Məhkəmə qərarları › İş №e-2(004)-1031/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1031/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1031/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə X3 arasında xx.xx.2024-cü il tarixli, 03514732 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “Fritoz Tefal” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 601,20 manat, qaytarılma müddəti 18 ay, aylıq ödəniş 33,40 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

5. "xxxx" MMC ilə X3 arasında xx.xx.2024-cü il tarixli, 10717113 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “X7” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

7. Müqaviləyə əlavə olan ödəniş cədvəlingən görünür ki, əşyanın qiyməti 55,98 manat, qaytarılma müddəti 6 ay, aylıq ödəniş 9,33 manat müəyyənləşdirilmişdir.

8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

9. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04665508 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “X4 X8, Blender Braun” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. Müqaviləyə əlavə olan ödəniş cədvəlingən görünür ki, əşyanın qiyməti 669,06 manat, qaytarılma müddəti 18 ay, aylıq ödəniş 37,17 manat müəyyənləşdirilmişdir.

12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

13. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 601,20 manat, ilkin ödəniş olmamaqla aylıq 33,40 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 55,98 manat, ilkin ödəniş olmamaqla aylıq 9,33 manat ödəmək şərti ilə 6 aylıq ödəniş müddəti və xx.xx.2023-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 669,06 manat, ilkin ödəniş olmamaqla aylıq 37,17 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda hər üç müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 753,80 manat, cərimə 226,14 manat məbləğdədir.

14. xx.xx.2024-cü il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

15. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Fritoz Tefal” üçün 439,7 manat ödənilməmiş hissə, 131,91 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “X5 X8, Blender Braun” üçün 283,10 manat ödənilməmiş hissə, 84,93 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X7” üçün 31 manat ödənilməmiş hissə, 9,3 manat cərimə olmaqla, ümumilikdə 979,94 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh “Fritoz Tefal”, “X5 X8, Blender Braun”, “X7” almış və nəticədə 979,94 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 439,7 manat ödənilməmiş hissə, 131,91 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 283,10 manat ödənilməmiş hissə, 84,93 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 31 manat ödənilməmiş hissə, 9,3 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 572,44 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

b) iddiaya etiraz

17. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

22. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

23. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh “Fritoz Tefal” almış, əşyanın qiyməti 601,20 manat, aylıq ödəniş 33,40 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh “X7” almış, əşyanın qiyməti 55,98 manat, aylıq ödəniş 9,33 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh “X4 X8, Blender Braun” almış, əşyanın qiyməti 669,06 manat, aylıq ödəniş 37,17 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

24. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 753,80 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

25. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 131,90 manat, 84,93 manat və 9,30 manat cərimə borcları hesablanmışdır.

26. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

27. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

28. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

29. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

30. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 131,90 manat dəbbə pulunun məbləğinin azaldılaraq 100 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 9,30 manat dəbbə pulunun məbləğinin azaldılaraq 5 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə hesablanmış 84,93 manat dəbbə pulunun məbləğinin azaldılaraq 50 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

31. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 439,7 manat ödənilməmiş hissə, 100 manat manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 31 manat ödənilməmiş hissə, 5 manat manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 283,10 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, ümumilikdə 908,80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 938,80 manat pul X1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar