Məhkəmə qərarları › İş №e-2(003)-4855/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4855/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4855/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdeh Amanatəli oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Amanatəli oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2500 manat dəyərində plastik dibçək alınmasına görə 1675 manat dəbbə pulu, 67 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 400 manat, cəmi 4632 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra "İddiaçı" adlandırılacaq) ilə Cavabdeh (bundan sonra "Cavabdeh" adlandırılacaq) arasında 21 iyul 2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə: 1 ədədinin qiyməti 0,20 manat olmaqla, 1600 (min altı yüz) ədəd, cəmi 320 (üç yüz iyirmi) manat, 1 ədədinin qiyməti 0,30 manat olmaqla, 1500 (min beş yüz) ədəd, cəmi 450 (dörd yüz əlli) manat, 1 ədədinin qiyməti 0,45 manat olmaqla, 450 (dörd yüz əlli) ədəd, cəmi 200 (iki yüz) manat, 1 ədədinin qiyməti 0,85 manat olmaqla, 1800 (min səkkiz yüz) ədəd, cəmi 1530 (min beş yüz otuz) manat, toplam hamısı birlikdə, 2500 (iki min beş yüz) manat dəyərində plastik dibçək satmış və cavabdeh həmin malları elə həmin günü, yəni, 21 iyul 2025-ci il tarixində təhvil almış və bu barədə qaimə faktura tərtib edilərək, iddiaçı və cavabdeh tərəfindən imzalanaraq, möhür vurulmuşdur. Həmin Müqavilənin 1-ci bəndinin şətlərinə görə, cavabdeh (alıcı) malı aldıqdan (yəni, malı aldığı xx.xx.2025-ci il tarixindən) 1 (bir) ay ərzində, hər 10 gündən bir, pulu 3 dəfəyə nağd şəkildə iddiaçıya (satıcıya) ödəməli idi. Lakin cavabdeh, sözügedən Müqavilə şərtlərini pozaraq, iddiaçıya hər hansı bir ödəniş etməmişdir, baxmayaraq ki, bu barədə cavabdehə dəfələrlə müraciət olunmuş, amma heç bir müsbət nəticəsi olmamışdır. Müqavilənin 2-ci bəndində şərtləndirilmişdir ki, əgər pul vaxtında ödənilməzsə, hər ödənilməyən günə görə, cavabdeh (alıcı) iddiaçıya (satıcıya) 1 (bir) faiz dəbbə pulu ödəyəcək. Müqavilənin, qeyd olunan 2-ci bəndinə uyğun olaraq, cavabdeh, pulu vaxtında ödəmədiyinə görə, iddiaçıya xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə (avqust 5 gün, sentyabr 22 gün, oktyabr 23 gün, noyabr-17 gün) kimi, cəmi 67 günə görə, hər gün üçün 1 faiz dəbbə - 25 (iyirmi beş) manat olmaqla, cəmi, 1675 (min altı yüz yetmiş beş) manat (67 gün x 25 man. =1675) dəbbə pulu ödəməlidir. Bundan əlavə, iddiaçı, cavabdehin müqavilə öhdəliklərini pozması ilə bağlı məhkəməyə bu ərizənin verilməsinə görə 67 (altmış yeddi) manat dövlət rüsumu və hüquqi yardıma görə, 400 (dörd yüz) manat, cəmi 467 (dörd yüz altmış yeddi) manat ödəyərək, maddi ziyana düşmüşdür ki, həmin ziyan-pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh Amanatəli oğluna iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh Amanatəli oğlu tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqdagecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İş materiallarından müəyyən olunur ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 iyul 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə 1 ədədinin qiyməti 0,20 manat olmaqla, 1600 (min altı yüz) ədəd, cəmi 320 (üç yüz iyirmi) manat, 1 ədədinin qiyməti 0,30 manat olmaqla, 1500 (min beş yüz) ədəd, cəmi 450 (dörd yüz əlli) manat, 1 ədədinin qiyməti 0,45 manat olmaqla, 450 (dörd yüz əlli) ədəd, cəmi 200 (iki yüz) manat, 1 ədədinin qiyməti 0,85 manat olmaqla, 1800 (min səkkiz yüz) ədəd, cəmi 1530 (min beş yüz otuz) manat, toplam hamısı birlikdə, 2500 (iki min beş yüz) manat dəyərində plastik dibçək satmışdır. Müqavilənin 2-ci bəndində şərtləndirilmişdir ki, əgər pul vaxtında ödənilməzsə, hər ödənilməyən günə görə, cavabdeh (alıcı) iddiaçıya (satıcıya) 1 (bir) faiz dəbbə pulu ödəyəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən Cavabdeh Amanatəli oğlunun İddiaçınə 21 iyul 2025-ci il tarixli müqaviləyə əsasən, 2500 manat əsas borc, 1675 manat dəbbə pulu borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunu artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 21 iyul 2025-ci il tarixli müqaviləyə əsasən 125 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 33 saylı vəkil bürosuna hüquqi yardım üçün 400 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 61.60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ümumilikdə təmin olunan 2625 manat məbləğinə mütənasib olaraq 46.25 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Amanatəli oğlundan, 21 iyul 2025-ci il tarixli müqaviləyə əsasən 2500 manat əsas, 125 manat dəbbə pulu borcu, hüquqi yardım üçün ödənilmiş 400 manat və 46.25 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar