Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3903/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 15 üçün 2833.97 (iki min səkkiz yüz otuz üç manat, 97 qəpik) manat ödənilməmiş hissə, 283.40 (iki yüz səksən üç manat, 40 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei Kod **********30318 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün , 1181.31 (min yüz səksən bir manat, 31 qəpik) manat ödənilməmiş hissə, 118.13 (yüz on səkkiz manat, 13 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG üçün 869.84(səkkizyiiz altmış doqquz manat, 84 qəpik) manat ödənilməmiş hissə, 86.98 (səksən altı manat, 98 qəpik) manat dəbbə, ümumilikdə 5373.63 manat borc, 73.74 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ‘‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK AİR 15, imei Kod **********30318 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PALTARYUYAN SAMSUNG almış və nəticədə 5373.63 (beş min üç yüz yetmiş üç manat, 63 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4524.88 (dörd min beş yüz iyirmi dörd manat, 88 qəpik) manat (24 ay x 184.37 manat + 100 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 15 üçün ümumilikdə, 3117.37 (üç min yüz on yeddi manat, 37 qəpik) manat olmaqla ondan, 2833.97 (iki min səkkiz yüz otuz üç manat, 97 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 283.40 (iki yüz səksən üç manat, 40 qəpik) manat dəbbə. xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4255.74 (dörd min iki yüz əlli beş manat, 74 qəpik) manat (18 ay x 236.43 manat + 0 manat ilkin ödəniş) olan imei Kod **********30318 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün ümumilikdə, 1299.44(min iki yüz doxsan doqquz manat, 44 qəpik) olmaqla ondan, 1181.31 (min yüz səksən bir manat, 31 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118.13 (yüz on səkkiz manat, 13 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1207.09 (min iki yüz yeddi manat, 9 qəpik) manat (18 ay x 67.06 manat + 0.01 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 956.82 (doqquz yüz əlli altı manat, 82 qəpik; manat olmaqla ondan. 869.84(səkkiz yüz altmış doqquz manat, 84 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86.98 (səksən altı manat, 98 qəpik; manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5102.59 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2025, xx.xx.2024tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 11233681 saylı müqavilədən görünür ki, APPLE MACBOOK AİR 15 markalı komputeri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.
6. xx.xx.2024-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh APPLE MACBOOK AİR 15 markalı komputeri tam qüsursuz halda təhvil almışdır.
7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03796170 saylı müqavilədən görünür ki, imei Kod **********30318 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.
8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh imei Kod **********30318 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidmətini tam qüsursuz halda təhvil almışdır.
9. ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 12143740 saylı müqavilədən görünür ki, Paltaryuyan SAMSUNG müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.
10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Abbasova X1 SAMSUNG-u tam qüsursuz halda təhvil almışdır.
11. 19.08.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2833.97 manat məbləğində əsas, 283.4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1181.31 manat məbləğində əsas, 118.13 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 869.84 manat məbləğində əsas, 86.98 manat cərimə olmaqla, ümumilikdə 5373.63 manat borcu yaranmışdır.
12. xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan (poçt qəbzi var) görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. 21.08.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 73.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
16. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 3 (üç) müxtəlif nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr əsasında, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyaların nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəblə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və həmin xəbərdarlıq məktubu ilə tərəflər arasında mövcud olan nisyə alqı-satqı müqavilələrindən birtərəfli qaydada imtina olunmuşdur.
23. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borcların (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2833.97 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş hissə 1181.31 əsas borc, həmçinin xx.xx.2024-ci il tarixli müqavilə üzrə ödənilməmiş 869.84 əsas borc hissəsi əsaslı olduğundan təmin edilməlidir.
24. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia edilən cərimə məbləğlərinin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2833.97 manat məbləğində əsas borca münasibətdə 283.4 manat deyil, 141.7 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1181.31 manat məbləğində əsas borca münasibətdə 118.13 manat deyil, 59.10 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 869.84 manat məbləğində əsas borca münasibətdə 86.98 manat deyil, 43.5 manat cərimə məbləği tutulmalıdır.
25. Məhkəmə iddianın ödənilmiş 73.34 (yetçiş üç manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb etməkdə haqlıdır. Ancaq iddianın qismən təmin edildiyi nəzərə alınaraq həmin məbləğin də təmin edilmiş hissəyə (5953.99 manata) mütənasib olaraq cavabdehdən tutulması qanunauyğundur. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 71.3 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 2833.97 AZN (iki min səkkiz yüz otuz üç manat doxsan yeddi qəpik) ödənilməmiş hissə və 141.7 AZN (bir yüz qırx bir manat yetmiş qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 1181.31 AZN (bir min bir yüz səksən bir manat otuz bir qəpik) ödənilməmiş hissə və 59.1 AZN (əlli doqquz manat on qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 869.84 AZN (səkkiz yüz altmış doqquz manat səksən dörd qəpik) ödənilməmiş hissə və 43.5 AZN (qırx üç manat əlli qəpik) cərimə olmaqla, ümumilikdə 5129.42 AZN (beş min bir yüz iyirmi doqquz manat qırx iki qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 71.3 AZN (yetmiş bir manat otuz qəpik) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 2833.97 AZN (iki min səkkiz yüz otuz üç manat doxsan yeddi qəpik) ödənilməmiş hissə və 141.7 AZN (bir yüz qırx bir manat yetmiş qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqaivilə əsasında 1181.31 AZN (bir min bir yüz səksən bir manat otuz bir qəpik) ödənilməmiş hissə və 59.1 AZN (əlli doqquz manat on qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 869.84 AZN (səkkiz yüz altmış doqquz manat səksən dörd qəpik) ödənilməmiş hissə və 43.5 AZN (qırx üç manat əlli qəpik) cərimə olmaqla, ümumilikdə 5129.42 AZN (beş min bir yüz iyirmi doqquz manat qırx iki qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 71.3 AZN (yetmiş bir manat otuz qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natiq Əsgərov