Məhkəmə qərarları › İş №e-2(004)-1154/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1154/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1154/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus bir baş iribuynuzlu inəyin dəyəri olan 2800 (iki min səkkiz yüz manat) məbləğində pul vəsaitinin sığorta ödənişini üzrə cavabdeh təşkilat "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Bərdə şəhərindən, Bərdə rayon Nazırlı kənd istiqamətinə hərəkət edən Mercedes-Benz E 220 CDİ minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 yüksək sürətlə yolda hərəkət edərkən, başqa avtomobili ötmək istəyərkən istiqamətini dəyişib ona tərəf gələrək, yanında olan ona məxsus bir baş inəyini vuraraq tələf etmişdir. Ona məxsus bir baş inək 7 aylıq boğaz olmuş, qiyməti isə 2800 manat olmuşdur. Hadisə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırılmış qərar qəbul edilmiş, qərar üzrə Mercedes- Benz E 220 CDİ minik markalı **-RS-*** dövlət nişanlı avtomobilin sürücüsü X3Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 338.5.5-ci maddələri ilə tədbir görülməsi üçün Bərdə rayon polis şöbəsinin DYPB-nə verilmişdir. O, rəsmi olaraq ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən araşdırma aparılmış, müəyyən edilmişdir ki, həqiqətən də sığorta şirkətində sığortalı olan Mercedes-Benz E 220 CDİ minik markalı **-RS-*** dövlət nişanlı avtomobil yol nəqliyyat hadisəsi törədibdir. Bundan sonra "xxxx" ASC-də ona xx.xx.2022-ci il tarixli xx/xx-2201 saylı məktub ünvanlanaraq təqsirin dərəcəsinə mütənasib olaraq 600 ( altı yüz) manat məbləğində sığorta hesablanmışdır. Ancaq o, 600 (altı yüz) manat məbləğ ilə razı deyil. Çünki inəyinin dəyəri 2800 manat məbləğindədir. Ona görə də, cavabdeh "xxxx" ASC ona tam məbləğdə sığorta ödənişini ödəməlidir. Yuxarıda qeyd etdikləri əsaslarla hesab edir ki, "xxxx" ASC-nin ona məxsus bir baş irinbuynuzlu inəyin dəyəri olan 2800 (ikimin səkkiz yüz manat) məbləğində sığorta haqqı ödəməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə etiraz ərizəsilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, zərər məbləğini təşkil edən 2800 manat "xxxx" ASC tərəfindən ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC iddiaçının bu tələbini əsassız hesab edir. Belə ki, sığortalının iddiaçıya zərər vurmaqla onun qarşısında mülki vəzifəsinin (zərərin əvəzinin ödənilməsi vəzifəsinin) yaranması fakt kimi 14.2.6-cı maddədən irəli gəlsə də, bu zərərin hansı həcmdə ödənilməsi məsələsi Mülki Məcəllənin “zərərin əvəzinin ödənilməsi” adlanan 21-ci maddənin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Belə olan halda sığorta ödənişi qanunvericiliyin tələbi nəzərə alınmaqla, təqsirin dərəcəsinə mütənasib olaraq 600 manat məbləğində ödənilməlidir. Həmin sığorta ödənişini də İddiaçı "xxxx" ASC-dən götürə bilər. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh X7 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X4 qarşı “vurulmuş ziyan ” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk iddia qismən təmin olunaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 3255 (üç min iki yüz əlli beş) manat məbləğində pul tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ödənilməsi, ilk iddia qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia tələbi qismən təmin olunaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 1200 (bir min iki yüz) manat tutularaq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmaması, ilk iddia və qarşılıqlı iddia üzrə vurulmuş ziyanlar əvəzləşdirilərək cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 2055 (iki min əlli beş) manat tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid olunması, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, inəyə dəymiş zərər 1200 manat olaraq qiymətləndirilsə də sığorta ödənişi qanunvericiliyin tələbi nəzərə alınmaqla, təqsirin dərəcəsinə mütənasib olaraq 600 manat məbləğində hesablanmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 593 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayon Kürdboran kəndində qeydiyyatdadır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2 (1040-1305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2 (021)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk və qarşılıqlı iddia tələblərinin təmin edilmiş hissələrində ləğv edilmiş, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə həm ilk, həm də qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı X9 xx.xx.2020-ci il tarixli qərarı ilə HK-1/2614 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2 və 338.5.5-ci maddələri ilə və X3 barəsində isə Azərbaycan Respublikası İXM-nin 327.1 və 328.2-ci maddələri ilə tədbir görülməsi üçün Bərdə Rayon Polis Şöbəsinin DYPB-yə göndərilməsi qərara alınmışdır İşin müəyyən edilmiş halları odur ki, X6 "xxxx" ASC-də sığortalı olan Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020ci il tarixdə Bərdə rayon Şatırlı kəndi ərazisində İddiaçı məxsus bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində İddiaçı məxsus bir baş inək tələf olmuşdur. Daha sonra iddiaçı X3 cavabdeh X7 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X4 qarşı “vurulmuş ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 2(021)-421/2021 saylı mülki iş üzrə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Bərdə şəhər X17 tərəfindən verilmiş Rəydə bir baş yerli cins inəyin çəkisi nəzərə alınmaqla orta bazar qiyməti 1200 manat dəyərində qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər 1200 manat dəyərində müəyyənləşdirilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı ona məxsus inəyə 2800 manat məbləğində ziyan dəydiyini bildirsə də, buna dair hər hansı mötəbər sübutunu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.1 və 1097.3). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyinisübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 1200 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1200 (bir min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar