Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4177/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi
1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, ASUS VİVOBOOK FLİP notbuükçün, 1132.82 (min yüz otuz iki manat, 82 qəpik) manat ödənilməmiş hissə, 113.28 (yüz on üç manat, 28 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GAMİNG MİCROPHONE HYPERX üçün, 195.33 (yüz doxsan beş manat, 33 qəpik) manat ödənilməmiş hissə, 19.53 (on doqquz manat, 53 qəpik) manat cərimə, ümumilikdə 1460.97 manat borc, 34.61 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən ASUS VİVOBOOK FLİP notbuk, GAMİNG MİCROPHONE HYPERX almış və nəticədə 1460.97 (min dörd yüz altmış manat, 97 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2149.92 (iki min yüz qırx doqquz manat, 92 qəpik) manat (18 ay x 119.44 manat + 0 manat ilkin ödəniş) olan ASUS VİVOBOOK FLİP notbuk üçün ümumilikdə, 1246.10 (min iki yüz qırx altı manat, 10 qəpik) manat olmaqla ondan, 1132.82 (min yüz otuz iki manat, 82 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 113.28 (yüz on üç manat, 28 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 457.08 (dörd yüz əlli yeddi manat, 8 qəpik) manat (18 ay x 24.56 manat + 15 manat ilkin ödəniş) olan GAMİNG MİCROPHONE HYPERX üçün ümumilikdə, 214.86 (iki yüz on dörd manat, 86 qəpik) manat olmaqla ondan, 195.33 (yüz doxsan beş manat, 33 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 19.53 (on doqquz manat, 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1278.85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024 -cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. Məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir əsaslandırılmış etiraz təqdim edilməmişdir.
4. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
5. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 443.1ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
6. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
7. MM-in 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
8. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi (əşyaların nisyə satışı) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 10.MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. MM-in 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 12.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 13.MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 11673083 saylı və xx.xx.2024-cü il tarixli, 11673102 saylı hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Belə ki xx.xx.2024-cü il tarixli, 11673083 saylı müqaviləyə əsasən, iddiaçı ASUS VİVOBOOK FLİP notbuku 2149,92 manata, ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə, hər ay 119,44 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Eləcə də xx.xx.2024-cü il tarixli, 11673102 müqaviləyə əsasən, iddiaçı GAMİNG MİCROPHONE HYPERX 457,08 manata, ilkin ödəniş 15 manat olmaqla, 18 ay müddətinə, hər ay 24,56 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onu təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin əşyaları və xidməti qəbul etsə də, əvəzində razılaşdırılmış pul məbləğini (qiyməti) tam ödəməmiş, birinci müqavilə üzrə 1132,82 manat, ikinci müqavilə üzrə isə 195,33 manat borcu qalmışdır. 15.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə yaranmış zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1132,82 manat və xx.xx.2024-cü saylı müqavilə üzrə ödənilməmiş 195,33 manat hissəsi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. 16.Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1132,82 manat məbləğində əsas borca münasibətdə 113,28 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, 56,64 manat cərimə məbləği tutulmalıdır. Eləcə də xx.xx.2024-cü il tarixli müqavilə üzrə 195,33 manat məbləğində əsas borca münasibətdə 19,53 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, 9,76 manat cərimə məbləği tutulmalıdır. 17.Məhkəmə iddianın ödənilmiş 34,61 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq 33,94 AZN məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 18.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 19.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024cü il tarixli müqavilə əsasında 1132,82 AZN (bir min yüz otuz iki manat səksən iki qəpik) ödənilməmiş hissə və 56,64 AZN (əlli altı manat altmış dörd qəpik) cərimə; xx.xx.2024-cü il tarixli müqavilə əsasında 195,33 AZN (bir yüz doxsan beş manat otuz üç qəpik) ödənilməmiş hissə, 9,76 AZN (doqquz manat yetmiş altı qəpik) cərimə olmaqla, ümumilikdə 1394,55 AZN (bir min üç yüz doxsan dörd manat əlli beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 33,94 AZN (otuz üç manat doxsan dörd qəpik) dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 1132,82 AZN (bir min yüz otuz iki manat səksən iki qəpik) ödənilməmiş hissə və 56,64 AZN (əlli altı manat altmış dörd qəpik) cərimə; xx.xx.2024-cü il tarixli müqavilə əsasında 195,33 AZN (bir yüz doxsan beş manat otuz üç qəpik) ödənilməmiş hissə, 9,76 AZN (doqquz manat yetmiş altı qəpik) cərimə olmaqla, ümumilikdə 1394,55 AZN (bir min üç yüz doxsan dörd manat əlli beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 33,94 AZN (otuz üç manat doxsan dörd qəpik) dövlət rüsumunun məbləği tutulsun və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov