Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-468/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu SGQ7XWCW9WL olan “İPAD PRO” markalı planşet, İMEİ kodu **********19492 olan “İPAD” markalı planşet və İMEİ kodu **********81762 olan “İPAD” markalı planşet üçün 6999,24 manat ödənilməmiş hissə 1749,76 manat dəbbə olmaqla cəmi 8749 manat borcun və dövlət rüsumuna görə 107,49 manatın Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi R.M.Aslanov iddia ərizəsinin təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu SGQ7XWCW9WL olan “İPAD PRO” markalı planşet, İMEİ kodu **********19492 olan “İPAD” markalı planşet və İMEİ kodu **********81762 olan “İPAD” markalı planşet almış və nəticədə 8749 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 8279,24 manat olan İMEİ kodu SGQ7XWCW9WL olan “İPAD PRO” markalı planşet, İMEİ kodu **********19492 olan “İPAD” markalı planşet və İMEİ kodu **********81762 olan “İPAD” markalı planşet üçün ümumilikdə, 8749 manat olmaqla ondan, 6999,24 manat ödənilməmiş hissə 1749,76 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1280 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02103437 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 8279,24 manat olan 3 ədəd “İPAD” markalı planşeti XXXL Paket, 2 ədəd 2 il ultra qızıl zəmanət və digər xidmətlərlə birgə 1280 manat ilkin ödənişlə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMCdən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 827,92 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 02103437 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 583,27 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 3 ədəd “İPAD” markalı planşeti XXXL Paket, 2 ədəd 2 il ultra qızıl zəmanət və digər xidmətlərlə birgə tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya hər üç müqavilə üzrə borcların ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 6999,24 manat, cəriməyə görə 1749,76 manat olmaqla cəmi 8749 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2022-ci il tarixli 02103437 saylı müqavilə üzrə əsas borca görə 6999,24 manat cəriməyə görə 1749,76 manat olmaqla, cəmi 8749 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 350 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 93,49 manatı cavabdehdən tutulmalı, 14 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 02103437 saylı müqavilə üzrə əsas borca görə 6999,24 manat, cəriməyə görə 350 manat və ödənilmiş dövlət rüsumuna görə 93,49 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 14 manatı iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-468/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-468/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver