Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1248/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı “Dossodossi Tekstil Sanayi Turizm ve X1”nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçı “Dossodossi Tekstil Sanayi Turizm ve X1”nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “Dossodossi Tekstil Sanayi Turizm ve X1”nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, D/AZ 17 nömrəli müqavilədən görünür ki, alıcı sərgidə nümayiş olunan mallardan istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, satıcı isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür.
2. Müqaviləyə əsasən sifariş olunan malların ümumi dəyəri 17597 ABŞ dolları, ilkin ödəniş – avans məbləği 1000 ABŞ dolları məbləğdədir.
3. İddiaçı və cavabdeh tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli, 01/10 D/AZ nömrəli üzləşdirmə aktından görünür ki, cavabdeh müqaviləyə əsasən ilkin 1000 ABŞ Dolları avans ödənişi və 10946 nömrəli spesifikasiyadakı göstərilən 17597 ABŞ dolları məbləğində mallar faktiki olaraq 17260 ABŞ dolları məbləğində lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan keyfiyyət göstəriciləri satndartlara uyğun şəkildə alıcıya təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Alıcının iddiaçıya qalıq borcu 2805 ABŞ Dolları təşkil edir.
4. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ödənilməmiş əsas borcu 2805 ABŞ dolları, cərimə məbləği 100 ABŞ dolları məbləğdədir.
5. "xxxx" Anonim Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh gecikmiş məbləğin ödənilməsi xahiş edilmişdir. Bu əsasla, məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, D/AZ 17 nömrəli müqavilə üzrə 2805 ABŞ dolları əsas borc, 100 ABŞ dolları cərimə məbləği olmaqla, ümumilikdə 2905 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, cavabdeh ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ona 17260 ABŞ dolları məbləğində 10946 nömrəli spesifikasiyada göstərilən mallar göndərilmişdir. Hazırda bu günə cavabdehin şirkətə 2805 ABŞ dollar borcu vardır. Müqavilənin 2.1-ci bəndinə əsasən malların göndərildiyi son tarixdən 60 gün ərzində, bütün ödənişlər ödənilməliydi. Cavabdeh malları almağına baxmayaraq 2805 ABŞ dolları borcunu bü günədək ödəməmişdir.
b) iddiaya etiraz
8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.2 Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
15. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
16. Belə ki, borcun əsası olan müqavilə, üzləşmə aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh müxtəlif növdə malları almış, malların ümumi qiyməti 17597 ABŞ dolları olaraq razılaşdırılmış, mallar alıcıya təhvil verilmişdir.
17. Cavabdeh ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq hazırkı vaxta 1005 ABŞ dolları əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
18. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 100 ABŞ dolları cərimə borcu hesablanmışdır.
19. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
20. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
21. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2022-ci il tarixli D/AZ 17 nömrəli müqavilə üzrə hesablanmış 100 ABŞ dolları dəbbə pulunun məbləğinin azaldılaraq 50 ABŞ dolları məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1005 ABŞ dolları əsas borc, 50 ABŞ dolları cərimə olmaqla cəmi 1055 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 70 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq “Dossodossi Tekstil Sanayi Turizm ve X1”nə ödənilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 1005 ABŞ dolları əsas borc, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 1055 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 70 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq “Dossodossi Tekstil Sanayi Turizm ve X1”nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə