Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1375/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, cavabdeh - Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 28.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 06.01.2021-ci il tarixli 22190981 nömrəli müqaviləyə əsasən “Lenovo” markalı notebook və İMEİ Kodu **********40906 olan “Samsung Galaxy A71” markalı mobil telefon üçün ödənilməmiş qalan 2074 manat əsas borc və 621 manat dəbbə pulunun; 25.01.2021-ci il tarixli 22229708 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********15700 olan “İphone 12 Pro Max” markalı mobil telefon üçün ödənilməmiş qalan 3986 manat əsas borc və 1131 manat dəbbə pulu olmaqla; ümumilikdə 7.812 manat borcun və 98,12 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2021-ci il və 25.01.2021-ci il tarixli müqavilələrə əsasən “Lenovo” markalı notebook, İMEİ Kodu **********40906 olan “Samsung Galaxy A71” markalı və İMEİ Kodu **********15700 olan “İphone 12 Pro Max” markalı mobil telefonlar almış, nəticədə cavabdehin 7.812 manat borc yaranmışdır. Belə ki, cavabdeh 06.01.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 2.490 manat olan “Lenovo” markalı notebook və İMEİ Kodu **********40906 olan “Samsung Galaxy A71” markalı telefonu ilkin ödəniş etmədən aylıq 207,5 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə almış, daha sonra müqavilənin şərtlərini pozaraq 2.074 manat borcu yaranmış, həmin borc üçün 621 manat dəbbə pulu hesablanmışdır. Bununla yanaşı cavabdeh 25.01.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 4.534,8 manat olan, İMEİ Kodu **********15700 olan “İphone 12 Pro Max” markalı telefonu ilkin ödəniş etmədən aylıq 377,9 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə almış, daha sonra o, müqavilənin şərtlərini pozaraq 3.986 manat borcu yaranmış, həmin borc üçün isə 1.131 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh tərəfindən hazıradək nisyə alınmış əşyalara görə 964,8 manat ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən, ümumilikdə 7.812 manat borcun və 98,12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, qeyd olunan əşyaları şəxsi ehtiyacları üçün əldə etmiş, daha sonra isə maddi imkanı çətinləşdiyindən müqavilə üzrə aylıq ödənişlərini həyata keçirə bilməmişdir. O, əsas borcunu tam şəkildə qəbul etdiyini, lakin dəbbə pulu ilə razılaşmadığını və hesablanmış dəbbə pulu məbləğlərinin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-dən 06.01.2021-ci il tarixli 22190981 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 2.490 manat olan “Lenovo” markalı notebooku və İMEİ Kodu **********40906 olan “Samsung Galaxy A71” markalı telefonu ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 207,5 manat ödəmək şərti ilə, 25.01.2021-ci il tarixli müqaviləyə əsasən isə dəyəri 4.534,8 manat olan, İMEİ Kodu **********15700 olan “İphone 12 Pro Max” markalı telefonu ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 377,9 manat ödəmək şərti ilə nisyə almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 19.01.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh həmin tarixə 06.01.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2074 manat əsas borcu və 621 manat cərimə borcu, 25.01.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3.986 manat əsas borcu və 1.131 manat cərimə borcu olmaqla, cəmi 7.812 manat borcu yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 06.01.2021-ci il tarixli müqavilə üzrə 621 manat və 25.01.2021-ci il tarixli müqavilə üzrə 1131 manat cərimə məbləğləri azaldılaraq, əsas borcun 7%-i həcmində, yəni 06.01.2021ci il tarixli müqaviləyə görə 145 manat, 25.01.2021-ci il tarixli müqaviləyə görə isə 279 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06.01.2021-ci il tarixli 22190981 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 2.074 manat əsas borc, həmin borca görə 145 manat cərimə və 25.01.2021-ci il tarixli 22229708 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 3.986 manat əsas borc, həmin borca görə 279 manat cərimə borcu və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 98,12 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.582,12 (altı min beş yüz səksən iki manat on iki qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06.01.2021-ci il tarixli, 22190981 saylı müqavilə üzrə 2.074 manat əsas borc, 145 manat cərimə borcu, 25.01.2021-ci il tarixli, 22229708 saylı müqaviləsi üzrə 3986 manat əsas borc, 279 manat cərimə borcu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 98,12 manat dövlət rüsumu olmaqla, cəmi 6582,12 (altı min beş yüz səksən iki manat on iki qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1375/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1375/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver