Məhkəmə qərarları › İş №e-2(004)-1229/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1229/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1229/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. CP 00074-19 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC sığortalı "xxxx" QSC-yə məxsus obyektin daşınar əmlaklarını əmlakın maddi zərərdən könüllü sığortası ilə yol nəqliyyat vasitəsi tərəfindən zərbə də daxil olmaqla digər sığorta risklərindən sığorta təminatı altına almışdır. Sığorta müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir.

2. AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Toyota Prius” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə, etibarnamə müddəti bitdikdən sonra Azadlıq prospekti ilə 28 may küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələbini pozaraq svetoforun qadağanedici işığında hərəkəti davam etdirib “Mercedes” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Maxi.Az” mağazasına dəyərək maddi ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

3. TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Toyota Prius” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, sonuncu 100 manat məbləğdə cərimə edilmişdir.

4. Nəsimi Rayon Polis İdarəsinin Təhlükəsizlik Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı avtomobil "xxxx" QSC-yə məxsus mağazanın qapısına dəymiş, əmlaklara zərər dəymişdir.

5. Cavabdeh tərəfindən Nəsimi Rayon Polis İdarəsinin TŞ-də verilmiş izahatdan görünür ki, özünə məxsus “Toyota Prius” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ilə saatda 40-50 km. surətlə hərəkətdə olarkən Azadlıq prospekti ilə işıqforun qırmızı işığında hərəkətdə olarkən Azadlıq prospekti ilə işıqforun yaşıl işığında hərəkətdə olan Mercedes-Benz C200 minik markalı avtomaşınla toqquşmuş və nəticədə idarəetməni itirərək kəsişmədə yerləşən elektronika mağazasının giriş qapısına dəymişdir.

6. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli zərər aktına əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində elektron cihazlara 9483,21 manat məbləğdə zərər dəymişdir.

7. Pİ0045/21 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdəki yol nəqliyyat hadisəsi ilə dəymiş zərərin məbləği 9483,21 manat, azadolma məbləği 500 manat, sığorta ödənişinin məbləği 8983,21 manatdır.

8. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC "xxxx" QSC-yə 8983,21 manat ödəniş etmişdir.

9. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 8983,21 manat zərər məbləği müəyyən edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortaçı "xxxx" ASC tərəfindən ödənilməli hesablanmış sığorta ödənişi isə 2593,36 manatdır.

10. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC "xxxx" ASC-yə 2593,36 manat məbləği ödəmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehdən 6389,85 manat və ödənilmiş dövlət rüsumuna görə 83,90 manat, ümumilikdə isə 6473,75 pulun iddiaçının xeyrinə tutulması ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə “Toyota Prius” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ərazisində idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmış "xxxx" QSCnə məxsus satış məntəqəsinə və orada olan əmlaklara zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 500 manat azadolma məbləği çıxılaraq 8983,21 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 2593,36 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 6389,85 manat məbləğ isə cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 1271/24 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur.

b) iddiaya etiraz

13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qəbul etməyərək göstərmişdir ki, onun qeyd olunan tələbi ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə, o hadisə vaxtı mağazanın yalnız qapısına dəymişdir, elektronik cihazların zədələnməsindən məlumatlı deyil, ona bu barədə heç bir məlumat verilməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. İşdəki sübutlarla müəyyən edilir ki, "xxxx" QSC-nin mülkiyyətində olan əmlak "xxxx" ASC-də əmlakın maddi zərərdən könüllü sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin əmlaka ziyan vurmuşdur. Cavabdeh hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sığortalanan "xxxx" QSC-yə məxsus əmlaka dəymiş zərər 8983,21 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.

20. İddiaçı ödənilmiş sığorta məbləğinin 2593,36 manat hissəsinin cavabdehin avtonəqliyyat vasitəsinin icrbari sığorta növündə sığortaçısı tərəfindən ödənildiyini bildirməklə qalıq 6389,85 manat məbləğdə sığorta ödənişinin tutulmasını xahiş edir.

21. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi müəyyən olunur.

22. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə Mülki Məcəllənin 936.1, 936.2, 1096, 1097.1, 1108.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaiti subroqasiya qaydasında tələb etməkdə haqlıdır.

23. Belə ki, sığortalanmış "xxxx" QSC-yə məxsus əmlaka məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəymiş və iddiaçı həmin zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

24. Eyni zamanda cavabdeh “Toyota Prius” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi olduğuna görə Mülki Məcəllənin 1096 və 1108.1-ci maddələrinin tələblərinə görə delikt törətmiş şəxs hesab olunur və yüksək təhlükə mənbəyinin sahibi kimi zərərin əvəzini ödəməlidir.

25. Bu zaman xüsusi ilə qeyd edilməlidir ki, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamə müddətinin bitməsi, cavabdehin avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi inzibati məsuliyyəti cəlb edilməsi onun mülki hüquqi konteksdə qanuni sahib statusunda olmadığını deməyə əsas vermir.

26. Belə ki, şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

27. Mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində çıxması lazımdır. Əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

28. Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir.

29. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır, cavabdeh tərəfin hadisə vaxtı mağazanın yalnız qapısına zərər vurması, elektronik cihazların zədələnməsindən məlumatlı olmaması barədə dəlilləri də məhkəmə tərəfindən qəbul olunmur ona görə ki, hadisə vaxtı mağazanın qapısına çırpılması cavabdehin barəsində inzibati araşdırma materialları, onun özünün verdiyi izahatla təsdiq olunur. Bu zaman əmlaklara zərər vurulması və müvafiq sığorta ödənişinin edilməsi isə tərtib olunmuş zərər aktı və ödəniş tapşırığı ilə müəyyən olunur.

30. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilmiş, cavabdeh tərəfindən isə öz dəlillərinin əsası kimi istinad edilən hallara dair heç bir sübut təqdim edilməmişdir.

31. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 83,90 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 6389,85 manat sığorta ödənişi və 83,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6473,75 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 6389,85 manat sığorta ödənişi və 83,90 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6473,75 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar