Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-106/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil - Tikinti Kooperativinə ödənilmiş məbləğdən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 14 066 manat pul məbləğinin, həmçinin məhkəmədə işin baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil – Tikinti Kooperativi (bundan sonra - Cavabdeh), ipoteka saxlayan "xxxx" ASC və iddiaçı arasında imzalanmış 10 oktyabr 2019-cu il tarixli 128-19/1 nömrəli ilkin bazardan mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M17, m.3 ünvanında yerləşən, ümumi sahəsi 76.13 kvm kimi qeyd olunan 2 otaqlı mənzili 104 679 manat müqabilində iddiaçının mülkiyyətinə verilməsi barədə razılıq əldə edilmişdir. Qeyd olunan mənzil sahəsi 21 dekabr 2019-cu il tarixli təhvil aktına əsasən iddiaçıya təqdim edilmişdir. İddiaçı mənzil sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci tarixli, **********31-05301-093144 reyestr, ********** qeydiyyat nömrəli çıxarış alınarkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 60.7 kvm-dir. Mənzil sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən mənzilin ümumi sahəsi aşağıdakı qaydada müəyyən edilmişdir: Dəhliz – 7.6 kvm, Yaşayış otağı – 20.2 kvm, Balkon – Əmsalsız 4.9 kvm, 0.3 əmsalla 1.5 kvm, Mətbəx – 12.7 kvm, Lociya – Əmsalsız 3.7 kvm, 0.5 əmsalla 1.9 kvm, Yaşayış otağı – 12.3 kvm, Sanitar qovşağı – 4.5 kvm. 5. Beləliklə, mənzilin sahəsi əmsallar tətbiq edilmədən hesablandıqda texniki pasporta olan sahələrin cəmi 7.6+20.2+4.9+12.7+3.7+12.3+ +4.5=65.9 kvm təşkil edir. Cavabdeh tərəfindən faktiki olaraq müqavilə üzrə öhdəliklər düzgün icra edilməmiş, müqavilənin 1.2.2-ci yarımbəndinə zidd olaraq ümumi sahəsi 76.13 kvm olan mənzil sahəsi deyil, ümumi sahəsi 65.9 kvm olan mənzil sahəsi təqdim edilmişdir. Bu isə o deməkdir ki, müqavilədə qeyd olunan sahə ilə faktiki təqdim edilmiş sahə arasında 76.13- 65.9=10.23 kvm fərq mövcuddur. Nəzərə alınsa ki, mənzilin ümumi dəyəri müqavilənin 1.4-cü bəndinə əsasən 104 679 manat təşkil etmişdir, bu halda müqavilə üzrə mənzilin 1 kv m-nin dəyəri 104 679 / 76.13 = 1375 manat təşkil edir. Bu halda həmin fərqin dəyərini təşkil edən 10.23 x 1375 = 14 066 manat məbləğ cavabdeh tərəfindən geri ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Cavabdeh MTK, "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 128-19/İ nömrəli ilkin bazardan mənzilin alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti.48, M.17, m.3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən “18" fevral 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093144 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili (bundan sonra - mənzil) Alıcı-İpoteka qoyan İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzil haqqında aşağıdakı məlumatlar mövcuddur: 1.2.1. mənzilin nömrəsi: 3; 1.2.2.ümumi sahə (kvadratmetrlə): 76.13; 1.2.3. yaşayış sahəsi (kvadratmetrlə): 37.32; 1.2.4. otaqların sayı: 2; 1.2.5. yerləşdiyi binanın mərtəbəliliyi: 20; 1.2.6. yerləşdiyi binanın girişi:6. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 104 679 manatdır, mənzilin dəyərinin 20 979 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 83 700 manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan "xxxx" ASC və Alıcı-İpoteka qoyan arasında Bakı şəhərində bağlanmış "09" oktyabr 2019-cu il tarixli 128-19/i nömrəli Kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən Kreditor-ipoteka saxlayan tərəfindən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir:1.6.1.Kreditin məbləği 83700 manat; 1.6.2.Kreditin qaytarılma tarixi - 360 (üç yüz altmış) ay müddətinə "05" oktyabr 2049-cu il tarixinədək: Müqavilənin 1.8-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhərində "03" oktyabr 2019-cu İİ tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, mənzil 104 680 manat dəyərində qiymətləndirilir. Alıcı-İpoteka qoyan və Kreditor-İpoteka saxlayan ipoteka predmetinin 104 680 manat dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. İş materiallarında olan “Mənzil açarının təqdim edilməsi barədə” 21 dekabr 2019-cu il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəllədə inşa edilmiş “Xətai Park" yaşayış kompleksində F(48) saylı binanın, 17-ci mərtəbə. 2 otaqlı, 3 saylı mənzili istifadəsinə və sahibliyə qəbul etməsi üçün vətəndaş İddiaçı qeyd olunan mənzilin 8 sayda eyni nüsxədə giriş açarları “Sosial Mənzil' MTK-nın satış departamentinin müdiri X2 tərəfindən təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, mənzil 3 (Yeni qaydalarla: AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, m17, m3) ünvanında yerləşən ümumi sahəsi 60.70 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş **********31-05301-093144 reyestr nömrəli texniki pasporta əsasən, Bakı şəhəri, Xətai rayоnu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, mənzil 3 (Yeni qaydalarla: AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, m17, m3) ünvanında yerləşən mənzilin ümumi sahəsi 60.7 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5016 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 nömrəli (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 48, M17, m3) mənzilin ümumi sahəsinin 60,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, M17, m.3 ünvanında yerləşən mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M17, m.3 ünvanında yerləşən mənzilin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla sahəsinin 76,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M17, m.3 ünvanında yerləşən mənzilin faktiki sahəsi (65,9 kv.metr) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (76,1 kv.metr) arasında 10,2 kv.metr fərq olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, ilkin bazardan mənzilin alqısatqı və ipoteka müqaviləsində mənzilin ümumi sahəsi 76.13 kv.m, iddiaçıya verilmiş çıxarışda isə 60.70 kv.m göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M17, m3 ünvanında yerləşən mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 65,9 kv.m təşkil etdiyi və mənzilin faktiki sahəsi (65,9 kv.m) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (76,13 kv.m) arasında 10.23 kv.m fərq olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ilkin bazardan mənzilin alqısatqı və ipoteka müqaviləsində mənzilin ümumi sahəsi 76.13 kv.m göstərildiyi halda, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tədbiq edilmədən 65.9 kv.m təşkil etdiyi müəyyən edildiyindən, iddiaçı tərəfindən mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyyən olunmuş ölçü arasında fərqə uyğun olaraq artıq ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. Belə ki, müqaviləyə əsasən mənzilin ümumi sahəsi 76.13 kv.m, satış qiyməti 104679 manat müəyyən olunduğu üçün, 1 kv.m-in qiyməti (104679/76.13) 1375 manat təşkil edir. Göründüyü kimi İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə mənzilin müqavilə ilə müəyyən edilmiş 76.13 kv.m ümumi sahəsi ilə mənzilin ümumi sahəsi 65.9 kv.m arasında olan 10.23 kv.m fərq üçün 14 066 manat (10,23 kv.m x 1375 manat) məbləğində artıq pul ödəmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M17, m3 ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 14066 manat məbləğində pul Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M17, m3 ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 14066 (on dörd min altmış altı) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh Mənzil- Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-106/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-106/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver