Məhkəmə qərarları › İş №e-2(004)-1474/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1474/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1474/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 sentyabr 2022-ci il tarixli, SRFK6489271 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1092 manat əsas borc, 25 sentyabr 2022-ci il tarixli, SRFK6483023 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1664 manat əsas borc, 30 sentyabr 2022-ci il tarixli, SRFK6501037 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1920 manat əsas borc, 30 sentyabr 2022-ci il tarixli, SRFK6501035 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 960 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 6016 məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 20 sentyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1404 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1092 manat əsas borcu qalıb. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 25 sentyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2080 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1664 manat əsas borcu qalıb. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 30 sentyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2020 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1920 manat əsas borcu qalıb. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 30 sentyabr 2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 960 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 960 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1152 manat faiz borcu yaranmışdır (960 manat x 120 gün x 1%=1152 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 20 sentyabr 2022-ci il tarixli, SRFK6489271 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1092 manat əsas borc, 25 sentyabr 2022-ci il tarixli, SRFK6483023saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1664 manat əsas borc, 30 sentyabr 2022-ci il tarixli, SRFK6501037 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1920 manat əsas borc, 30 sentyabr 2022-ci il tarixli, SRFK6501035 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 960 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 6016 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, SRFK6489271 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıdan dəyəri 1404 manat olan məişət avadanlığı əldə etmiş və ödənişi 18 ay müddətinə 78 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25 sentyabr 2022ci il tarixli, SRFK6483023 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıdan dəyəri 2080 manat olan məişət avadanlığı əldə etmiş və ödənişi 20 ay müddətinə 104 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 30 sentyabr 2022ci il tarixli, SRFK6501037 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıdan dəyəri 2020 manat olan məişət avadanlığı əldə etmiş və ödənişi 20 ay müddətinə 96 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 30 sentyabr 2022ci il tarixli, SRFK6501035 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıdan dəyəri 960 manat olan məişət avadanlığı əldə etmiş və ödənişi 12 ay müddətinə 80 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixində bağlanmış SRFK6501037 saylı müqavilə üzrə ödənilməmiş 1920 manat, xx.xx.2022-ci il tarixində bağlanmış SRFK6501035 saylı müqavilə üzrə ödənilməmiş 960 manat, xx.xx.2022-ci il tarixində bağlanmış SRFK6483023 saylı müqavilə üzrə ödənilməmiş 1664 manat, xx.xx.2022-ci il tarixində bağlanmış SRFK6489271 saylı müqavilə üzrə ödənilməmiş 1092 manat olmaqla ümumilikdə 5636 manat əsas borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqavilələri bağlanmışdır. Müqavilələr üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın 30 sentyabr 2022-ci il tarixli, SRFK6501035 saylı nisyə alqısatqı müqaviləsi üzrə hesablanmış 300 manat cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, SRFK6501035 saylı nisyə alqısatqı müqaviləsində göstərilmişdir ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1 faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, SRFK6501035 saylı nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 50 manat müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli SRFK6489271 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1092 (bir min doxsan iki) manat əsas borc; xx.xx.2022-ci il tarixli SRFK6483023 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1664 (bir min altı yüz altmış dörd) manat əsas borc; xx.xx.2022-ci il tarixli SRFK6501037 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1920 (bir min doqquz yüz iyirmi) manat əsas borc; xx.xx.2022-ci il tarixli SRFK6501035 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 960 (doqquz yüz altmış) manat əsas borc və 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 5686 (beş min altı yüz səksən altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli SRFK6489271 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1092 (bir min doxsan iki) manat əsas borc; xx.xx.2022-ci il tarixli SRFK6483023 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1664 (bir min altı yüz altmış dörd) manat əsas borc; xx.xx.2022-ci il tarixli SRFK6501037 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1920 (bir min doqquz yüz iyirmi) manat əsas borc; xx.xx.2022-ci il tarixli SRFK6501035 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 960 (doqquz yüz altmış) manat əsas borc və 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 5686 (beş min altı yüz səksən altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar