Məhkəmə qərarları › İş №e-2(003)-4730/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4730/2025

11.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(003)-4730/2025 11.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, Söyziyev Elşah İlham oğlunun iclas katibliyi, İddiaçı İbrahimov Bəhruz Meyrulla oğlunun iştirakı ilə, İddiaçı İbrahimov Bəhruz Meyrulla oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı İbrahimov Bəhruz Meyrulla oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə (bundan sonra – Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən bütün borcların silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yaşayır. Qeyd olunan ünvanda yerləşən evinə 100321400300630 abonent kodlu qaz sayğacı quraşdırılmışdır. ##.##.2023-cü il tarixdə yaşadığı evdə sayğaca uyğun baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar xətt çəkərək təbii qazdan qanunsuz istifadə edilibdir. Lakin iddiaçı ərizəsində bildirmişdir ki, onun tərəfindən heç bir kənar xətt çəkilməmişdir , qaz xətti, qoşulma nöqtələri və sayğac tam şəkildə azəriqaz tərəfindən quraşdırılmış və plomblaşdırılmışdır, pozuntu iddiasını sübut edan foto, video və ya texniki rəy iddiaçıya təqdim edilməmişdir, akt tərtib olunarkan onun izahatı nəzərə alınmamış və düzgün araşdırma aparılmamışdır, akt asassız olaraq manə qarşı qeyriqanuni maliyyə öhdəliyı yaratmağa yönəlmişdir, akt əsasında hesablanmış bütün borcların, cərimələrin və tələblərin silinməsi təmin edilməsini, çəkdiyi məhkəmə və digər xərclər cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İddia tələbinin dəqiqləşdirilməsi.

3. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış ******* saylı, ##.##.2023-cü il tarixli akt üzrə hesablanmış 3680,64 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçı İbrahimov Bəhruz Meyrulla oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək,bildirmişdir ki, iddia tələbin dəqiqləşdiribdir,ancaq 1 akt barəsindədir iddia tələbi, cavabdehin heç bir şahidinin olmamasını bildirmiş və akt yazılan zaman evə baxış olmayıb, heç həyətə belə daxil olmayıblar, bu əsasla məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə etirazını bildirmişdir ki, bunu da iddia ərizəsinin məzmununu dəqiqləşdirmədiyini əsaslandıraraq, məhkəmədən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Cavabdeh İB tərəfindən ##.##.2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən sayğaca (abonent kodu – 100321400300630) Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə etdiyi qeyd qeyd olunmuş və dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir.

7. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin abonenti İbrahimov Bəhruz Meyrulla oğluna (abonent kodu – 100321400300630) qazdan istifadə qaydalarının pozulmasına görə 2023-cü il tarixə 3680,64 manat məbləğində borc hesablanmışdır.

İşin faktiki halları.

8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən sayğaca (abonent kodu – 100321400300630) “Təbii qazdan istifadə Qaydaları”na riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evində abonentin sayğacdan kənar təbii qazdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə etdiyi qeyd olunmuş və dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir.

9. Həmin akt əsasında abonent İbrahimov Bəhruz Meyrulla oğluna Cavabdeh İB tərəfindən 3680,64 manat məbləğində borc hesablanmışdır.

Tətbiq edilən hüquq.

10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ##.##.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, ##.##.2022-ci il tarixdə qüvvəyə minmişdir).

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə ##.##.2023-cü il tarixli qərarı ilə dəyişdirilmişməzdən əvvəlki variant).

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçı İbrahimov Bəhruz Meyrulla oğlunun ünvanında qaz enerjisindən istifadə qaydalarının pozulmasına görə ##.##.2023-cü il tarixli akt tərtib edilmiş və bu akta əsasən istehlakçı Rəsul Abbasova itirilmiş sərfiyyata görə 3680,64 manat məbləğində borc hesablanmışdır.

15. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, bu fotoşəkillər də iddiaçının ünvanında sayğacdankənar təbii qazdan istifadə edildiyini sübut etmir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın əməkdaşları aşkar etdikləri pozuntunu təsdiq edə biləcək daha mötəbər sübutları (məsələn, videoyazı) məhkəmə təqdim edə biləcəkləri halda, bunu etməmiş, yalnız bir neçə fotoşəkil təqdim etmişlər ki, bu fotolar əsasında da qanunsuz qoşulma faktı təsdiq edilmir.

16. ##.##.2023-cü il tarixli akt əsasında hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...

17. Göründüyü kimi, qaz paylayıcısı (cavabdeh Cavabdeh İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.

18. Belə olan halda məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsində təqsiri sübuta yetirilmədiyi halda ##.##.2023-cü il tarixli akta əsasən hesablanmış borc iddiaçıdan tələb edilə bilməz. Odur ki, ##.##.2023-cü il tarixli akta əsasən hesablanmış 3680,64 manat borc iddiaçının hesabından silinməlidir.

Məhkəmə xərcləri.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 56,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı İbrahimov Bəhruz Meyrulla oğluna hesablanmış 3680,64 (üç min altı yüz səksən manat altmış dörd qəpik) manat məbləğində borc onun hesabından silinməli, ödənilməmiş 56,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

22. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən ##.##.2023-cü il tarixli akta əsasən iddiaçı İbrahimov Bəhruz Meyrulla oğluna (abonent kodu: 100321400300630) hesablanmış 3680,64 manat (üç min altı yüz səksən manat altmış dörd qəpik) məbləğində borc silinsin. 56,80 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar