Məhkəmə qərarları › İş №e-2(004)-1477/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1477/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1477/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “4,986.00 (dörd min doqquz yüz səksən altı) manat əsas borc, 1,992.00 (bir min doqquz yüz doxsan iki) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 1060.76 (bir min sıfır altmış manat yetmiş altı qəpik) manat olmaqla ümumilikdə 8,038.76 (səkkiz min sıfır otuz səkkiz manat yetmiş altı qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “4,986.00 (dörd min doqquz yüz səksən altı) manat əsas borc, 1,992.00 (bir min doqquz yüz doxsan iki) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 1060.76 (bir min sıfır altmış manat yetmiş altı qəpik) manat olmaqla ümumilikdə 8,038.76 (səkkiz min sıfır otuz səkkiz manat yetmiş altı qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-015-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Kodiaq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBJC6NS4R8507233), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 99,720.00 (doxsan doqquz min yeddi yüz iyirmi) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1662.00 (bir min altı yüz altmış iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra bir aylıq ödəniş edildikdən sonra (fevral ayı üçün) heç bir ödəniş edilməmiş, gecikmələr barədə əməkdaşlarımız tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kodiaq 1.4 TSİ markalı, 77YG741 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X5 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-015-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildiririk ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 1060.76 (bir min sıfır altmış manat yetmiş altı qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (13189 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən cavabdeh yalnız bir ayın (fevral ayı) ödənişini etmiş avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın (mart, aprel, may ayları üçün) ödənilməmiş məbləği, yəni 4,986.00 (dörd min doqquz yüz səksən altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1,992.00 (bir min doqquz yüz doxsan iki) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 8,038.76 (səkkiz min sıfır otuz səkkiz manat yetmiş altı qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsizərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-015- SA-24 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B- 015-SA-24 saylı Müqaviləyə əsasən satıcı Skoda Kodiaq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBJC6NS4R8507233), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 99,720.00 (doxsan doqquz min yeddi yüz iyirmi) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1662.00 (bir min altı yüz altmış iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsaəsn müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli B-015-SA-24 saylı müqavilə üzrə Cavabdeh 4986 manat əsas borcu vardır. İş materiallarında olan Skaz Autohouse tərəfindən tərtib edilmiş təmir aktına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Skoda Kodiaq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan avtomobilin təmir-bərpa xərci 1060,76 manat təşkil edir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə xx.xx.2024-cü il tarixədək cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə), 747.1 (əsas öhdəliyə münasibətdə), 748-1.8 (təmir-bərpa xərcinə münasibətdə), 748-1.9 (gecikmə xərcinə münasibətdə), 748-1.12.4, 748-2.2, 748-7.1 (lizinq alanın məsuliyyətinə münasibətdə) və 748-10.2-cü maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. MM-in 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. MM-in 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə pretenziya məktubunda xx.xx.2024-cü il tarixədək öhdəliyin icra edilməsi, əks halda müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləni alqı-satqı müqaviləsi kimi deyil, lizinq müqaviləsi kimi qiymətləndirir. Müqavilənin şərtləri və icrası forması nəzərə alınmaqla hesab edilir ki, həmin müqavilənin adı alqı-satqı (nisyə) müqaviləsi kimi göstərilsə də, mahiyyəti üzrə lizinq müqaviləsidir. Odur ki, reyestrdə qeydə alınan daşınar əşya qismində avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsızlığı xüsusatı mövcud deyildir. Yəni, müqavilə etibarlılıq şərtlərinə cavab verən lizinq müqaviləsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-015-SA-24 saylı Müqaviləyə əsasən satıcı Skoda Kodiaq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBJC6NS4R8507233), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 99,720.00 (doxsan doqquz min yeddi yüz iyirmi) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1662.00 (bir min altı yüz altmış iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə “Lizinq alan” Cavabdeh “Lizinq verən” İddiaçı MMC qarşısında müqavilə öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur və nəticədə Cavabdeh İddiaçı MMC qarşısında pul öhdəliyi yaranmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kodiaq 1.4 TSİ markalı, 77YG741 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X5 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-015-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, lizinq alan tərəfindən 2024-cü ilin fevral ayının ödənişi həyata keçirilsə də, mart, aprel və may ayları üzrə ödəniş aparılmamış, nəticədə 1662 manat x 3 ay = 4986 manat öhdəliyi yaranmışdır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu 1992 manat məbləğində deyil, 300 (üç yüz) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Dəbbə pulunun 300 (üç yüz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 300 (üç yüz) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbi üzrə real zərər olaraq avtomobilin təmir xərci 1060.76 (bir min sıfır altmış manat yetmiş altı qəpik) manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq obyektinin normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi üzrə şərtlənən köhnəlmə nəzərə alınmaqla lizinq verənin lizinq obyektinin normal köhnəlməsi ilə bağlı zərəri lizinq alandan tələb etməsi əsaslı deyildir. Lizin obyektinin normadan çox köhnəlməyə məruz qalması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, vurulmuş zərərin tələb edilməsi ilə bağlı 6 aylıq kəsici müddət (anoloji olaraq kirayə hüquq normaları üzrə) ötürülmüşdür (Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq 3 ulduzlu qərarında qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla). Nəticə etibarilə, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri və və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə), 747.1 (əsas öhdəliyə münasibətdə), 748-1.8 (təmir-bərpa xərcinə münasibətdə), 748-1.9 (gecikmə xərcinə münasibətdə), 748- 1.12.4, 748-2.2, 748-7.1 (lizinq alanın məsuliyyətinə münasibətdə) və 748-10.2-cü maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat məhkəmə xərcinin 72 (yetmiş iki) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4,986.00 (dörd min doqquz yüz səksən altı) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu olmaqla ümumilikdə 5286 (beş min iki üç səksən altı) manat pul və dövlət rüsumu qismində ödənilmiş 101 (yüz bir) manat məhkəmə xərcinin 72 (yetmiş iki) manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “4,986.00 (dörd min doqquz yüz səksən altı) manat əsas borc, 1,992.00 (bir min doqquz yüz doxsan iki) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 1060.76 (bir min sıfır altmış manat yetmiş altı qəpik) manat olmaqla ümumilikdə 8,038.76 (səkkiz min sıfır otuz səkkiz manat yetmiş altı qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4,986.00 (dörd min doqquz yüz səksən altı) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 5286 (beş min iki üç səksən altı) manat pul və dövlət rüsumu qismində ödənilmiş 101 (yüz bir) manat məhkəmə xərcinin 72 (yetmiş iki) manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar