Məhkəmə qərarları › İş №e-2(003)-4218/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4218/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4218/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı cavabdeh Piri-zadə (Məmmədova) Aygün Rüstəm qızına qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC borclu Piri-zadə (Məmmədova) Aygün Rüstəm qızına qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 18 ay müddətinə hissə-hissə hər ay üçün 49,69 manat ödəmək şərti ilə, 894,42 manat dəyərində olan malın nisyə satış müqaviləsinə 1 saylı əlavədə göstərilən XİAOMİ REDMİ NOTE 11S markalı telefon nisyə satılmış və təhvil-təslim aktına əsasən verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra öhdəliyini yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin qeyd olunan müqavilə üzrə ödənilməmiş borcu 694,44 manat, cərimə borcu isə 69,56 manat təşkil etmişdir (maliyyə arayışı iş materiallarına əlavə edilmişdir). Cavabdehin cəmi ödədiyi 199.98 manat təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh Piri-zadə (Məmmədova) Aygün Rüstəm qızından xx.xx.2022-ci il tarixli,12201063 nömrəli alğı-satqı müqaviləsinə əsasən 694,44 manat ödənilməmiş, cərimə borcu isə 69,56 olmaqla, ümumilikdə 764 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli,12201063 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC telefonu alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi telefonun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh Pirizadə (Məmmədova) Aygün Rüstəm qızı İddiaçı MMC–yə olan borcunu xx.xx.2022-ci il tarixdən başlayaraq, 18 ay ərzində hər ay 49,69 manat ödəməklə qaytarmalıdır. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında 694,44 manat ödənilməmiş hissə borcu, 69,56 manat isə cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pullu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin araşdırılan hallarından və iş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Piri-zadə (Məmmədova) Aygün Rüstəm qızının İddiaçı MMC–yə olan ödənilməmiş borcu 694,44 manat, cərimə borcu 69,56 manat təşkil edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən alğı-satqı müqaviləsinə cavabdehin 764 manat borcu qalmış, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdeh Piri-zadə Cavabdeh İddiaçınə 764 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Piri-zadə (Məmmədova) Aygün Rüstəm qızından 694,44 manat ödənilməmiş hissə borcu, 69,56 manat cərimə borcu olmaqla, cəmi 764 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. 694,44 (altı yüz doxsan dörd manat qırx dörd qəpik) manat ödənilməmiş borc, 69,56 (altmış doqquz manat əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi 764 (yeddi yüz altmış dörd) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Piri-zadə (Məmmədova) Aygün Rüstəm qızından İddiaçı MMC -nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar