Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-102/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti və X6 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, qonşu - ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə doğru quraşdırılmış dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və qonşular arasında hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər onun qonşularıdır. Lakin onlar qonşuluq münasibətlərinə xələl gətirməklə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozurlar. Belə ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərkən torpaq sahəsi avtomobil yoluna bitişik olduğundan gələcəkdə hərəkət iştirakçılarına maneə yaratmamaq üçün öz həyətyanı torpaq sahəsindən təxminən 2 m enində məsafəni boş saxlamışdır ki, şəxsi avtomobilini rahat saxlaya bilsin və ya evinə hər hansı əşya gətirəndə onu daşımaq üçün rahat yeri olsun. Qapı qonşu olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə hazırda ona məxsus torpaq sahəsini zəbt etməklə məşğuldurlar. Belə ki, onlar qonşular arasında olan divar arakəsməni uçurdaraq öz həyətyanı sahələrinin darvazasını bilavasitə iddiaçıya məxsus torpaq sahəsinə doğru açmış və faktiki olaraq onun mülkiyətində olan torpaqdan şəxsi istifadələri üçün istifadə edirlər. Bundan başqa həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün tikinti materiallarını iddiaçının torpaq sahəsinə boşaltmış, eyni zamanda şəxsi avtomobillərini onun torpaq sahəsində saxlamaqla mülkiyyətindən sərbəst istifadə etmək hüququnu məhdudlaşdırmışlar. Dəfələrlə müraciətlər və şikayətlər etməsinə baxmayaraq cavabdehlər qanunsuz əməllərini dayandırmamış bu gün də ona məxsus torpaq sahəsi üzərində darvaza və divarlar inşa etməyə davam edirlər. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən, qonşu – İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə doğru quraşdırılmış dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin hissədə daş hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi verərək iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, qeyd edilən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir və digər payçı onun qardaşı X5r. O, bir mülkiyyətçi olaraq cavabdehlər olan qonşular ilə heç cür bacarmır. Öz həyətinə avtomobil sürə bilmir. Çünki, cavabdehlər və onun qohumları qərəzli olaraq istifadələrində olan nəqliyyat vasitələrini onun yaşadığı evi qarşısında saxlayır. Bu hal onun mülkiyyətindən rahat istifadəsinə maneə yaradır. Cavabdehlərdən 5 metr məsafədə öz qapılarının ağzında avtomobillərini saxlamaqlarını xahiş etsə də, bunu etmirlər. Evə qonaq gələn şəxslər də bilirlər ki, onlarda bu cür problem var, bu səbəbdən oraya avtomobili sürmürlər. Dəfələrlə olub ki, qonaq gələn şəxs avtomobilini qapının qarşısında saxlayıb, cavabdehin oğlu isə bilərəkdən həmin avtomobilin arxasında öz avtomobilini saxlayıb ki, həmin avtomobil çıxa bilməsin. Cavabdehlər məqsədli şəkildə bu cür hallarda gecikərək, 40-50 dəqiqəyə bayıra çıxırlar və maneəni aradan qaldırırlar. Bayıra çıxan zaman isə təhqir və dava edirlər. Həmin yerdə o da, qardaşı da, bacısı da avtomobil saxlamır. Cavabdehlər avtomobillərini öz evlərinin apısında və ya qarajında saxlamalıdırlar. Cavabdehlər darvazanı 1 metr geriyə çəksələr bütün problemlər həll edilər. Verilmiş suallara əsasən iddiaçı əlavə olaraq bildirmişdir ki, hazırda mülkiyyətində olan fərdi yaşayış evi ona vərəsəlik qaydasında keçmişdir. Mərhum atası hazırki evi cavabdehlərin atasından almışdır. Həmin vaxt cavabdehlərin darvazası mövcud olmuşdur, darvaza onlar ora köçməmişdən qabaq orada olmuşdur. O, öz evini aldıqda birinci darvaza mövcud olmuş, sonradan daxildəki ikinci darvaza qoyulmuşdur. O, mülkiyyətçi olaraq evini adına qeydiyyata aldıran zaman ikinci darvaza da var idi. Onlar 1975-ci ildən həmin ünvanda yaşayırlar. Bacısının evi sonradan tikilməmişdir, ümumi tikilinin tərkibi olmuş, ataanaları rəhmətə gedəndən sonra evdə yaşayan övladlar yola getmədiyindən hər kəs özünə qapı açmışdır. Belə ki, bacısı mülkiyyətçi kimi qeydiyyata alınmasa da, onun evinə bitişik tikilidə yaşayır. Həmçinin bildirir ki, hazırda avtomobili yoxdur, avtomobilini satmışdır. Mübahisə tək avtomobilin saxlanması ilə bağlı deyildir. Cavabdehlər qərəzli insanlardır. O, özü evinin pilləkanını götürmüşdür ki, qapısı geniş olsun və avtomobilini saxlasın, lakin cavabdehlər onun qapısına sahiblik edir və darvazalarını onun darvazası tərəfə açıb istifadəsinə mane olurlar. Hətta cavabdehlər yolu kəsərək digər qonşulara da maneə yaradırlar. Mübahisəyədək cavabdehlərin bir avtomobili var idi, onlara qapının ağzında saxlamağa icazə vermişdir. Digər Cavabdeh1 qızı avtomobil aldıqdan sonra yolun ortasında saxlamağa başlamışdır. Tələbi avtomobil saxlamaqla bağlı deyil, darvazanın yerinin dəyişdirilməsi ilə bağlıdır. Digər şəxslərin də yolu bağlanıb və 6 ailə cavabdehlərin hərəkətlərinə görə pis vəziyyətdə qalıb. Darvazanın yeri dəyişidirilərək küçə ilə boya-boy qoyulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlər istifadəsində və mülkiyyətlərində olmayan özbaşına tikililərlə yolu zəbt etməklə əlavə olaraq hasar çəkib və darvazanı ora açmaqla eyni zamanda avtomobili də birbaşa iddiaçının qapısının qarşısında saxlamaqla iddiaçının hərəkətlərinə, yəni evinə giriş-çıxışına maneəçilik törədir. İddia tələbindən biri odur ki, onların hərəkətləri qanunsuz hesab edilsin, yəni bu hərəkətlər onlara qadağan edilsin. Bundan başqa cavabdehlərdən Cavabdeh1 giriş-çıxışı Rahib Tağıyev küçəsi ünvanında digər küçəyədir. Buna baxmayaraq, o arxa küçədən istifadə edir və iddiaçının hərəkətlərinə maneə yaradır. Yerli baxış zamanı da müəyyən edildi ki, bir həyətə 2 darvaza qoyulub. Birinci darvazadan keçib sağa döndükdə Arifin evi, ikinci darvazadan keçdikdə isə Qorxmazın evinə doğru hərəkət edilir. Cavabdeh1 giriş-çıxışı digər küçəyə olduğu halda həmin yerə darvaza qoyması qanunsuzdur. Darvazanın qoyulmasına o zaman iddiaçının atası razılıq verib. Amma bu şəkildə istifadə etik qaydalara uyğun deyil. İddiaçı avtomobilini həmin ərazidə saxlayaraq həmin yerin ona məxsus olduğunu bildirir. Həmin həyətə iddiaçı avtomobil ilə daxil ola bilmir, eyni zamanda təcili yardım, yanğınsöndürmə avtomobilləri də daxil ola bilmir. Cavabdehlər qum kisələrini də yolun ortasına tökərək yolu bağlayıblar. Hazırda da qum kisələri oradadır. Darvazanın hansı ildə qoyulmasının fərqi yoxdur. Ola bilsin ki, iddiaçının atası o zaman darvazanın qoyulmasına razı olub, lakin iddiaçı hazırda buna razı deyil. Hazırda mülkiyyətçi İddiaçıdır və cavabdehlər isə ona faktiki maneə yaradır. Cavabdehlər avtomobili düzgün olmayan formada saxladığı üçün iddiaçı evinə girə bilmir. Cavabdehlər darvazanı sökərək 2 metr arxaya çəkməlidirlər və yaxud sökməsə belə avtomobilini başqa tərəfdə saxlamalıdır. İddiaçının qapısının ağzında saxlamalı deyildir. İddiaçının evinin qarşısında daş düzülmüş yer iddiaçıya məxsusdur, əvvəllər də iddiaçının pilləkanı çöldə olubdur. İddiaçı öz pilləkanını sökərək içəri keçirib ki, evinin qarşısı geniş və daha rahat olsun. İddiaçının evinin cavabdehlərə tərəf olan qapısı iddiaçının bacısının yaşadığı sahənin giriş qapısıdır. Hazırda iddiaçı dibçəkləri özü evinin qarşısına əkmişdir ki, cavabdehlərin onun həyətindən istifadəsinin qarşısını alsın. Dibçəkləri iddiaçı çıxarmasa belə, cavabdehlər avtomobil ilə öz həyətinə keçə bilər. Dibçəklərdən birini çıxarmaqla da bu mümkündür. Cavabdehlər inkar etsə də, iddiaçı avtomobilini evinin qarşısında saxlasa sol tərəf boş olduğu üçün cavabdehlər oradan həyətlərinə keçə bilərlər. Çıxarışdan və texniki pasportdan aydın şəkildə görünür ki, iddiaçının sənəd üzərində 3.5 sot həyətyanı torpaq sahəsi var və faktiki istifadəsində isə 2.45 sot olan sahədir. 0,7 və ya 0,6 sota yaxın boş qalan sahəni isə iddiaçı mənzil şəraitini yaxşılaşdırmaq üçün evini arxadan tikib və həmin sahəni geniş saxlayıb. Hazırda cavabdehlərin darvazanı o istiqamətdə quraşdırması və oradan istifadə etməsi, iddiaçının mənzil və faktiki sahiblik hüquqlarını pozur. Ona görə də hesab edir ki, həmin hərəkətlər qanunsuz hesab edilməlidir. ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən iddiaçının mülkiyyətində olan həmin ünvanda ev 65 A torpaq sahəsinə doğru quraşdırılan dəmir darvaza cavabdehlərin vəsaiti hesabına sökülməlidir. Bundan başqa bir həyətə bir metr ara məsafəsi ilə iki ədəd darvazanın qoyulmasının heç bir məntiqi açıqlaması yoxdur. Cavabdehlərə məxsus həm fərdi yaşayış evi, həm torpaq sahəsi özbaşına tikilidir və qanunsuz istifadələrində olan zəbt edilmiş torpaq sahəsidir. Zəbt olunduğu üçün isə birbaşa digər şəxslərin maraqlarına toxunur. Belə hallar qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Həm maraqlarına toxunan şəxsin, həm aidiyyəti dövlət orqanının tələbi əsasında məhkəmə tərəfindən sökülməsi qərara alına bilər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkili bildirir ki, iddiaçının atası əvvəl darvazanın qoyulmasına icazə verib, indi isə oğlu darvazanın olmasını istəmir. 2017-ci ildə iddiaçı balkonunun altını bağlamaq, küçəni isə kəsmək istəyirdi. Belə olduqda isə onun avtomobilinin həyətə girişçıxışına maneə olurdu. O buna icazə verməmiş və dövlət orqanlarına müraciət etmişdir. Dövlət orqanları isə gələrək baxış keçiriblər və icazə verməyiblər. Əslində bugünkü mübahisə bu səbəbə görədir. Onların darvazası isə oraya qoyularkən nəinki, iddiaçı anadan olmamışdı, ümumiyyətlə iddiaçının atası da qonşuluqda olan evi almamışdır. Yəni iddiaçının nə özü, nə də atası darvaza qoyularkən orada yaşamırdılar. Bundan başqa onlar yolu zəbt etməmişdir. Onlar o yolu öz hesabına genişləndirmişlər. O zaman o özü uşaq olmuşdur, bunu atası, qardaşı edib. Yol genişləndirildikdən sonra hasar qarşıya çəkilib. Bunu müvafiq icra strukturları da görüblər və biliblər ki, ora yamac olub o yamacı düzəltmiş, yolu enlətmişlər. Bundan sonra digər qonşular da onlara baxaraq yolu genişləndirmişlər. Amma hasar qarşıya çıxarkən həmin küçədə heç kimin hasarı qarşıya çıxmamışdır. Əksinə olaraq iddiaçının atası ondan əvvəl ev 65 ünvanında olan qonşuya özü icazə verdi və o hasarını qarşıya çıxardı. Sonra iddiaçının atası oranı alanda o hasar həyət hasarı idi. Texniki pasportdan görünür ki, hasarın səviyyəsi bugünkü günə nisbətən 45 santimetr arxada idi. Yəni, əslində iddiaçının atası həmin evi hasarı sökərək tikəndə 45 santimetr qarşıya çıxıb və evinin divarını gətirərək onlara məxsus hasara birləşdirmişdir. O hər zaman özünə məxsus avtomobili darvazadan içəridə həyətdə saxlamışdır. Son illər müəyyən təmir işləri ilə əlaqədar olaraq, məcbur qalıb avtomobili qapının ağzında müvəqqəti olaraq saxlamışlar. May ayında çəkilmiş şəkildən görünür ki, artıq həmin yerdə qum kisələri yoxdur. Təmir ilə əlaqədar müvəqqəti olaraq ora qum və daş tökmüşlər. Həyətdə təmir işləri getdiyi üçün və həyətdə yer olmadığı üçün materialları həyətə yığmamışlar. İddiaçının evində küçəni çəkən 3 kamera var, onun avtomobili iddiaçının qapısının ağzında olsa idi, onu çəkib göstərərdi. Elə olub ki, həftələrlə avtomobili tində saxlamış, heç küçəyə gətirməmişlər. Çünki, iddiaçı evində təmir edirdi, zibil tökülürdü, yığılırdı, avtomobillər gəlirdi. İddiaçının eyvanının altı ona aid torpaq sahəsi deyil. Buna dair iş materiallarında rayon icra hakimiyyətinin məktubu mövcuddur. Qarşıdakı evlər qardaşınındır, o evlər 1990-cı illərdə inşa edilmişdir. İddiaçının bacısının yaşadığı ev sonradan artırılıb, ümumiyyətlə iddiaçının evi 45 sm qarşıya gələrək onlara məxsus hasara birləşibdir. Çıxarışı yoxdur, lakin aidiyyəti dövlət qurumu ona 2001-ci ildə texniki pasport verib. Həmçinin qeyd edir ki, hazırda iddiaçı öz evinin qarşısında dibçəkləri elə əkmişdir ki, onun da öz evinə avtomobillə daxil olmasına maneə yaradır. İddiaçının yerə basdırdığı dibçəklər olmasa avtomobilini həyətə sala bilər. İddiaçı dibçəklər ilə onun yolunu kəsib. İddiaçının avtomobili orada olan zaman əvvəllər həyətə girə bilirdi, indi isə girə bilmir. İddiaçının məqsədi odur ki, o darvazanı götürsün, o isə balkonunun altını bağlasın və özünə hasar çəksin. İddiaçı onlardan əvvəldədir, onlar onun yolunu kəsmir. Eyni zamanda qeyd edir ki, hiayəsində olan xəstə oğlu iddiaçının hərəkətlərinə görə məcbur qalaraq bəzən avtomobili 15-20 metr aralıda tində saxlayır və oradan çəliklə piyada gəlir. Onlar avtomobili yolda saxlamamışdır, iddiaçı dibçəklər basdırdığı üçün avtomobili həyətə sala bilmirlər. İddiaçının hazırda mübahisələndirdiyi küçənin həmin hissəsi ümumi istifadədə olan yerdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı tərəfin onların evinin giriş-çıxışı ilə bağlı səsləndirdiyi fikirlər yalandır. İddiaçı oraya gəldikdə onların evi, darvazası, yolu var idi. İddiaçı sonradan gələrək həmin yeri zəbt edib və evinə sənəd düzəldib. Bu ona haqq vermir ki, əvvəldən orada yaşayan şəxsin hüquqları pozulsun. O, ümumiyyətlə son 10 ildə avtomobilini iddiaçının mübahisələndirdiyi yerdə saxlamamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsində yerləşən 65A saylı ev ½ hissədə İddiaçı mülkiyyətindədir. Çıxarışdan həmçinin müəyyən edilir ki, daşınmaz əmlakın ümumi sahəsi 686,5 kv.m təşkil edir, torpaq sahəsi 0,0257 ha olmaqla xüsusi mülkiyyətdədir. - Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş, Yasamal rayon bələdiyyəsinin 158 nömrəli xx.xx.2001-ci il tarixli məktubu və bələdiyyə sədrinin 68/11 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən tərtib edilmiş texniki pasportdan müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən həqiqi sahəsi 398,8 kv.m olan (tikinti altı 243,3 kv.m) torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “A” tikilisi-ümumi sahəsi 174,6 kv.m, yaşayış sahəsi 92,3 kv.m, köməkçi sahəsi 68,1 kv.m, bağlı keçid 14,2 kv.m olan 6 otaqdan ibarət fərdi yaşayış evi Əfəndiyev (Əfəndi) Arif Cavanşir oğlunun istifadəsindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6084 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin darvazası və hasarı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi İddiaçı maraqlarına toxunaraq hər hansı məhdudiyyətlər və ya maneə yaratmasının müəyyən edilməsi tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin iddiaçıya və cavabdehə məxsus 67 və 65A saylı fərdi yaşayış evlərinə giriş-çıxış qapılarının ayrı-ayrı istiqamətlərdən olduğunu bir-birindən aralı yerləşdiyini nəzərə alaraq mübahisəli darvazanın iddiaçının giriş-çıxışı maneə yaratmadığı müəyyən edilir. - məhkəmənin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubla müəyyən edilir ki, müraciətlə bağlı ünvanda yoxlama işləri aparılarkən məlum olmuşdur ki, X4 mülkiyyətində olan R.Tağıyev küçəsi, ev 65A ünvanında yerləşən **********074-10301 reyestr nömrəli fərdi yaşayış evi mülkə verilmiş 04/6889 nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun baş planı ilə eynilik təşkil etməklə qonşuya məxsus fərdi yaşayış evi ilə hər hansı hissədə üst-üstə düşmür. - iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, icra hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zaman müəyyən edilmişdir ki, ünvan 10 ünvanına dair X1 adına xx.xx.2001-ci il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Eyni zamanda ünvan 10 ünvanında X3 məxsus fərdi yaşayış evində bəzi dəyişikliklər edilməsinə baxmayaraq digər tikililər ölçüləri üzrə texniki pasportda öz əksini tapmışdır. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, X6 tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 11 ünvana dair verilmiş çıxarışa və texniki pasporta əsasən X6 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan 686,50 kv.m 3 mərtəbəli fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qarşısında Cavabdeh1 və Cavabdeh2 həyətyanı sahələrinə avtomobil ilə daxil olmaları üçün dəmir darvaza qoyulmuşdur. Həmçinin baxış zaman əlavə olaraq müəyyən edilmişdir ki, gələcəkdə X6 və İddiaçı xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qarşısını daş hasarla bağlayacaqları təqdirdə Cavabdeh1 və Cavabdeh2 həyətyanı sahələrinə avtomobil ilə daxil olmaları üçün qoyulmuş dəmir darvaza ciddi maneələr yaradacaqdır. - Məhkəmənin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Yasamal rayonu, Rahib Tağıyev küçəsində 65 A saylı ünvana dair verilmiş texniki pasportda qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan əlavə soröuda qeyd olunan hasar və darvazanın nə vaxtdan mövcud olmasını Google Earth görüntüsündə dəqiqləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılması məqsədəuyğundur. - Məhkəmənin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 11 fərdi yaşayış evinin inşasından əvvəl sözügedən darvaza və hasar yerində mövcud olmuşdur. Darvaza və hasarın yeni tikilmiş evə bitişik olmasının səbəbi iddiaçı evi inşa edərkən qonşunun darvazasına birləşik inşa etməsi olmuşdur. Həmin sahə avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahədir. Qeyd olunan sahə ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan sahədir (vətəndaşlar bu sahələri hasarlayaraq küçələrdə sərbəst hərəkətin qarşısını almışlar). Vahid kadastr məlumat bazasında torpaq sahəsinin üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən müəyyən edilir ki, cavabdeh onun yaşadığı evin qarşısında qum kisələr və kərpic daşlar düzmüş, eyni zamanda avtomobil park etmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəmə baxışı gedişatında təqdim edilmiş sənədlər və fotoşəkillərdən müəyyən edilir ki, iddiaçı evin qarşısında dibçəklər basdıraraq cavabdehlərə avtomobilləri ilə yaşadıqların evin həyətinə giriş-çıxışı üçün maneə yaratmışdır. Eyni zamanda əvvəllər düzülmüş qum kisələr və kərpic daşlar aradan qaldırılmışdır. - Tərəflərin məhkəməyə sübut olaraq təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, 2017-ci ildən etibarən onların qonşu olaraq tikiniti işlərinin aparılması və digər maneələrin yaradılması ilə bağlı müvafiq orqanlara müraciətləri olmuşdur. Qeyd olunan müraciətlərlə bağlı aidiyyəti qurumlarda müvafiq araşdırmalar aparılmışdır. Göründüyü kimi tərəflər arasında illlərlə qarşılıq olaraq bu tik mübahisələr yaranmışdır. Eləcə də mübahisə ilə bağlı Yasamal rayon İcra hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, tərəflərin iştirakı ilə təkrarən ünvana baxış keçirilmişdir. Hər iki tərəf dinlənilmiş, sənədlərə baxılmış və müvafiq araşdırma aparılmışdır. Qonşular arasında münaqişənin yaranmasının əsas səbəbi ondan ibarətdir ki, məhəllədə uzun illər qabaq və keçən dövr ərzində sakinlər tərəfindən özbaşına olaraq, öz ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə əlavə tikinti işləri aparılmış, heç bir şəhərsalma və tikinti normaları gözlənilmədən formalaşmış küçə hazırda hərəkət hissəsinin daralması səbəbindən sakinlərin şəxsi avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti və parklanması üçün problemlər yaranmışdır. Cavabdehlərə məxsus evə aid xx.xx.2001-ci il tarixli texniki pasporta əsasən həyətə giriş qapısı (darvaza) birbaşa küçə tərəf deyil qonşu həyətin qarşısına açılır. Əvvəllər bu hal normal hesab edilsə də, hazırda qonşunun narazılığına səbəb olmuşdur. Həmçinin məktubda qeyd edilmişdir ki, qonşu həyətin paylı mülkiyyətçiləri Nağıyev İlham və İddiaçı məxsus evin qarşısı (eyvanın altı) sənədlə onlara adi olmadığı üçün orada hər hansı tikinti işlərinin aparılması mümkün deyil. Bunu nəzərə almaqla xx.xx.2023-cü il tarixli akt əsasən düzgün tərtib edilmişdir. Görüş zamanı İddiaçı verdiyi məlumata görə əvvəllər həmin yerdə ikinci mərtəbəyə çıxış üçün pilləkən olmuşdur, lakin sonradan pilləkən sökülmüşdür. Onların evinin qarşısında cavabdeh tərəfindən fərdi avtomobilin saxlanılması (darvazanın qarşısında) qonşunun şikayətinin yaranmasına səbəb olmuş və nəticə etibarı ilə məhkəmə mübahisələndirilməsinə gətirib çıxarmışdır. -İş üzrə məhkəmə tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində 67 və 65 A saylı evlər əsas küçədən daxil olduqda çıxışı olmayan dalanda yerləşir. 65 A saylı evin həyətyanı sahəsi yoxdur və evə giriş qapıları birbaşa küçəyə açılır. 65 A-saylı giriş qapılarından irəliyə doğru hərəkət edərkən 65 A saylı evin divarına bitişik 67 saylı ev yerləşir. 65 A saylı evin divarı 67 saylı evin darvazasına və divarına perpendikulyar şəkildə birləşməklə darvaza ilə divarın birləşməsi 90 dərəcə bucaq əmələ gətirir. Ensiz küçə ilə dalanın sonuna doğru hərəkət edərkən 65 A saylı evin divarı bitdikdən sonra 67 saylı evin darvazası və daşla hörülmüş hasarı küçəyə doğru 2-3 metr enində çıxıntı yaradır və dalanın sonuna qədər darvaza başlayan nöqtədən etibarən küçə ensizləşir. Göstərilənlərlə yanaşı, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cavabdehləri tanıyır, hər hansı düşmənçilik və ədavəti yoxdur, cavabdehlərlə aralarında mübahisə olub. O da mübahisə olan küçədə dalanda yerləşən sonuncu evdə yaşayır. Yaşadığı evin mülkiyyətçisidir. Həmin yer onun ata yurdudur. İddiaçının əvvəl evinin qarşısında pilləkanı var idi, pilləkanını sökdü ki, yeri biraz geniş olsun. Cavabdeh2lə İddiaçı yola getmirlər. Qorxmaz Aydının qapısının ağzında avtomobilini saxlayır. İddiaçı evinə girib-çıxa bilmir. Həmçinin Cavabdeh2 avtomobilini yolun ortasında saxlayır, onlar da girib-çıxa bilmir, uşaq velosiped sürərkən keçə bilmir. Cavabdeh evini təmir edən zaman tikinti materiallarını həyətinə yığmaq imkanı olduğu halda, küçəyə yığıb. Bir söz deyildikdə isə bunun müvəqqəti olduğunu bildirirlər. Cavabdehlərin küçəyə açılan üzərində 67 nömrə yazılan darvazası çox əvvəldən mövcuddur. Hətta o uşaq olarkən həmin darvaza var idi. Əvvəl bir-birini normal ötüşdürürdülər, hazırda alınmır. O, avtomobil ilə gələn zaman yol verilirdi. Son zamanlar nə səbəbdən oldusa problemlər oldu. Məsələn sentyabr ayının 22-də onlara qum gətirmişdilər. Qardaşı qum gətirən avtomobilə yol verilməsi üçün Cavabdeh2 qapısını döyməyə başladı. Çünki onun avtomobili yolu kəsmişdi. Qorxmaz qapını açdıqdan sonra avtomobilini götürməyəcəyini bildirib. Onlar məcbur qalaraq polisə zəng etmişlər. Sahə müvəkkili gəldikdən sonra avtomobili götürdülər. Cavabdehlərin avtomobil saxlamağına görə onun evinin qarşısına təcili tibbi yardım, taksi avtomobilləri gələ bilmir. Darvaza yan tərəfə qoyulsa belə, yenə də onun yolu kəsiləcək. Darvaza orada olmasa cavabdeh avtomobili küçədə saxlamayıb tində saxlasa problem həll oluna bilər. Əsas problem avtomobilin saxlanmasıdır. O, anadan olandan və özünü dərk edən zamandan bəri həmin darvazanı və darvazanın birləşdiyi hasarı orada görmüşdür. Cavabdehlərin darvazası orada çox əvvəldən var. Darvaza iddiaçı ora köçməzdən əvvəl mövcud olub. İddiaçı onlardan sonra həmin ünvana köçmüşdür. Hasar sökülərək 2-3 metr geriyə, yəni Aydının evinin tini ilə tikilsə, bütün problem aradan qalxar, lakin cavabdehlərin həyətyanı sahəsi balacalaşacaq, avtomobili isə rahat saxlaya bilər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 12 ünvanında yaşayır. İddiaçı və cavabdehlərlə eyni küçədə qonşudur. Tərəfləri tanıyır, hər hansı düşmənçilik və ədavəti yoxdur, Cavabdeh2 ilə arasında yol ilə bağlı mübahisəsi olmuşdur. O, mübahisə olan küçədə dalanda yerləşən sonuncu evdə yaşayır, digər Şahid2 qardaşıdır. Həmin həyətdə 4 ev var. Mübahisə ilə bağlı bildirir ki, cavabdeh avtomobili yolun ortasında saxlayır. Cavabdehlərin küçəyə açılan üzərində 67 nömrə yazılan darvazası əvvəldən mövcuddur. Əvvəllər hazırki mübahisə ilə bağlı problem yaranmırdı. Cavabdeh əvvəl avtomobili öz həyətində saxlayırdı, yol boş olurdu və o rahat girib-çıxırdı. Cavabdehin avtomobili həyətində olarsa, onunla ədavət aparmaz. Əsas problem cavabdehin avtomobilini orada saxlamasıdır. Cavabdeh avtomobilini orada saxlayaraq gediş-gəlişə maneə yaradır, qapını döyüb avtomobili çəkməsini istədikdə isə müxtəlif bəhanələr gətirir. Onlara gələn yük avtomobilini 5 saat gözlətdikdən sonra polis gücü ilə cavabdehin avtomobilini götüzdürərək, yük avtomobilini həyətə sala bilmişdir. Əsas mübahisə cavabdehin avtomobilini qapıda saxlamasıdır. Cavabdeh bununla gediş-gəlişə maneə olur. Cavabdeh avtomobilini həyətə saldıqdan və yol açıq olandan sonra mübahisə yaranmaz. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş halları odur ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 65A və 67 saylı fərdi yaşayış evləri qonşu olmaqla, 67 saylı evin darvazası 65A saylı evin qarşısına və həmin evin küçəyə açılan qapısına perpendikuliyar şəkildə açılır. 65A saylı evin qarşısında 67 saylı evin darvazasının eni qədər dərinlikdə küçənin enindən genişlənərək boş sahə yaranır. İddiaçı, yəni 65A saylı fərdi yaşayış evinin mülkiyyətçisi evinin qarşısında yaranan həmin boş sahənin onun mülkiyyətində olan torpaq sahəsindən 2 metr şəxsi istifadəsi məqsədilə və qəsdən yaradıldığını bildirərək, həmin torpaq sahəsinin ona aid olduğunu və cavabdehlərin həmin hissədən qanunsuz istifadə etdiyini, eyni zamanda cavabdehlərə məxsus torpaq sahəsindən həmin hissəyə açılan darvazanın onun mülkiyyətində olan əmlakdan istifadəsinə maneələr yaratdığını bildirir. Cavabdehlər isə mübahisəli sahənin iddiaçının mülkiyyətində olmadığını, hazırkı tələblə bağlı subyektiv hüququnun olmamasını, qeyd olunan mübahisəli sahənin ümumi istifadədə olan sahə olduğunu iddia edərək cavabdehlərin hüquqlarının pozulmadığını bildirir. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbini qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı, tərəflərin özlərinin izahatları, şahid ifadələri, eləcə də müəyyən edilmişdir ki, tərəflər arasında əsas mübahisə cavabdehlərin və onların ailə üvzlərinin onlara məxsus nəqliyyat vasitələrini iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısına park etməsi, bunun nəticəsində iddiaçının və digər qonşuların yaşadıqları evə giriş-çıxışı üçün manələrin yaradılmasıdır. Həmçinin tərəflərin aidiyyəti orqanlara müraciətlərinin məzmunu, icra hakimiyyətinin cavab məktubları ilə qeyd olunan hal öz təsdiqini tapır. Göründüyü kimi, cavabdehlərin onlara məxsus avtomobili iddiaçının yaşadığı evin qarşısında saxlaması iddiaçının hüquqlarını pozmaqla ona paylı mülkiyyətində olan fərdi yaşayış evinə sərbəst şəkildə giriş-çıxışına maneə yaradır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və cavabdehlərin bu hərəkətləri qanunsuz hesab edilməlidir. Cavabdehlər bununla bağlı iddiaçıya maneə olacaq şəkildə avtomobillərini saxlamadıqlarını bildirsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və şahid ifadələrindən müəyyən edilir ki, cavabdehlər küçənin ümumi istifadədə olan hissəsində sahədə, o cümlədən iddiaçıya məxsus evin bilavasitə qarşısında avtomobillərini qonşuların, o cümlədən iddiaçının maraqlarına toxunmaqla saxlayır və bu da iddiaçıya maneə yaradır. Odur ki, cavabdehin iddiaçının hazırkı tələbi verməkdə subyektiv hüququnun olmaması ilə bağlı iddiası ilə məhkəmə razılaşmır və hesab edir ki, rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdehlərin tikinti materiallarını iddiaçının evinin qarşısından aradan qaldırması müəyyən edilmişdir. Ona görə də məhkəmə qeyd olunan maneə ilə bağlı məhkəmə mübahisə mövcud olmadığından hüquqi qiymət vermir. Məhkəmə həmçinin hesab edir ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən, qonşu – İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə doğru quraşdırılmış dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin hissədə daş hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən onun mülkiyyətində olan 65A saylı fərdi yaşayış evinin qarşısında doğru açılan darvazanın qanunsuz tikili olmaqla onun mülkiyyət hüquqlarını pozduğunu bildirsə də, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı orada həmin fərdi yaşayış evini inşa edərkən cavabdehlərə məxsus hasar və darvaza oarad mövcud olmuş, hətta iddiaçı ilə cavabdehlərə məxsus torpaq sahələri arasında olan avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahəni də əhatə edərək cavabdehlərə məxsus hasara bitişik şəkildə evi inşa etmişdir. Bununla yanaşı iddiaçının öz mülkiyyətində olduğunu qeyd etdiyi, evinin qarşısında küçənin enlənmiş hissəsinin onun mülkiyyətində olması öz təsdiqini tapmır. Bu halda sonradan inşa edilmiş yaşayış evinə cavabdehlərin əvvəldən mövcud olan daravazasının maneə yaratması ağlabatan deyildir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6084 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçıya və cavabdehə məxsus 67 və 65A saylı fərdi yaşayış evlərinə giriş-çıxış qapılarının ayrı-ayrı istiqamətlərdən olduğunu bir-birindən aralı yerləşdiyindən mübahisəli darvaza iddiaçının giriş-çıxışı maneə yaratmır. Bundan başqa, Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubla müəyyən edilir ki, X4 mülkiyyətində olan R.Tağıyev küçəsi, ev 65A ünvanında yerləşən **********074-10301 reyestr nömrəli fərdi yaşayış evi mülkə verilmiş 04/6889 nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun baş planı ilə eynilik təşkil etməklə qonşuya məxsus fərdi yaşayış evi ilə hər hansı hissədə üst-üstə düşmür. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan isə müəyyən edilir ki, gələcəkdə X6 və İddiaçı paylı xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qarşısını daş hasarla bağlayacaqları təqdirdə Cavabdeh1 və Cavabdeh2 həyətyanı sahələrinə avtomobil ilə daxil olmaları üçün qoyulmuş dəmir darvaza ciddi maneələr yaradacaqdır. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı isə məhkəmənin daxili inamı və müşahidələrinə əsasən gəldiyi qənaətə görə, cavabdehlərə məxsus Rahib Tağıyev küçəsində 67 ünvanında yerləşən darvaza sökülüb yan tərəfə keçiriləcəyi təqdirdə, həm cavabdehlərin girişdən istifadəsi mümkünsüz hala gəlir, həm də digər qonşuların yaşadıqları evdən istifadəsinə ciddi maneə yaradacaqdır. Eləcə də məhkəmənin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna, tərəflərin izahatları, şahidlərin ifadələrinə əsasən təsdiq edilir ki, iddiaçıya məxsus ünvan 11 fərdi yaşayış evinin inşasından əvvəl cavabdehlərə məxsus sözügedən darvaza və hasar yerində mövcud olmuşdur. Darvaza və hasarın yeni tikilmiş evə bitişik olmasının səbəbi iddiaçı evi inşa edərkən qonşunun darvazasına birləşik inşa etməsi olmuşdur. Həmin sahə avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahədir və qeyd olunan sahə ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan sahədir. Göründüyü kimi iddiaçı fərdi yaşayış evini mülkiyyətinə keçirərkən darvaza və hasar mövcud olmuş, illər ərzində mövcud vəziyyəti qəbul etmiş və qeyd olunan şərtlər daxilində evi mülkiyyətinə keçirmişdir. Məhkəmə həm iddiaçı, həm də cavabdeh tərəfindən sübut olaraq mütəxəssis rəylərinə münasibətdə qeyd edir ki, həmin rəylər işin müəyyən edilmiş faktiki hallarına uyğun olmadığından, kifayət qədər mötəbər sübutlarla əsaslandırılmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri qanunsuz hesab edilməli, ünvan 5 ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının qarşısında İddiaçı maneə yaradacaq şəkildə nəqliyyat vasitəsinin saxlanılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qismən təmin edildiyindən, keçirilmiş xx.xx.2023-cü il tarixli tikinti-texniki ekspertizasının xərci olan 50 manatın ½ hissəsi olan 25 (iyirmi beş) manat İddiaçı və ½ hissəsi olan 25 (iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri qanunsuz hesab edilsin. ünvan 5 ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının qarşısında İddiaçı maneə yaradacaq şəkildə nəqliyyat vasitəsinin saxlanılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manatın ½ hissəsi olan 25 (iyirmi beş) manat İddiaçı və ½ hissəsi olan 25 (iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-102/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-102/2023
02.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver