Məhkəmə qərarları › İş №e-2(003)-899/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-899/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-899/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı zəmanət xidmətinə xitam verilməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat əsas borcun, 1950 manat faiz borcunun, dövlət rüsumu qismində ödənilmiş 76 manat pul vəsaitinin, vəkil üçün ödənilmiş 150 manatın, cəmi 8676 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində 004174 saylı alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən, iddiaçı cavabdehə mal satmışdır. Satılmış mallar xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Bağlanmış müqavilənin ümumi dəyəri 23000 manat təşkil etmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ödənişin bir qismini ödəmişdir. Halhazırki dövrə isə cavabdehin ödəməli olduğu borc 6500 manat təşkil edir. Cavabdehə qalan borcun ödənməsi ilə bağlı dəfələrə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Cavabdehin ümumilikdə iddiaçıya olan əsas borcu 6500 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 3900 manat (6500azn x 1%=65 azn x 30 gün gecikmə=1950 azn) təşkil edir. Belə ki, müqavilənin 8.1.-ci maddəsinə əsasən cavabdeh əgər gecikməyə yol verərsə, hər gecikən gün üçün müqavilə dəyərinin 1%-i məbləğində dəbbə pulu ödəməlidir. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş hissəsində cavabdehdən tələb edilən “faiz məbləği” ifadəsini “cərimə məbləği” kimi nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı zəmanət xidmətinə xitam verilməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan "xxxx" aparatına verilmiş zəmanətə xitam verilməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə 004174 N-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti "xxxx" lazer aparatının alqı-satqısı təşkil edir. Müqavilənin “Protokol” bölməsində "xxxx" aparatının dəyəri 23000 manat müəyyən edilmişdir. Həmin Protokolun 1-ci bəndinə görə, alıcı ilkin olaraq 6000 manat məbləğində ödənişi müqavilə bağlanan anda ödəmişdir. Protokolun 2-ci və 3-cü bəndlərinə görə xx.xx.2022-ci il tarixdə alıcı 3350 manat, xx.xx.2022-ci il tarixdə isə 650 manat ödəməyi öhdəsinə götürmüşdür. Protokolun 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş öhdəliklər alıcı olan Cavabdeh tərəfindən ödənilmişdir. Bu fakt hazırki qarşılıqlı iddia ərizəsinə əlavə olunan 006059 N-li mədaxil xəzinə orderi ilə və disklə, həmçinin səs yazılarının açıqlaması ilə təsdiq olunur. Bu ödənişlərdən sonra "xxxx" aparatına görə Cavabdeh 13000 manat ödənilməmiş borcu qalır ki, həmin məbləğin ödəniş qaydası Protokolun 4-cü bəndinə əks olunmuşdur - 12 ay müddətində hər ay 1083,33 manat ödəniş həyata keçirilməlidir. Tərəflər razılığa gəlmişlər ki, qalıq borcun (13.000 manatın) ödənişinin aparılması 2022-ci ilin iyul ayından başlanır. Bu fakt MMC-nin iddia ərizəsində qeyd olunanlarla də təsdiq olunur. Cavabdeh da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyə başlamış və ödənişləri həyata keçirmişdir. Qeyd olunan tarixə Cavabdeh iddiaçı MMC-yə hər hansı borcu olmamışdır. xx.xx.2022-ci ildə 700 manat ödənilmış, qalıq borc 12300 manatı şirkət təsdiq etmişdir (xx.xx.2022, Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçı arasında vatsap yazışması (SMS)). xx.xx.2022-ci ildə 500 manat ödənilmişdir, şirkət təsdiq etmiş (xx.xx.2022; ödəniş qəbzi, Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında vatsap yazışması: səsli mesajı və SMS). xx.xx.2022-ci ildə 800 manat ödənilmiş, şirkət təsdiq etmiş, qalıq borc 11000 (qəbz, xx.xx.2022 və xx.xx.2022, Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında vatsapla səsli mesajlar). xx.xx.2022-ci ildə Cavabdeh vatsapla səsli mesaj göndərir və bildirir ki, artıq ödənişləri etməyəcəkdir. Çünki, şirkətin əməkdaşı Ülkər danışmışdır ki, şirkətin köməkliyi ilə Kapitalbankdan kredit götürüləcək və aparatlar lizinqə salınacaqdır. Sənədlərin hazırlanmasını şirkət öz üzərinə götürmüşdür (Cavabdeh və arasında vatsapla səsli mesajlar). xx.xx.2022-ci ildə şirkətdən SMS gəlmişdir ki, Kapitalbankdan kreditin ayrılması ilə bağlı müəyyən sənədləri Cavabdeh şirkətə gətirsin. xx.xx.2022-ci ildə Cavabdeh şirkətə getmiş və sənədləri imzalamışdır. xx.xx.2022-ci ildə Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında Bankla bağlı sənədləşmənin nə yerdə olması barədə maraqlanması, şirkət nümayəndəsinin isə bununla bağlı ona məlumat veriləcəyi barədə vatsap yazışmaları (səsli mesallar)). xx.xx.2022-ci ildə şirkət SMS göndərir ki, ödənişi etsin və bildirir ki, əks halda xəbərdarlıq göndəriləcək. Cavabdeh isə cavab verir ki, onunla Mesa Qrupun rəhbərliyi arasında razılaşma var ki, şirkət Bankdan kredit götürülməsini təmin edəcək və həmin vəsait hesabına da ödənişlər həyata keçiriləcəkdir (xx.xx.2022, ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi və Cavabdeh arasında vafsap yazışması: SMS səsli mesaj). xx.xx.2022-ci ildə Şirkətin nümayəndəsi bildirir ki, sentyabr ayı üçün 800 manat ödəniş olunmalıdır. Cavabdeh cavab verir ki, hazırda ödəniş edə bilməyəcək. Çünki, Mesa Qroupun rəhbərliyi ilə təşkil edilən kreditlə bağlı “Kapitalbank”-a 600 manat əlavə ödəniş edəcəkdir (xx.xx.2022, ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi və Cavabdeh arasında vatsap yazışması: səsli mesajlar). xx.xx.2022-ci ildə şirkətin nümayəndəsi bildirir ki, "xxxx"un rəhbəri Məftun müəllim demişdir ki, ya Cavabdeh Banka gedərək müvafiq müqavilələri imzalamalı, ya da ödəniş etməlidir (xx.xx.2022, ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçinin vatsap yazışması: səsli mesaj). xx.xx.2022-ci ildə Cavabdeh bildirir ki, artıq tələb olunan sənədləri imzalamışdır. Şirkətin nümayəndəsi “Tamam” cavabı göndərmişdir (xx.xx.2022, Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında vatsap yazışması: səsli mesaj və SMS). xx.xx.2022-ci ildə "xxxx"un rəhbəri Məftun Xəlilovun səsli mesajı Cavabdeh göndərilir. Həmin səsli mesajda Məftun Xəlilov bildirilir ki, o Cavabdeh kömək etmək istəyində olsa da, Kapital Bankdan kreditin götürülməsi məsələsi alınmamış və təklif etmişdir ki, Cavabdeh satılmış Venus və Epiray aparatlarına görə ödəniş qrafikində dəyişikliklər edilsin və ya aparatın biri qaytarılsın və qalan aparatla bağlı yeni müqavilə bağlanılsın və aylıq ödənişin 1000 manat olması barədə yeni ödəniş qrafiki tərtib edilsin (xx.xx.2022; ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçidən gələn səsli mesaj). xx.xx.2022-ci ildə "xxxx"un rəhbəri Məftun Xəlilovun səsli mesajı Cavabdeh göndərilmişdir. Həmin səsli mesajda Məftun Xəlilov bildirmişdir ki, Cavabdeh kredit götürülməsi məsələsini özü həll edə bilirsə etsin və aparata görə borcu tam həcmdə bağlasın (xx.xx.2022, saat 13:31; ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçidən gələn səsli mesaj). xx.xx.2022-ci ildə şirkətin nümayəndəsi bildirmişdir ki, X2 bağlı məsələnin nəticəsini soruşur. Cavabdeh məsələnin alınmadığı barədə cavab vermişdir. Şirkətin nümayəndəsi bildirmişdir ki, Venus aparatı xx.xx.2020-ci ildə Cavabdeh götürüləcəkdir. İki aparata görə ümumi borcun məbləğinin 22000 manat (Venus aparatına görə 11000 manat, Epiray aparatına görə - 11000 manat) olduğunu, geri götürüləcək Venus aparatının 15.000 manat dəyərləndirildiyini, ümumi 22.000 manat borcdan 15.000 manat çıxıldığını, yerdə 7.000 manat borc qaldığını, həmin məbləğin isə 7 aya bölünərək aylıq ödənişin 1000 manat olacağını bildirmişdir (xx.xx.2022; saat 11:56, 12:08, 14:29, ********** telefon nömrəsi vasitəsilə "Tutu Mesa” adlı istifadəçi və Cavabdeh arasında vatsap yazışmaları: səsli mesaj və SMS). Şirkətdən alınmış apatlardan biri (VENUS) şirkətə qaytarılmış və “VENUS”un dəyəri çıxılmış, şirkətin Cavabdeh 4000 manat borcu qalmışdır. Həmin məbləği də Epiray aparatının qalıq borcundan çıxılmışdır. Qalıq borcun 7.000 manat olduğunu şirkət təsdiq etmişdir (xx.xx.2022 vatsap, səsli mesaj). xx.xx.2022ci ildə "xxxx"un nümayəndələri “Venus” aparatını Cavabdeh təhvil almışlar. xx.xx.2022-ci ildə Cavabdeh 500 manat ödəniş etməsi, qalan 500 manatın isə ayın sonuna kimi ödəyəcəyi barədə "xxxx"a məlumat vermiş və ödənişin qəbzinin şəkilini göndərmişdir. Şirkətin nümayəndəsi cavabında təsdiq etmiş və qalıq borcun 6.500 manat olduğunu bildirmişdir (xx.xx.2022, Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında aparılan vatsap yazışmaları: SMS və şəkil) Göstərilənlərdən də göründüyü kimi, Cavabdeh yalnız 2022-ci ilin sentyabr ayında aylıq ödənişi etməmişdir. Bunun səbəbi isə Cavabdeh adına "xxxx" ASC-dən kredit götürülməsi və həmin kredit hesabına ödənişlərin bağlanması barədə İddiaçı MMC-nin rəhbərinin təklifi olmuşdur. Kreditin rəsmilləşdirilməsinə tələb olunan bütün sənədlərin yığılması, Banka göndərilməsi də MMC tərəfindən həyata keçirilmişdir. Lakin, sonradan Cavabdeh öhdəliklərinə zamin duracaq onun həyat yoldaşının bankda başqa kredit müqaviləsi üzrə gecikmələri olduğuna görə Cavabdeh kreditin ayrılması məsələsi alınmamışdır. Bütün bu hallar, hazırki iddia ərizəsinə əlavə olunmuş vatsap yazışmalarını əks etdirən disklə təsdiq olunur. Cavabdeh adına kreditin götürülməsi məsələsi alınmadığına görə MMC, xx.xx.2022-ci il tarixdə Cavabdeh təklif etmişdir ki, MMC-dən aldığı “VENUS” aparatını qaytarsın. Aparat qarşılıqlı razılığa əsasən dəyərləndirilsin və hər iki aparata, yəni VENUS” və "xxxx" aparatlarına görə yaranmış borc silinsin. İki aparata görə ümumi borcun məbləği həmin vaxt 22000 manat (Venus aparatına görə 11000 manat, Epiray aparatına görə - 11000 manat) olmuş, “Venus” aparatı 15000 manata dəyərləndirilmiş, ümumi 22000 manat borcdan 15000 manat çıxılmış (həmin məbləğin 4000 manatı "xxxx" aparatının borcundan çıxılmışdır), Cavabdeh "xxxx" aparatına görə MMC-yə ödənilməmiş qalan borcu 7000 manat təşkil etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş etmiş, 500 manat isə həmin ayın sonunadək ödəyəcəyi barədə MMC-nin istifadəsində olan telefon nömrəsinə səsli mesaj göndərmişdir. Lakin, buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə MMC tərəfindən Cavabdeh yazılı xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqda Cavabdeh güya müqavilə öhdəliklərini pozması qeyd olunaraq, ona satılmış aparatın zəmanət müddətindən çıxarılması bildirilmişdir. Hesab etdirlər ki, Cavabdeh müqavilə öhdəliklərini pozmamış və ona satılmış aparatın zəmanət müddətindən çıxarılması üçün heç bir əsas olmamışdır. Belə ki, yuxarıda qeyd olunan ödənişlərin ümumiləşdirilməsi onu göstərir ki, Cavabdeh 2022-ci ilin noyabr ayı da daxil olmaqla, "xxxx" aparatına görə MMCyə cəmi 6500 manat ödəniş etmişdir. Müqaviləyə görə, 2022-ci ilin iyul ayından aylıq ödənişin 1083,33 manat olduğunu nəzərə alsaq müəyyən edirlər ki, Cavabdeh 2 ay gecikməsi mövcud deyildir. Buna baxmayaraq, MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh satılmış aparatı zəmanət müddətindən çıxarılmışdır. Müqavilənin 6.2-ci bəndinə görə, hissə-hissə ödəniş şərti ilə satılmış avadanlığın aylıq ödənişi 2 aydan çox müddətdə ödənmədliyi halda avadanlığa verilmiş zəmanətə xitam verilir və avadanlıq zəmanətdən çıxdıqda isə, avtomatik olaraq avadanlığın servis xidməti dayandırılır. Göründüyü kimi, müqavilə şərtləri iddiaçı MMC-nin özü tərəfindən pozulmuş, 2 aydan sox müddətdə ödənişlərdə gecikmə olmadığı halda, zəmanətə xitam vermişdir. Bununla da MMC, həmin aparatın satışının və təmirinin yalnız özü tərəfindən keçirildiyini bilə-bilə, Cavabdeh ağır vəziyyətə salmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini etiraf etmədi və ilkin iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında həmçinin bildirdi ki, cavabdeh tərəfindən ümumilikdə 16500 manat məbləğində ödəniş olmuşdur. Lakin, cavabdeh vaxtı-vaxtında və müvafiq məbləğlərdə ödənişlər etməmişdir. Cavabdeh 2022-ci ilin avqust ayından dekabr ayınadək ümumiyyətlə ödəniş etməmişdir. 2022-ci ilin dekabr ayında 500 manat ödəniş etmiş və bundan sonra heç bir ödəniş etməmişdir. Ona görə də tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alınmış avadanlığın zəmanətinə xitam verilmişdir. Cavabdeh güzəşt edilmiş 4000 manat məbləği ilə bağlı bildirdi ki, əvvəllər digər müqavilə üzrə İddiaçı MMC-dən götürülmüş “Venus” markalı aparat Cavabdeh tərəfindən qaytarılmış və həmin aparat 15000 manat məbləğində dəyərləndirilməklə 11000 manat hissəsi qaytarılmış aparatla bağlı borcdan silinmiş, 4000 manat hissəsi isə hazırki iş üzrə borcdan silinmişdir. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbini əsassız hesab edir və məhkəmədən qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia tələbinin isə təmin edilərək cavabdehdən 6500 manat məbləğində əsas borcun və 1950 manat məbləğində cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini etiraf etməyək qarşılıqlı iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında həmçinin bildirdi ki, iddiaçıya ümumiyyətlə 6500 manat məbləğində borcun olmasını qəbul etmir. Belə ki, Cavabdeh İddiaçı MMC-yə borcu qalmamış, borc tam ödənilmişdir. Ödənişlərin aparılması barədə bütün qəbzlər saxlanılmamışdır. Onlarda olan qəbzlər yalnız şəkilləri çəkilərək vatsap vasitəsilə MMC-nin əməkdaşına göndərilmiş qəbzlərin şəkilləri saxlanılmışdır. 2022-ci ilin dekabr ayından sonra ödənişlər Cavabdeh aparılmış, lakin müvafiq qəbzləri saxlanılmamışdır. Borc tam ödənildiyindən ilkin iddia tələbini əsassız hesab edir. MMC-dən alınmış aparatın isə təmirbərpa işləri yalnız iddiaçı şirkət məşğul olur. Hazırda isə zəmanət dayandırıldığından aparat işlək vəziyyətdə deyil. Bununla da cavabdehin vəziyyəti pisləşmişdir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 004174 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı MMC tərəfindən alıcı Cavabdeh 23000 manat dəyərində “Epiray LD1 V12” markalı əşya satılmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən malın qiyməti və ödəmə şərtləri müqavilənin 1 saylı əlavəsi olan X1 öz əksini tapması barədə razılıq əldə olunmuşdur. Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən hissə-hissə ödəniş şərti ilə satılmış avadanlığın aylıq ödənişi 2 aydan çox müddətə ödənilməyəcəyi halda avadanlığa verilmiş zəmanətə xitam verilməsi və avadanlığın zəmanətdən çıxdıqda isə avtomatik olaraq avadanlığın servisi xidmətinin dayandırılması barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən alıcı bu müqavilənin şərtlərini pozduğu təqdirdə satıcı müddətindən asılı olmayaraq ödənişin təmin edilməsi məqsədi ilə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin protokulunda göstərilən müddətdə tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “ Satıcı”ya cərimə ödəməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1 saylı əlavəsi olan qiymət razılaşma və ödəmə şərtlərinə dair protokoldan görünür ki, malın ümumi dəyəri 23 000.00 manat ( iyirmi üç min manat sıfır qəpik ) məbləğində təşkil edir. Alıcı ilkin ödəmə olaraq 6000 manat məbləğində ödəniş etmişdir. Alıcı xx.xx.2022-ci il tarixində 3350 manat, xx.xx.2022-ci il tarixində 650 manat məbləğini ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Alıcı ödənişin qalıq hissəsi olan 13 000 manat məbləğini 12 (on iki) ay müddətində aylıq 1083.33 manat (bir min səksən üç manat otuz üç qəpik) olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcı qalıq 13000 manat məbləğini 8 (səkkiz) ay müddətində bağlayarsa 1 000 manat endirim olunmalıdır. Alıcı aylıq ödənişi 2 (iki) aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2 % məbləğində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun ödənişi qalıq ödəniş məbləğinin azalmasına səbəb olmur. Satıcı malı alıcıya xx.xx.2022-ci il tarixində təhvil verməlidir. Elektron qaydada daxil olmuş iddia ərizəsindən və iş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 76 manat və 30 manat məbləğlərində, cəmi 106 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq 16500 manat ödəmiş, 2023-cü ilin fevral ayının sonuna qədər aylıq 1083.33 manat ödəniş etmək şərtilə 8666 manat ödəməli olduğu təqdirdə 6500 manat ödəniş etmişdir. Sonuncu ödənişi xx.xx.2022-ci il tarixində 500 manat olmuşdur. Hazırda Cavabdeh İddiaçı MMC-yə 6500 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışı və ödəniş qrafikindən görünür ki, hal-hazırda Cavabdeh İddiaçı MMC-yə 6500 manat məbləğində borcu qalmışdır. 4000 manat məbləğində pul güzəşt edilmiş, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 800 manat və xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 004174 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 004174 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 6500 manat məbləğində pulun Cavabdeh ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan zəmanət talonunun surətindən görünür ki, “Epiray V12” markalı mala görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək zəmanət xidməti müəyyən olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə tərəflər arasında xx.xx.2022ci il tarixdə 004174 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 23000 manat dəyərində “Epiray LD1 V12” markalı cihaz satılmış, həmin cihaz Cavabdeh təhvil verilmişdir. Cavabdeh aldığı cihaza görə 6000 manat məbləğində ilkin, xx.xx.2022-ci il tarixdə 3350 manat və xx.xx.2022-ci il tarixdə 650 manat ödəniş etməsi barədə öhdəlik götürmüş və həmin öhdəlikləri yerinə yetirmişdir. Həmin müqavilə üzrə Cavabdeh qalıq qalmış 13000 manat məbləğində pulu isə xx.xx.2022-ci il tarixindən sonra 12 ay müddətində aylıq 1083,33 manat olmaqla ödəniş etməsi barədə İddiaçı MMC qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Müəyyən edilmiş hallar iş üzrə mübahisə edilməyən hallardan ibarətdir. İlkin iddia tələbinin əsası isə ondan ibarətdir ki, Cavabdeh tərəfindən razılaşdırılmış qaydada və məbləğlərdə ödəniş edilməməklə alqı-satqı müqaviləsi üzrə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş və onun 6500 manat məbləğində borcu qalmışdır. Cavabdeh ilkin iddia tələbinə etirazı, yəni işin mübahisələndirilən halı ondan ibarətdir ki, onun tərəfindən İddiaçı MMC ilə bağladığı alqı-satqı müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməklə borc tamamilə ödənilmişdir. Qarşılıqlı iddia tələbinin əsası isə ondan ibarətdir ki, aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin şərtləri İddiaçı MMC tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, işin hallarına məcmu şəkildə qiymət verərək qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 004174 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən İddiaçı MMC qarşısında üzərinə götürülmüş öhdəliklərin tamamilə yerinə yetirilməsi, yəni həmin müqavilə üzrə borcun tam şəkildə İddiaçı MMC-yə qaytarıldığı bildirilsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə işin hallarından (iş materiallarından, qarşılıqlı iddia ərizəsinin məzmunundan və vatsap yazışmalarından) görünür ki, Cavabdeh, alqı-satqı müqaviləsi üzrə almış cihaza görə xx.xx.2022-ci il tarixdən sonra qalıq qalmış 13000 manatın 12 ay müddətində ayda 1083,33 manat ödəniş etməklə qaytarması barədə öhdəlik götürməsinə baxmayaraq onun tərəfindən xx.xx.2022ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 800 manat və xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməklə müvafiq qaydada və məbləğlərdə ödəniş həyata keçirilməmiş və bununla da müqavilə şərtləri onun tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasn alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alqısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərini, həmçinin tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsinin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh, İddiaçı MMC ilə bağladığı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (müddətlərlə) və məbləğlərdə ödəniş etməməklə yerinə yetirmədiyindən ilkin iddia tələbi əsaslıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 6500 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin borc məbləği Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda məhkəmə, iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 6500 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 1950 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, ondan İddiaçı MMC-nin xeyrin 200 manat cərimə tutulmalıdır. Məhkəmə, həmçinin ilkin iddia tələbinin vəkil üçün ödənilmiş 150 manatın tutulması hissəsinə qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, bu halla bağlı İddiaçı MMC tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, iş materialları ilə də müəyyən edilməmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin şərtləri satıcı İddiaçı MMC tərəfindən pozulması ilə əsaslandırılsa da işin müəyyən edilmiş hallarından görünür ki, həmin müqavilə şərtləri qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən pozulmuş və həmin müqavilənin 6.2-ci bəndinə əsasən İddiaçı MMC satılmış cihazın servis xidmətinin dayandırmasına dair hərəkəti müqavilə şərtlərinin müddəalarına uyğun olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməklə Cavabdeh 6500 manat əsas borc, 200 manat cərimə olmaqla cəmi 6700 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 76 manat məbləğində pul da (tələb olunan məbləğ və ilkin iddianın qismən təmin olunması nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 6500 manat əsas borc, 200 manat cərimə olmaqla cəmi 6700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 76 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı MMC-yə qarşı zəmanət xidmətinə xitam verilməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar