Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-833/2024 11.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 197 manat əsas, 94,05 manat cərimə borcu olmaqla, cəmi 291,05 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli EVS-036-0042-23 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Təhvil-təslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 395 (üç yüz doxsan beş) manat məbləğində olan dəyərini 6 (altı) ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. Cavabdehlə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış EVS-036-0042-23 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh, alğısatqı qiyməti 395 manat olan seela Oboy S20540-3, SPOT XRUSTAL XR58, oboy kleyi almış və o, müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, nəticədə 197 manat əsas borcu, 94,05 manat cərimə olmaqla, cəmi 291,05 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş təqdim edilmiş, lakin cavabdehə göndərilmiş bildirişin üzərindəki qeyddən görünür ki, həmin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə EVS-036-0042-23 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 395 manat olan Seela Oboy S20540-3, SPOT XRUSTAL XR58, oboy kleyi nisyə satılmış və cavabdeh 06 ay müddətində ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla, sonuncu ay isə 65 manat olaraq məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 197 manat əsas borcu, 94,05 manat cərimə borcu olmaqla, cəmi 291,05 manat borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə dəyəri 395 manat olan İMEİ Seela Oboy S20540-3, SPOT XRUSTAL XR58, oboy kleyi nisyə satılmış və cavabdeh 06 ay müddətində ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla, sonuncu ay isə 65 manat olaraq manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alğı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş hissə üzrə 197 manat məbləğində borc tutulmalıdır. Məhkəmə, iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 197 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 94,05 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 20 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdə EVS -036-0042-23 müqavilə üzrə 197 manat əsas və 20 manat cərimə olmaqla, cəmi 217 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdə EVS-036-0042-23 nömrəli müqavilə üzrə 197 manat (yüz doxsan yeddi) əsas borc və 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 217 (iki yüz on yeddi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-833/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-833/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver