Məhkəmə qərarları › İş №e-2(003)-461/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-461/2023

28.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-461/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı (X3 maraqlı şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi müddətinin uzadılması və vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılması, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X5 Şərifoviç 10 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl xx.xx.2014-cü il tarixli vəsiyyətnamə ilə Bakı şəhəri Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 23-də yerləşən 2 saylı mənzilini ona vəsiyyət etmişdir. Mərhum X5 Şərifoviç rəhmətə getdikdən sonra vəsiyyətnaməni tapa bilməmişdir. Bu səbəbdən 33 saylı dövlət notariat kontoruna müraciət etsə də, hər dəfə bir bəhanə ilə vəsiyyətnaməni ona verməkdən dolayısı ilə yayındılar. Sonda o, arxivə müraciət edərək sözügedən vəsiyyətnamənin dublikatını əldə etmişdir. Yenidən vəsiyyətnamə ilə 33 saylı dövlət notariat kontoruna müraciət etdikdə, orada ona 7 saylı notariat ofisində 2022-ci ilin sentyabr ayında vərəsəlik işinin açıldığını bildirdilər və həmin notariat ofisinə müraciət etməyini məsləhət gördülər. Bundan sonra o, 7 saylı xüsusi notariat ofisinə gedərək vəsiyyətnaməni təqdim etmiş və açılmış vərəsəlik işinə qoşulmaq istədiyini bildirmişdir. Müraciətimə rəsmi olaraq imtina etdilər və bu barədə ona məktub verdilər. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı münasibətdə miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbini üzrlü sayaraq, müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, mərhumRis Kamalatdinovla 12 ilə yaxın faktiki nikah münasibətlərində olublar. Mərhum 2014-cü ildə mülkiyyətində olan evi vəsiyyətnamə əsasında ona vermişdir. Vəsiyyətnaməni mübahisəli evdə saxlayırdı. Rais çox içdiyindən son vaxtlar aralarında mübahisələr olurdu. Ona görədə o, tez-tez ata evinə gedib gəlirdi. Raisin ölməyini üç gün sonra bilmişdir. O, sonradan natariusa getmiş lakin notarius şifahi olaraq vəsiyyatnamənin təqdim etdikdən sonra ona vərəsəlik şəhadətnamənin veril biləcəyini ona bildirmişlər. O, bir müddət xəstə olduğundan və vəsiyyətnamənin surətini gec aldığından notariusa gec müraciət etmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətləri uzadıl masın xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirdi ki, o, mərhum X1 əmisidir. O, mərhumun yol nəqliyyat hadisəsində həlak olduğuna görə 5000,0 manat sığorta ödənişinə yeganə vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı son zamanlar ata evinə gedib-gəldiyindən əmisininölümündən xəbəri olmamışdır. Əmisini özü dəfn edib. Mübahisəli ev boş qaldığından ora girmişdir. Lakin hazırda mübahisə predmeti olan mənzilə dair iddiası yoxdur. Onun öz evi var. Cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontor məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məktub ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərdi ki, mərhum X1 dayısı olub. İddiaçı onun mərhumu dayısının arvadı idi. İddiaçı və X5 Şərifoviç 12 il bir yerdə yaşayıblar, mərhumun ölümünə qədər bir yerdə olublar. Mərhum dayısı İrkine özünə məxsus evi vəsyyətnamə əsasında bağışlamışdır. Dayısı ölən ərəflərdə İrkine at evinə gedib gəllirdi. Dayısı öləndən sonra digər dayısı oğlu Maraqlı şəxs mübahisəli mənzilə daxil olmuşdur. O, iddiaçı ilə birlikdə notariusa gediblər. Lakin notarius imtina verdi. Sonra iddiaçı arxivdən vəsiyyətnaməni aldı. Məhkəmə, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli arayışının surətindən görünür ki, X5 Şərifoviç Bakı şəhəri Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 23-də yerləşən 2 saylı mənzildə yaşayıb. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Pirallahı qəsəbəsi S.Bağırov küçəsi 23 saylı evin 2 saylı mənzili X5 Şərifoviçin adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 33 saylı Dövlət Notariusu tərəfindən xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 Şərifoviç Bakı şəhəri Pirallahı qəsəbəsi S.Bağırov küçəsi 23 saylı evin 2 saylı mənzili İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 33 saylı Dövlət Notariusu tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Şərifoviç xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Şərifoviç xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərhum xx.xx.2021-ci il tarixdə ölmüş X5 Şərifoviçdən miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra miras qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər.) səbəblərindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X5 Şərifoviçin vərəsəsi Maraqlı şəxs və o miras əmlakdan 1/1 hissədə dair – Kapital Bank ASC-nin 157000/2- 4366 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bankda 1KSM**********238117 müqavilə üzrə qalığı 8000,0 manat olan depoziti və onun hesablanmış faizləri, qalığı 640,0 və Dövlət Sığorta Kommersiya Şirkəti 05/2160 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən mərhumun vərəsəsinə yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğuna görə 5000,0 manat sığorta ödənişinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qeyd olunan şəhadətnamələr məktuba əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak ünvan 2 ünvanında yerləşən mənzil X5 Şərifoviçin adına qeydiyyata alınmışdır. X5 Şərifoviç xx.xx.2021-ci il tarixdə ölmüşdür. X5 Şərifoviç xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə miras əmlakını İddiaçı vəsiyyət etmişdir. Sözügedən vəsiyyətnamə halhazırda qüvvədədir. İddiaçı, ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etsə də, Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən müəyyən edilmiş müddət keçdiyindən, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin buraxılmasının üzrlü sayılaraq müddətin uzadılmasını xahiş edir. Göründüyü kimi Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsi, ev 23, 2 saylı mənzil X5 Şərifoviçin mülkiyyəti olmuş olduğundan, mübahisəli mənzil miras əmlakı kütləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmədə miras qoyan X5 Şərifoviç xx.xx.2014-ci il tarixdə mülkiyyətində olan mənzili İddiaçı vəsiyyət etmişdir. Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsi, ev 23, 2 saylı mənzil miras qoyan X5 Şərifoviçin ölüm məqamı mülkiyyətində olduğundan, həmin mənzil miras əmlakı kütləsinə daxildir. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində göstərdikləri əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən, gecikmənin səbəbi üzrlü sayılaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətləri uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Beləliklə, mərhum X5 Şərifoviçin öz iradəsinə uyğun olaraq vərəsə olaraq seçdiyi İddiaçı vərəsə statusunun notariat qaydasında rəsmiləşdirilməsinin müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəbdir. Məhkəmə, göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 Şərifoviç tərəfindən xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etdiyi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin gecikdirmənin səbəbini üzrlü sayaraq İddiaçı X5 Şərifoviçdən miras qalmış ünvan 2 saylı mənzilindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadılsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı X5 Şərifoviçdən miras qalmış ünvan 2 saylı mənzilindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar