Məhkəmə qərarları › İş №e-2(004)-1406/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1406/2024

15.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1406/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı Vyaçeslovnanın, İddiaçı Vyaçeslovnanın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Vyaçeslovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Vyaçeslovna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 özünə məxsus olan və birgə nikah dövründə əldə edilmiş 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsini birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölgüdən yayındırmaq məqsədilə formal əsaslarla anası Cavabdeh2 adına qeydiyyatdan keçirtmiş, görünüş üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Odur ki, sözügedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin avtomovil üzərində iddiaçının ½ hissədə payı müəyyən edilməlidir. İddiaçı Vyaçeslovna məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Vyaçeslovnanın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinin tərəflərin birgə nikahı dövründə əldə edilməsi, birgə nikah dövründə Cavabdeh1 tərəfindən anası Cavabdeh2 adına özgəninkiləşdirilməsi, halhazırda isə avtomobilin Cavabdeh1 etibarnamə əsasında istifadəsində olması mülki işin mübahisəsiz halıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı Vyaçeslovna ilə Cavabdeh1 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan DİN BDYPİ-nin məktubuna əsasən müəyyən edilir ki, 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və Cavabdeh1 avtomobilə dair xx.xx.2032-ci il tarixədək əmlakdan “istifadə etmək üçün” etibarnaməsi mövcuddur. İş materiallarına votsap yazışmaları və müvafiq fotoşəkillər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə qətnaməsi aşağıdakı kimi əsaslandırılır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). Qanunvericilikdə imperativ normanın müəyyən edildiyi təqdirdə digər bəndlərin tətbiq edilməsi istisna edilir. Məhkəmə hesab edir ki, 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həçmi 2700 m olan nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən anası Cavabdeh2 adına özgəninkiləşdirilməsi ilə bağlanmış əqd uydurma əqddir, birgə nikah dövründə əldə edilmiş əmlakı bölgüdən yayındırmaq məqsədilə görünüş üçün bağlanmış uydurma əqddir. Cavabdehlər əqdin əsasını aralarında olan borc münasibətlərini rəsmiləşdirmək məqsədilə bağlandığını qeyd etsələr də, bu barədə əsaslı sənəd, sübut və ya material məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə nəzərə alır ki, cavabdehlərin irəli sürdükləri arqumentlər üzrə sübut etmə yükü onların öz üzərindədir. Belə ki, həmin hissədə sübutetmə yükünün iddiaçının üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Belə ki, əqdlərin hüquqi mahiyyəti iqtisadi aktivliyi qorumaq məqsədilə tərəflərin həqiqi iradə ifadəsinin təzahür formasıdır. Odur ki, etibarlı əqdin mövcud olması üçün ilk öncə tərəflər arasındakı hüquqi münasibət də görünüş üçün olmamalı və ya qanunvericiliyin imperativ tələblərinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdehlərin özlərinin də bildirdikləri əsas götürülməklə (avtomobilin borc qarşılığında digər cavabdehin adına qeydiyyata keçirilməsi) mübahisə predmeti olan avtomobilə dair bağladıqları əqd tərəflərin müqavilə predmetinə dair alqı-satqı barədə həqiqi iradələrini əks etdirmir. Həmçinin, araşdırma zamanı müəyyən edilir ki, tərəflər arasında ailə münasibətləri daima gərgin olmuşdur. Hətta iddiaçının vəkili ilə hüquqi yardım barədə yazışmaları da bunu təsdiq edir (cavabdehlər özləri də ailə münasibətlərinin daima gərgin olduğunu bildirirlər). Odur ki, Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlakı bölgüdən yayındırmaq məqsədilə öz doğma anasının adına qeydiyyatdan keçirtməklə sanki əqd görüntüsü yaratmağa çalışmışdır. Məhkəmə qərar qəbul edərkən işə formal əsaslarla deyil, hüquqi əsaslarla yanaşır. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti olan müqavilə “iradə qüsurluluğu” pozuntusu ilə bağlı etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbi üzrə mülki işin mübahisəsiz hallarından yola çıxmaqla mövcud məhkəmə təcrübəsi və hüquqi müəyyənlik prinsipinin şərtləri əsas götürülməklə 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həçmi 2700 m olan nəqliyyat vasitəsinin üzərində 1/2 hissəsinə İddiaçı Vyaçeslovnanın və 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, əmlak üzərində tərəflərin mülkiyyət payı hazırki məhkəmə qətnaməsi əsasında (əgər qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılacaqsa) müəyyən ediləcəkdir. Lakin, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyindən yalnız qanuni qüvvəyə mindikdən sonra paylı mülkiyyətçilər tərəfindən “əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” ilə bağlı iddia tələbinin qaldırılması yolveriləndir. Odur ki, iddia tələbi sözügedən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməli və 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinin üzərində 1/2 hissəsinə İddiaçı Vyaçeslovnanın və 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Vyaçeslovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” tələbinə dair iddiası qismən təmin edilsin. 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilə etibarsız hesab edilsin. Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin. 2011-ci il buraxılışlı Тoyota X2 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinin üzərində 1/2 hissəsinə İddiaçı Vyaçeslovnanın və 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar