Məhkəmə qərarları › İş №e-2(004)-1249/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1249/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1249/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı DossoDossi Tekstil Sanayi Turizm və Organizasyon Anonim Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı DossoDossi Tekstil Sanayi Turizm və Organizasyon Anonim Şirkəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyənb edilir ki, iddiaçı DossoDossi Tekstil Sanayi Turizm və Organizasyon Anonim Şirkəti kommersiya hüquqi şəxsi, Cavabdeh isə fəaliyyət istiqaməti “İxtisaslaşdırılmış mağazalarda geyimlərin parakəndə satışı” ilə məşğul olan fərdi sahibkardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MM-in 43.5-ci maddəsinin tələblərinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə hazırki mübahisə üzrə tərəflər kommersiya subyektləri olmaqla onlar arasında yaranmış münasibətlər kommersiya hüquq münasibətləridir. Tərəflər arasında yaranan münasibətlər məhz kommmersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq münasibətlərindən doğmuşdur. Nəticə etibarilə, yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt ödənilir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsi ümumi məhkəməyə deyil, müvafiq kommersiya məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 40.2-ci maddəsinə əsasən, Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sözügedən dispozitiv imkana (MPM 40.2) əsasən mülki işin məhkəmə aidiyyatı deyil, yalnız ərazi aidiyyatının dəyişdirilməsi imkanİ subyektlərə verilmişdir. Məhkəmə aidiyyatının pozulması Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsinin təsiri altına düşməklə “təbii hakim” prinsipinin pozulması ilə nəticələnir, mübahisəyə isə səlahiyyətsiz məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməsinə səbəb olur. İmperativ hüquq qaydasının pozulması yolverilməzdir, bu barədə müvafiq müqavilə şərtinin nəzərdə tutulması əhəmiyyətsiz olmaqla özü-özlüyündə etibarsızlıqdan başqa hər hansı hüquqi nəticəyə səbəbə olmur. “Müqavilə azadlığı” prinsipi subyektə alternativ imkan verməklə və mütləq olmamaqla imperativ hüquq normalarına tabedir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı DossoDossi Tekstil Sanayi Turizm və Organizasyon Anonim Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı DossoDossi Tekstil Sanayi Turizm və Organizasyon Anonim Şirkətinə geri qaytarılsın. **********75 nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 151 (yüz əlli bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən DossoDossi Tekstil Sanayi Turizm və Organizasyon Anonim Şirkətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia tələbi üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar