Məhkəmə qərarları › İş №e-2(003)-4122/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4122/2023

02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4122/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı cavabdeh hüquqi şəxs (**********) X1 qarşı «şəhadətnamənin verilməsi” tələbinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh hüquqi şəxs (**********) X1 qarşı «şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə ər arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 25 saylı notariat ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, ərizənin forması Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Qanunvericiliyin mənasından görünür ki, iddia ərizəsi cavabdehə qarşı verilməli və iddia ərizəsi verilərkən artıq cavabdeh müəyyən edilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı «şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Əkrəm Qəhrəmanov İş № 2(003)-4122/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 02 noyabr 2023-cü il Bakı şəhəri Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı cavabdeh hüquqi şəxs X1 qarşı «şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:25-də başlandı. Ərizəni nəzərdən keçirərək qərardad qəbul etdi. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar