Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-747/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəməiclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi cavabdehlər Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən 26.20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-596 ərazisində Cavabdeh tərəfindən elə həmin ünvanda 6x4 metr ölçüdə qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalar”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən 26.20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-596 ərazisində Cavabdeh tərəfindən elə həmin ünvanda 6x4 metr ölçüdə qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd olunmasını xahiş etdi. İzahatında bildirdi ki, mübahisə predmeti olan əmlak ona məxsusdur. Həmin torpaq sahəsi X4 əmrinə əsasən ev tikintisi üçün ona ayrılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib və cavabdehin ərizəsini, təqdim edilmiş sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, iş materiallarına Buzovna-Ramana Dş-250 yerüstü 1 km-də mühafizə zonasında yerləşən torpaq sahəsinin sxemi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron İB-nin rəis müavini X7, NBKXS-nin rəisi X11 və istismar üzrə böyük mühəndisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus torpaq sahəsi və 6x4 ölçüdə Abşeron İB-nin istismarında olan Buzovna-Ramana Dş250 yerüstü neft kəmərinin 1 km hissəsində kəmərdən 26.20 m təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2888 nömrəli rəyindən aydın olur ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ünvandakı ərazidən İddiaçı İstismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri keçir və təzyiqi 24 atmosferdir. Həmin ünvandan keçən İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri ilə fərdi yaşayış evinin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafə 20 m, kəmərlə fərdi yaşayış evi arasında olan məsafə isə 27 m təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və fərdu yaşayış evi, ərazidən keçən “Keft Kəmərləri” idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə sorğusu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 alınaraq iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İdarənin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Cavabdeh Məmmədiyə qızına fərdi mənzil tikintisi üçün 0.03 ha hesabı ilə 5-596 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır və X10 tərəfindən Cavabdeh 07 iyul 2021-ci il tarixli 297 saylı arayış və torpaq sahəsinin sxemi verilmişdir. İş materillarına Cavabdeh torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 096 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamdan çıxarış əlavə edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşdiyindən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının qeydiyyyata alınmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmr ilə ona ayrılmış torpaq sahəsində tikili inşa edilmişdir. İdarənin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Cavabdeh Məmmədiyə qızına fərdi mənzil tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) cavabdehə tikinti aparılması üçün torpaq ayırması və tikintiyə icazə verilməsi barədə ləğv edilməmiş əmri mövcuddur, həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (ilkin mətn) 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. 68- ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Cavabdeh Məmmədiyə qızına fərdi mənzil tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır ki, bu da öz növbəsində yuxarıda sadalanan normalara əsasən mülkiyyət hüququnun ünsür elementlərindən olan sahiblik və istifadə hüququnun yaranması üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ilə yaxın müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) əmri mövcud olmaqla hazırda qüvvədədir. Sözügedən əmrin qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri əsasında ayrılmış, uzun illər bu qərar mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin ayrılmasına əsas olmuş əmr mübahisələndirilməməklə qüvvədə olduğu halda orada əmrdə göstərilən qaydada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsasılı hesab edilə bilməməklə hazırkı iddia tələbi bu baxımından da təmin edilə bilməz. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları,ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İşə əlavə olunmuş qəbzdən görünür ki, hazırki işin məhkəmədə baxılması üçün iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 100,0 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia rədd edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyəri 102 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 357– 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100,0 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 102 manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsindən alınaraq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-747/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-747/2022
21.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver