Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-630/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 220 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "Honda Pilot” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2021-ci il mayın 18-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Honda Pilot” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu X.Şuşinski küçəsində “X1” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Nəsimi DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nəsimi DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "AUTOBOX” MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 4422 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “X1” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobillə 220 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 220 manat məbləği zərərçəkmiş şəxsə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəmə tərəfindən göndərilmiş zərf, rabitə orqanı tərəfindən çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun və TP seriyalı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətlərindən görünür ki, Cavabdeh, xx.xx.2021-ci il tarixdə saat 13:38-də Nəsimi rayonu X.Şuşinski küçəsi ərazisində “Honda Pilot” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Honda Pilot" minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan "xxxx" avtomobil servisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymətləndirmə aktının surətindən görünür ki, “X1” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə 220 manat məbləğində zərər dəymişdir İş materiallarından (sığorta aktından və hesabdan çıxarışdan) görünür ki, iddiaçı sığorta şirkəti tərəfindən 220 manat məbləğində pul “X1” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan “Honda Pilot" minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ olmadan Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməklə digər avtomobilə 220 manat məbləğində zərər vurmuş, həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 220 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 220 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-630/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-630/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver