulması; Öhdəliyin yerinə yetirilib qurtarana qədər cavabdehin ölkədən çıxışının məhdudlaşdırılması; Cavabdehin və onun ailə üzvlərinin kirayəyə verilmiş evdən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Proses iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında tərəflər arasında kirayə müqaviləsinin bağlanıldığını, kirayə müqaviləsinə əsasən cavabdehin hər ay 1500 manat məbləğində kirayə haqqı ödəməli olduğunu, lakin cavabdehin yalnız iyul ayı üzrə ödənişi həyata keçirdiyini, 4 ay müddətdir ki, ödənişi həyata keçirmədiyini, habelə cavabdeh tərəfindən istifadə edilməsi nəticəsində qaz və işıq sərfiyyatına görə də borcun yarandığını, işığa görə borcun son 3 ay ərzində yarandığını, iddiaçı tərəfindən cavabdehə noyabr ayında bildiriş göndərilərək müqavilənin birtərəfli qaydada ləğv olunduğunu, ancaq cavabdehin kirayə verilən mənzili boşaldaraq iddiaçıya təhvil vermədiyini, bu səbəbdən şəxsin özünün və ailəsinin kirayə verilmiş mənzildən çıxarılmasının tələb olunduğunu, 2024-cü ildən əvvəl də cavabdehin 1 il müddətində həmin mənzildə kirayə qaldığını və həmin müddətdə də onun qazdan istifadə etdiyini, hazırda cavabdehdən tələb olunan qazın sərfiyyat borcunun həmin tarixdən hesablandığını bildirmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

8. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında kirayə verən İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh kirayəyə verilmişdir. Kirayə haqqı 1500 manat olaraq razılaşdırılmışdır. Kirayəçi müqavilənin qüvvədə olduğu müddət boyu kommunal xidmətlərdən istifadə haqqını ödəməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə zərərçəkmiş tərəfə maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Kirayə müddəti xx.xx.2025-cı il tarixədək müəyyən edilmişdir. (DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş **********83- 10302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən kirayə müqaviləsi üzrə kirayəyə verilən əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.)

9. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında kirayə verən İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh kirayəyə verilmişdir. Kirayə haqqı 1500 manat olaraq razılaşdırılmışdır. Kirayəçi müqavilənin qüvvədə olduğu müddət boyu kommunal xidmətlərdən istifadə haqqını ödəməlidir. Kirayə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. (DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş **********83-10302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən kirayə müqaviləsi üzrə kirayəyə verilən əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.)

10. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, dörd aylıq kirayə haqqını (6000 manat) və kommunal xərcləri (işıq – 197 manat, qaz – 1631 manat) ödəməyərək kirayə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün bağlanılan kirayə müqaviləsinin birtərəfləi qaydada ləğv edildiyi barədə bildiriş göndərilmişdir.

11. 27.08.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.

12. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 70 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Azərişıq” ASC-nin abunə haqqında çıxarışından görünür ki, abonent Nəcəfov Fərmann adına (abunə kodu:**********40000) xx.xx.2024—xx.xx.2025 il tarixləri üçün hesablanmış və əvəzi ödənilməmiş 196.99 manat məbləğində sərfiyyat borcu vardır.

14. İddiaçı və X2 arasında bağlanan “Hüquqi yardımın göstərilməsi haqqında” EM- 2530VK-44921/25 müqavilə dən görünür ki, Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 350 (sözlə: üç yüz əlli) manat müəyyən olunmuşdur.

15. Azərişıq” ASC-nin X1 xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, abonent kodu **********40000 olan sayğaca xx.xx.2025-ci il tarixində 120 manat ödəniş edilərək, 05.06.202-ci il tarixinədək olan borc ödənilmişdir. xx.xx.2025-ci il tarixindən sonra istifadə edilmiş enerji sərfiyyatına olan borc ödənilməmişdir və borc yaranmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:

16. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.

17. 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər və azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

18. İnsan hüquq və azadlıqları haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

20. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

25. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

27. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

28. 685.1.-ci maddəsinə əsasən, əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər.

29. 685.2.1-ci maddəsinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5 (X7) şikayəti üzrə” 26 may 2017-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 28-ci maddəsinə təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

31. Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (“Battista İtaliyaya qarşı” iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; “Stamose Bolqarıstana qarşı” iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; “Bartik Rusiyaya qarşı” iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

Məhkəmənin mövqeyi:

32. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

33. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli kirayə müqaviləsi bağlanmasına baxmayaraq, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən kirayə haqqını və kommunal xidmətlərdən istifadə etməsi ilə bağlı ödənişləri həyata keçirilmədiyini bildirilmişdir.

34. Məhkəmə iddia tələbinin kirayə haqqının cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli yazılı kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında kirayə verən İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh kirayəyə verilmiş, kirayə haqqı 1500 manat olaraq razılaşdırılmışdır. Həmçinin tərəflər arasında notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli kirayə müqaviləsinə əsasən, ünvan 1 ünvanında kirayə verən İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh kirayəyə verilmiş və tərəflər arasında kirayə haqqı 1500 manat olaraq razılaşdırılmışdır. Habelə xx.xx.2025-ci il tarixli bildiriş əsasında müəyyən edilir ki, İddiaçı Cavabdeh 4 (dörd) aylıq kirayə haqqını və kommunal xərcləri ödəməməsi səbəbilə cavabdehlə bağlanmış kirayə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 685..2.1-ci maddəsinin tələbinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Məhkəmə iddiaçı tərəfin izahatı və iş materialları əsasında hesab edir ki, müqavilənin bağlanıldığı tarixdən 4 ay ərzində cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü kirayə haqqının ödənilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən, iddiaçının kirayə müqaviləsini ləğv edərək, həmin müddət üçün 6000 manat (1500x4=6000) məbləğində kirayə haqqının caavbdehdən tələb etməsi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.

35. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən istifadə olunmuş, ancaq ödənilməmiş kommunal borcların (qaz sərfiyyatına görə 1631 manat, elektrik enenrjisi sərfiyyatına görə 197 manat olmaqla, ümumilikdə 1828 manat) tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərişıq” ASC-nin abunə haqqında çıxarışından görünür ki, həmin üvana dair (abunə kodu: **********40000) xx.xx.2024—xx.xx.2025 il tarixləri üçün hesablanmış və əvəzi ödənilməmiş 196.99 manat məbləğində sərfiyyat borcu vardır. Həmçinin Azərişıq” ASC-nin X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, abonent kodu **********40000 olan sayğaca xx.xx.2025-ci il tarixində 120 manat ödəniş edilərək, 05.06.202-ci il tarixinədək olan borc ödənilmişdir. xx.xx.2025-ci il tarixindən sonra isə istifadə edilmiş enerji sərfiyyatına olan borc ödənilməmişdir və borc yaranmışdır. Həmçinin həmin ünvana dair Azəriqazın abonent saldosundan görünür ki, birinci müqavilənin bağlandığı 2024-cü ilin altıncı ayından etibarən bu günədək istifadə olunmuş, ancaq ödənilməmiş 1488,83 manat sərfiyyat borcu vardır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Habelə tərəflər arasında bağlanmış həm xx.xx.2024-cü il tarixli kirayə müqaviləsin 8.1-ci bəndinə, həm də xx.xx.2025-ci il tarixli kirayə müqaviləsinin 12-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadəyə görə haqqlar kirayəçi tərəfindən ödənilməlidir. Ona görə məhkəmə hesab edir ki, müqavilələr qüvvədə olduğu müddət ərzində yaranmış, ancaq ödənilməmiş sərfiyyat borcu gələcəkdə mülkiyyətçidən, yəni hazırki iş üzrə iddiaçıdan tələb ediləcəyinə görə həmin borc məbləğləri də iddiaçının çəkməli olduğu xərc olaraq onun zərərini təşkil etdiyindən həmin borcların da cavabdehdən tutulmasını tələb etməkdə haqılıdır. Bununla belə həmin zərərin məbləği iddia edilən məbləğ həddində deyil, iş materialı əsasında müəyyən edilmiş məbləğlərdə, yəni elektrik enerjisindən istifadəyə görə 196.99 AZN, təbii qazdan istifadəyə görə isə 1488.83 AZN məbləğində təmin edilməlidir.

36. Məhkəmə iddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilmiş 350 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan rüsumun ödənilməsi ilə bağlı qəbzlərdən və hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı ilə vəkili arasında bağlanmış müqavilə əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən üumilikdə 100 manat məbləğində dölət rüsumu və 350 manat məbləğində vəkil xidmətinə görə haqq ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 100 manat dövlət rüsumunun və vəkil ödənilmiş 350 manat xidmət haqqının cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

37. Məhkəmə iddia tələbinin cavabdehin və onun ailə üzvlərinin kirayəyə verilmiş evdən çıxarılması tələbinə münasibətdə qeyd edir ki, müvafiq tələbin qiymətləndirilməsi aparılarkən öncəliklə tələbi irəli sürmüş şəxsin mülkiyyət daşınmaz əmlaka mülkiyyət hüququnun olub-olmaması müəyyən edilməlidir. Mövcud qanunvericiliyə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməlidir. Mülki iş materiallarında tərəflər arasında nortarial qaydada təsdiq edilməklə bağlanmış olan kirayə müqavilələri vardır. Sözügedən kirayə müqavilələrində DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş **********83-10302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən kirayə müqaviləsi üzrə kirayəyə verilən əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması qeyd olunmuşdur. Belə olduğu təqdirdə İddiaçı ünvan 1 ünvanındda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun olması faktı öz təsdiqini tapır və kirayə müqaviləsi ləğv edildiyi üçün iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ yaranır. Qeyd olunmalıdır ki, sözügedən fərdi yaşayış evi cavabdehin sahibliyinə müqavilə əsasında verilmiş olsa da, həmin müqavilə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş vasitəsilə birtərəfli qaydada ləğv edilmişdir. Qeyd olunan səbəbdən hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin və onun ailəsinin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarını pozur və həmin sahiblik qanunsuzdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin və onun ailə üzvlərinin kirayəyə verilmiş evdən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

38. Məhkəmə qətnamənin qanuni qüvvəyə minənə qədər kirayə müqaviləsində nəzərdə tutulmuş kirayə haqqı, işıq və qazla bağlı borc göstəricilərinin cavabdeh tərəfindən ödənilməsi tələb hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş əsasənda müəyyən edilir ki, İddiaçı Cavabdeh kirayə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbilə cavabdehlə aralarında bağlanmış olan kirayə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Mövcud qanunvericiliyə əsasən isə tərəflər qanunamüvafiq olaraq bağlanmış müqavilə qüvvədə olduğu müddətcə tərəflər həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidilər. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə xitam verilməklə, həmçinin onlar arasında müqavilə əsasında yaranmış qarşılıqlı hüquq və öhdəliklərə də xitam verilmiş olur. Qeyd olunan səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qətnamənin qanuni qüvvəyə minənə qədər yaranacaq kirayə müqaviləsində nəzərdə tutulmuş kirayə haqqı, işıq və qazla bağlı borc göstəricilərinin cavabdeh tərəfindən ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

39. Məhkəmə həmçinin iddia tələbinin cavabdehin ölkədən çıxışının məhdudlaşdırılmasına münasibətdə qeyd edir ki, sərbəst hərəkət etmək şəxsin konstitusiya və konvensiya ilə təminat verilən azadlıq hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq hədlər çərçivəsində və şərtlərlə mümkündür. Bu hüququn əsassız məhdudlaşdırılması şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına da səbəb ola bilər. İddiaçı heç bir əsaslandırma etmədən və mümkün, mötəbər sübut təqdim etmədən, sadəcə cavabdehin Türkiyə Republikası vətəndaşı olmasını əsas gətirərək onun ölkəni tərk edəcəyi halda iddiaçının hüquqlarının qorunmasının mümkün olunmayacağını, qanuni qüvvə alacaq məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icra olunmayacağını bildirir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, əvvəla cavabdehin başqa bir ölkənin vətəndaşı olması hələ onun qələcəkdə qətnaməni icra etməyəcəyi və ya ərizəçinin hüquqların qorunmasının mümkün olmayacağı mənasına gələ bilməz. Digər tərəfdən, sadəcə şəxsin əcnəbi olmasına əsaslanaraq bir şəxsin azadlıq hüququnun lüzumsuz olaraq məhdudlaşdırılması qanuna uyğun, legitim və mütənasib sayıla bilməz. Qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, iddia tələbi öhdəliyin yerinə yetirilib qurtarana qədər cavabdehin ölkədən çıxışının məhdudlaşdırılması hissəsində əsassız olduğundan təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

41. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6000 manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilməli; Qaz sərfiyyatına görə yaranmış 1488.83 manat məbləğində borc və elektrik enerjisi sərfiyyatına görə yaranmış 196.99 manat məbləğində borc Cavabdeh İddiaçı xeyrinə tutulmalı; Dövlət rüsumu olaraq ödənilmiş 100 manat və vəkilə hüquqi yardım göstərməsi ilə əlaqədar ödənilmiş 350 manat, cəmi 450 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli; Cavabdeh və onun ailə üzvləri İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 6000 AZN (altı min manat) məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilsin. Təbii qaz sərfiyyatına görə yaranmış 1488.83 AZN (bir min dörd yüz səksən səkkiz manat səksən üç qəpik) məbləğində borc və elektrik enerjisi sərfiyyatına görə yaranmış 196.99 (bir yüz doxsan altı manat doxsan doqquz qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 AZN (bir yüz manat) və vəkilə hüquqi yardım göstərməsi ilə əlaqədar ödənilmiş 350 AZN (üç yüz əlli manat), cəmi 450 (dörd yüz əlli manat) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh və onun ailə üzvləri İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar