Məhkəmə qərarları › İş №e-2(004)-1226/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1226/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1226/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 003-DFM-1024- 23 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd 1308 manat dəyərində “Beko 26526” adlı paltaryuyan, 1 ədəd 1427 manat dəyərində “Shivaki 55 Led smart”adlı televizor, 1 ədəd 2900 manat dəyərində Boyalı m/m 6m adlı mal, 1 ədəd 705 manat dəyərində Minsk dəhliz adlı mal, 1 ədəd 1184 manat dəyərində Samsung Ankost NV68R5340RB adlı soba, 1 ədəd 202 manat dəyərində Bergamo 3553 adlı qazanlı mikser, 1 ədəd 120 manat dəyərində Quicks 4995 adlı toster və 1 ədəd 108 manat dəyərində Tava dəsti 2230 adlı mal olmaqla, ümumilikdə 7954 manat dəyərində müqavilənin predmeti olan əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyaların ümumilikdə qiyməti 7954 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 662 manat müəyyənləşdirilmişdir.

3. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşyalar alıcı tərəfindən təhvil alnmışdır.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli 003-DFM-1024-23 nömrəli müqavilə üzrə 4845,84 manat əsas, 2067,55 manat cərimə borcu vardır.

5. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 003-DFM-0042- 24 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd 1825 manat dəyərində Elit adlı yataq dəsti, 6 ədəd ümumi dəyəri 516 manat olan Neon adlı stullar, 1 ədəd 157 manat dəyərində Monika adlı masa olmaqla, ümumilikdə 2498 manat dəyərində müqavilənin predmeti olan əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyaların ümumilikdə qiyməti 2498 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 208 manat müəyyənləşdirilmişdir.

7. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşyalar alıcı tərəfindən təhvil alnmışdır.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 003-DFM-0042-24 nömrəli müqavilə üzrə 1836,62 manat əsas, 500,91 manat cərimə borcu vardır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6682,46 manat əsas, 2569,54 manat dəbbə pulu və 112,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 9364,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən əsasən iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi, cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə iddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. Cavabdeh malları təhvil-təslim aktları əsasında tam həcmdə, komplekt, yeni, istifadə yararlı, müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və müqavilələrin 8.3-cü yarımbəndində müəyyən olunan 14 təqvim günü ərzində malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Alıcı tərəfindən iki müqavilə üzrə vaxtı çatmış öhdəlik yeddi ardıcıl dəfə icra edilməmişdir.

b) iddiaya etiraz

11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdehlə aralarında iki müqavilə imzalanmışdır. İlk dövrlərdə cavabdeh ödənişləri həyata keçirsə də, son 7 ay ərzində ödəniş həyata keçirilməmişdir. Bu barədə cavabdehə bildiriş göndərilmişdir. Hazırda hər iki müqavilə üzrə toplanmış borc, əlavə faiz və dəbbə pulu olmaqla cəmi 9364,52 manat təşkil edir. Həmin borcun cavabdehdən tutulmasını xahiş edir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, həmçinin şirkət tərəfindən malların qiyməti dəyərindən 50%-dən artıq şişirdilmişdir. Hər ay ödənişlər edilsə də, faiz borclarının artıq olması səbəbi ilə borcda azalma olmamışdır. İddianı qəbul etmir və təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

18. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır. Cavabdeh tərəfin iddiaçının əşyaların dəyərini şişirdərək satması barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh kontragenti seçməkdə sərbəst olmuş, əşyaları alacağı şirkəti özü seçmiş, əşyaların qiyməti barədə könüllü razılıq əldə edərək müqavilə bağlamışdır. Eyni zamanda qalıq borcun məbləği, öhdəliyini gecikdirməməsi barədə istinad etdiyi hallara dair hər hansı mötəbər sübut təqdim etməmişdir.

19. Borcun əsası olan müqavilələr, təhvil-təslim aktları və maliyyə arayışlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2024cü il tarixli müqavilələrə əsasən cavabdeh məişət avadanlıqları almış, əşyaların qiyməti iki müqavilə üzrə müvafiq olaraq 7954 manat və 2498 manat, aylıq ödəniş 662 manat və 208 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

20. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq iki müqavilə üzrə ümumilikdə 6682,46 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

21. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə 2067,55 manat və 500,91 manat cərimə borcları hesablanmışdır.

22. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

23. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

24. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə müqavilələr üzrə hesablanmış cəmi 2569,54 manat cərimə məbləğinin azaldılaraq müqavilələr üzrə müvafiq olaraq 70 manat və 30 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasib 87,83 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6682,46 manat əsas, 100 manat cərimə borcu və 87,83 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6870,29 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. 6682,46 manat əsas, 100 manat cərimə borcu və 87,83 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6870,29 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar