Məhkəmə qərarları › İş №e-2(004)-1017/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1017/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1017/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehden xx.xx.2023-cü il tarixli, OMD-023-0026-23 saylı müqavilə üzrə 311,13 manat (üç yüz on bir manat on üç qəpik) əsas borc, 3,96 manat (üç manat doxsan altı qəpik) cərimə borcu olmaqla, cəmi 315,26 manat (üç yüz on beş manat iyirmi altı qəpik) həmçinin ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli OMD-023-0026-23 saylı, nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən təhvil-təslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 714 manat (yeddi yüz on dörd manat) məbləğində olan dəyərini 12 ay (on iki) müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. xx.xx.2023-cü il tarixli, OMD-023-0026-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin xx.xx.2023-cü il tarixinə 311,13 manat (üç yüz on bir manat on üç qəpik) əsas borc, 3,96 manat (üç manat doxsan altı qəpik) cərimə borcu olmaqla, cəmi 315,26 manat (üç yüz on beş manat iyirmi altı qəpik) məbləğində borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə göndərilən bildiriş ünvana çatmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə dəyəri 477,50 manat (dörd yüz yetmiş yeddi manat əlli qəpik) olan 1 ədəd (bir) “X3”, dəyəri 94 manat olan (doxsan dörd) 1 ədəd (bir) “M.X2 Lion” və dəyəri 142,50 manat olan (yüz qırx iki manat əlli qəpik) 1 ədəd (bir) “X1 Uzun” alqı-satqısına dair OMD-023-0026-23 saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli satılmış məhsulların təhvil verilməsi haqqında aktlara əsasən mallar tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli OMD-023-0026-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun məbləği 311,13 manat (üç yüz on bir manat on üç qəpik), 3,96 manat (üç manat doxsan altı qəpik) cərimə borcu, ümumilikdə 315,26 manat (üç yüz on beş manat iyirmi altı qəpik) olmaqla, tələb edilən məbləğ 714 manat (yeddi yüz on dörd manat) borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh, borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat (otuz) məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3,96 manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, 311,13 manat (üç yüz on bir manat on üç qəpik) əsas borc, 3,96 manat (üç manat doxsan altı qəpik) cərimə borcu olmaqla, ümumilikdə 315,26 manat (üç yüz on beş manat iyirmi altı qəpik) məbləğində borc cavabdehdən müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat (otuz) dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 311,13 manat (üç yüz on bir manat on üç qəpik) əsas borc, 3,96 manat (üç manat doxsan altı qəpik) cərimə borcu olmaqla, cəmi 315,26 manat (üç yüz on beş manat iyirmi altı qəpik) pul vəsaiti və ödənilmiş 30 manat (otuz) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar