Məhkəmə qərarları › İş №e-2(003)-438/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-438/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-438/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 mart 2019-cu il tarixli, XDK5674944 saylı borc müqaviləsinə əsasən 752 (yeddi yüz əlli iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 150 (yüz əlli) manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 932 (doqquz yüz otuz iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 26 mart 2019-cu il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1829 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 752 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 11956 (on bir min doqquz yüz əlli altı) manat cərimə borcu yaranmışdır (752 manat x 1590 gün x 1%=11956 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 150 (yüz əlli) manat məbləğində tələb edir. Həmçinin müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4572/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməklə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iştirakları olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin üzrlü səbəbləri haqqında məlumat verməmişdir. Belə olan halda məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış XDK5674944 nömrəli, 26 mart 2019-cu il tarixli “borc müqaviləsinin” məzmunundan görünür ki, Cavabdeh İddiaçı - dən hissə-hissə ödəniş şərti ilə 1829 (min səkkiz yüz iyirmi doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş, 209 (iki yüz doqquz) manat ilkin ödəniş etmiş, qalan 1620 (min altı yüz iyirmi) manat məbləği isə 15 ay müddətinə aylıq 108 (yüz səkkiz) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan İddiaçı MMC-nin 15 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 26 mart 2019-cu il tarixində bağlanmış XDK5674944 saylı müqavilə üzrə ödənilməmiş 752 manat əsas (qalıq) borcu vardır. İş materiallarından həmçinin görünür ki, iddiaçı hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 26 mart 2019-cu il tarixli müqavilə “borc müqaviləsi” adlandırılsa da, müqavilənin məzmunundan borc müqaviləsi olmadığı, tərəflərin həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları müqavilənin nisyə alqı-satqı müqaviləsi olduğu müəyyən edilir. Həmin Məcəllənin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh razılaşdırılmış qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Hazırki işin hallarından görünür ki, cavabdehdən 752 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 150 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə mütənasib olmaqla ağlabatan və ədalətlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, сavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddia tələbinə dair öz mülahizəsini təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 752 (yeddi yüz əlli iki) manat əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 902 (doqquz yüz iki) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 752 (yeddi yüz əlli iki) manat əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 902 (doqquz yüz iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə verilsin. Cavabdehlər Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar