Məhkəmə qərarları › İş №e-2(004)-1103/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1103/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1103/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 11227347 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı **********58733 İmei kodlu “Oppo A18” markalı telefonu alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda ABC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

4. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 357,50 manat, qaytarılma müddəti 6 ay, aylıq ödəniş 57 manat müəyyənləşdirilmişdir.

5. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

6. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 357,50 manat, 15,60 manat ilkin ödəniş etməklə aylıq 57 manat ödəmək şərti ilə 6 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 341,60 manat, cərimə 102,48 manat məbləğdədir.

7. xx.xx.2024-cü il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən **********58733 İmei kodlu “Oppo A18” markalı telefon 341,60 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 102,48 manat cərimə olmaqla, ümumilikdə, 467,68 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, **********58733 İmei kodlu “Oppo A18” markalı telefon almış və nəticədə 467,68 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 357,50 manat olan **********58733 İmei kodlu “Oppo A18” markalı telefon üçün ümumilikdə 341,60 manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23,60 manat rüsum, 102,48 manat cərimə olmaqla, ümumilikdə, 467,68 manat cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

b) iddiaya etiraz

10. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

15. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

16. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh **********58733 İmei kodlu “Oppo A18” markalı telefonu almış, əşyanın qiyməti 357,50 manat, aylıq ödəniş 57 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.

17. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 341,60 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

18. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 102,48 manat cərimə borcu hesablanmışdır.

19. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

20. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

21. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 102,48 manat dəbbə pulunun məbləğinin azaldılaraq 50 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

22. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.

23. Belə ki, müqavilə şərti olaraq iddiaçının belə bir hüququ təsbit edilsə də, hazırda iddiaçı tərəfindən bu hüquqdan istifadə edilməklə sözügedən rüsumun ödənildiyini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

24. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 341,60 manat əsas borc, 50 manat manat cərimə və və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 421,60 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar