Məhkəmə qərarları › İş №e-2(003)-776/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-776/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-776/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1 ƏDƏD “HOFFMANN KONDİSİONER” almışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 987,8 manat olan 1 ƏDƏD “HOFFMANN KONDİSİONER” üçün ümumilikdə 244 manat olmaqla 221,4 manat ödənilməmiş hissə 22,6 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya müqavilə üzrə cəmi 766,4 manat ödəniş etmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 221,4 manat, cəriməyə görə 22,6 manat cəmi 244 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23244490 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 987,8 manat olan 1 ƏDƏD “HOFFMANN KONDİSİONER”-i 47 manat ilkin ödənişlə 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 99 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 23244490 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 39,20 manat olmaqla 24 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ƏDƏD “HOFFMANN KONDİSİONER”-i tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya müqavilə üzrə borcların ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 221,4 manat, cəriməyə görə 22,6 manat olmaqla cəmi 244 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2022-ci il tarixli 23244490 saylı müqavilə üzrə əsas borca görə 221,4 manat cəriməyə görə 22,6 manat olmaqla cəmi 244 manat borcu yaranmışdır. Bu səbəbdən məhkəmə iddiaçının tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 23244490 saylı müqavilə üzrə əsas borca görə 221,4 manat, cəriməyə görə 22,6 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar