Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-443/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil oğlunun, İddiaçı2 nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaqdan müvəqqəti istifadə hüququnun vərəsələrlə davam etdirilməsi və torpaq sahəsinə buraxılmağa maneənin cavabdehə qadağan edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvəqqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X1 vərəsələri olan iddiaçılar-İddiaçı1, İddiaçı2 və cavabdeh-Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ sahəsi keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1987-ci il 27 may tarixli protokolundan çıxarışa əsasən (qoşmaya əlavə edilir) mərhum atası X2 verilmişdir. Sonrakı illərdə atası həmin ərazini yaşayış üçün münasib şəraitə gətirmiş, qaz və elektrik xətləri çəkdirmiş və yaşayış üçün yararlı olan ev inşa etmişdir. Müvafiq qurumlar tərəfindən qaz və elektrik sayğacları quraşdırlmış və atasının adına rəsmiləşdirilmişdir (quraşdırılmış sayğaclar barədə sənədlərdə qoşmaya əlavə edilir). Bundan başqa yerli iqlimi əlverişli olan əncir, nar, iydə, heyva və s ağaclar əkmişdir. Ailələri təxminən 1990-1991-ci illərdən sonra mütəmadi olaraq hər il yay mövsümünü Sahil çimərliyindən təxminən 300 metr məsafədə yerləşən həmin bağ sahəsində keçirmişdir. O və kiçik qardaşı Vüqar ailə qurduqdan sonra isə ayrı ayrı vaxtlarda övladları və digər ailə üzvləri ilə birgə yayda orada istirahət etmişlər. Ömrünün ahıl çağlarında isə atası həmin ərazidə tikili olan sahəni kiçik qardaşı Vüqara çatmaq şərtilə 3 oğlu (Bayram, Etibar və Vüqar) arasında bölmüşdür. Atası xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra isə mərhum anası və onlar həmin əraziyə mütəmadi olaraq baş çəkmişlər. Bunun başlıca səbəbi onun doktorant təhsili ilə əlaqədar xaricdə olmağı, qardaşı Vüqarın və anasının səhhətində olan problemlər və digər məişət qayğıları olmuşdur. Keçən ilin yanvar ayında isə qardaşı Bayram həmin sahəyə maklerlərin gəlməsi və oranı saxta sənədlərlə sənədləşdirib ələ keçirəcəklərini bəhanə edib anasından həmin sahənin açarlarını almış və xərcləri bərabər bölmək şərtilə daha möhkəm qıfıl kilidləmə işlərini görmüşdür. Yeni açarların bir nüxsəsini də anasına və qardaşı Vüqara vermişdir. Ondan sonra bir neçə dəfə anası və kiçik qardaşı bağa baş çəkmiş, mövsümü meyvələri toplamışlar. Növbəti dəfə xx.xx.2021 tarixdə o, anası və qardaşı ilə oraya baş çəkdikdə qıfil dəyişdirildiyinə görə, onlarda olan açarların açmadığından əraziyə daxil ola bilməmişlər. İlk növbə qardaşı Bayramdan şübhələnən mərhum anası ona zəng edərək çağırmış və bu iş barədə izah tələb etmişdir. O, isə qısa vaxt ərzində bağa gələrək gülə-gülə əlindəki yeni açarlarla darvazanı açmışdır. Heç bir izahat vermədən qısa vaxt sonra onların həmin ərazini tərk etməsini tələb etmiş, qardaşı Vüqarın oranı tərk etmədiyini gördükdə özü oradan uzaqlaşmışdır. Anası qardaşı bir müddət orada qalmış, sonra isə getdikdən sonra, görünür Bayram yenidən qayıdaraq oranı özü ilə gətirdiyi başqa bir qıfılla qıfıllamışdır. Daha sonra 2021-ci il dekabr ayının əvvəllərində də yenə ora getdikdə yeni qıfıl asıldığını, köhnə açarların isə ora düşmədiyi gördülər. Anası və bacısı 2022-ci ilin yanvar ayında vəfat etdiyindən bir müddət oraya gedə bilməmişlər, sonra yenə əraziyə baş çəkdikdə yenə həmin mənzərənin şahidi olmuşlar. Söhbət etdiyi qonşular Bayramın bu hərəkətini qınayaraq onun içəridə xırda təmir tikinti işləri ilə məşğul olduqlarını təsdiqləmişlər. Bu məsələni qohumlarla müzakirə etdikdə onların bəziləri iddiaçılara Bayramın sonradan qoyduğu kilid və qıfılları qıraraq oraya daxil olmaqlarını məsləhət görsələr də, bir başqa qismi bunun effektsiz olduğunu Bayramın da sonra yeni qıfil qoyacağını və bunun tərəflər arasında uzun müddətli “qıfıl davasına” gətirib çıxaracağını, bu minvalla davam edəcəyini bildirmişlər. Lakin, hazırda cavabdeh onların həmin ərazidən istifadələrinə maneəçilik yaratmaqla onları həmin əraziyə buraxmır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1197/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İHB 263 saylı xx.xx.2022-ci il tarixli sərəncamdan çıxarışın sürətindən görünür ki, İddiaçı2 üzərində qızı Qanuni nümayəndə qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı1 atası X5, anası X6r. İş materiallarında olan xx.xx.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokoldan çıxarışın sürətindən görünür ki, Köhnə bolşeviklər küçəsi 9 saylı evdə yaşayan X2 dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş 1-3/50 saylı xx.xx.2023-cü il tarixli məktubun sürətindən görünür ki, X2 dəniz kənarına bostan sahəsi üçün verilmiş 10 sot torpaq sahəsi vergitutma obyekti olaraq, Mərdəkan bələdiyyəsində 2012-ci il tarixdən qeydiyyata alınmışdır. Protokolda vətəndaşa ayrılmış 10 sot torpaq sahəsinin ünvanı göstərilmədiyi üçün həmin torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin ünvanı sənəddə H.Z.Tağıyev küçəsi göstərildiyi üçün X2 verilmiş bostan sahəsinin ünvanı da H.Z.Tağıyev küçəsi olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli yerli vergilərin ödənilməsi haqqında qəbzlərin sürətindən görünür ki, X8, İddiaçı2, İddiaçı1 və Cavabdeh H.Z.Tağıyev küçəsi Dəniz kənarı ünvanında yerləşən torpaq sahəsinə 18,0 manat rüsum ödəmişlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin sürətindən görünür ki, İddiaçı1 mərhumdan qalan əmlaka 2/4 hissədə vərəsə qismində tanınmışlar. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 72 saylı arayışın sürətindən görünür ki, Quliyev X3 qəsəbəsi Sahə 889 ünvanında qeydiyyatsız yaşayır və o, X5 ilə ölən günədək birgə yaşamış və dəfn mərasimini özü təşkil etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokoldan çıxarışın sürətindən görünür ki, Köhnə bolşeviklər küçəsi 9 saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi ayrılmışdır. O həmin sahəni tikilinin kiçik oğlu Vüqara çatmaq şərtilə 3 oğlu (Bayram, Etibar və Vüqar) arasında bölmüşdür. Quliyev Bəxtiyar 2016-cı il tarixdə rəhmətə getmişdir. İddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri alaraq mərhumdan qalan əmlaka müəyyən edilmiş hissədə vərəsə qismində tanınmışlar. Hal-hazırda Cavabdeh digər qardaşlarının mübahisəli əmlaka girişini və ondan istifadəsini daima əngəlləşdirmiş və məhdudlaşdırmışdır. İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvvəqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X1 vərəsələri olan iddiaçılar-İddiaçı1, İddiaçı2 və cavabdeh-Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvvəqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X1 vərəsələri olan iddiaçılar-İddiaçı1, İddiaçı2 və cavabdeh-Cavabdeh ilə davam etdirilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi qeyri-dəqiq olduğundan və əsaslandırılmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Göründüyü kimi qardaşlar arasında yaranmış mübahisə vərəsəlik münasibətləri yaratmamışdır, yaranmayan münasibətlərin davam etdirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia bu hissədə təmin edilməlidir. Belə ki, mərhum CavabdehB dövlət reyestrindən çıxarışı olmasa da, xx.xx.1987-ci il tarixli protokoldan çıxarışın sürətindən görünür ki, köhnə bolşeviklər küçəsi 9 saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi ayrılmışdır və həmin gündən mərhum faktiki olaraq torpaq sahəsinə sahiblik etmişdir. Cavabdeh oğulları mərhumun varisləridir və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Hazırda cavabdeh iddiaçılara miras əmlaka sahiblik etmək və əmlakdan istifadə etmək hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasını tərəfdar olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyaya dair 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında” BMT-nin Ümumi Bəyəmnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla mərhum edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164-cü və 165-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 179.2-ci və 179.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1285.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatı həyət təsərrüfatıdırsa və həyətin sonuncu üzvü vəsiyyətnamə qoymamışdırsa, həyətin ümumi əmlakı qanun üzrə vərəsələrə həyət təsərrüfatının dağılmaması şərti ilə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. 52-ci maddəsinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu , o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində təsbit olunmuş başqasının, yəni iddiaçıların mülkiyyət hüququndan atalarından miras qalmış mülkiyyətdən sərbəst və səmərəli istifadə etmək istəyi tam əsaslıdır. İş materiallarından göründüyü kimi iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri almışlar, yəni atasından qalmış mirası qəbul etmişlər. Beləliklə məhkəmə Cavabdeh tərəfindən iddiaçılara qarşı yaradılmış maneələrin əsassız və qanunsuz olduğunu nəzərə alaraq cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qalxmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qaldırılmalı, Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılması qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qaldırılsın. Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılması qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-443/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-443/2023
25.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver