Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1483/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə (açar sözlər: müqaviləyə dəyşiklik və əlavələrin edilməsi öhdəliyinin qoyulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, ididiaçının vəkili və nümayəndəsi Vəkil1, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 34 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü icraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 nömrəli, 38.8 kv.m. sahədən ibarət mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil sifarişçiyə təhvil verilməlidir.
2. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən icraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq sifarişçiyə təhvil verilənə kimi icraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3473/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X1 Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməmiş, qətnamədən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025ci il tarixli bildirişlə inşa edilmiş 5 nömrəli binanın, 1-ci giriş, 1-ci mərtəbəsində iddiaçıya ayrılmış 2 otaqdan ibarət 6 nömrəli mənzil tam təmir olunmuş və istifadəyə hazır olduğu bildirilmiş, mənzili qəbul etmək təklif edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə dəyişikliklər və əlavələr edilməsi, o cümlədən dəqiq hansı mənzilin verilməsi, onun şəraiti, bloku, mərtəbəsi və nömrəsinin müqavilədə göstərilməsi və notarial qaydada təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, əvvəlki mənzilinin sökülməsi və yeni inşa olunacaq binada mənzil verilməsi barədə müqavilənin müzakirəsi və imzalanması ərəfəsində, danışıqlar nəticəsində cavabdeh ilə xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçının mənzili sökülərək 1 il ərzində əvəzində təmirli ev verilməli idi. Cavabdeh tərtib edilmiş müqavilə bir qırağa, şifahi qaydada aparılmış danışıqlara məhəl qoyulmayaraq iddiaçını aldadaraq verdiyi vədlərə əməl etməmiş, o ipoteka ilə yüklü olan mənzilin ipoteka borcunu müqavilədən sonrada ödəmək məcburiyyətində qalmış, yəni həm 50000 manatı ödəmiş, həm də mənzilsiz qalmışdır. Bundan başqa, bina MTK tərəfindən tikilib vaxtında təhvil verilməmiş, tikinti hansısa səbəbdən başa çatdırılmamış, cavabdeh təşkilat tərəfindən verilmiş vədlərin hamısı yalan çıxmışdır. Beş nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcbur olaraq kirayələrdə yaşayırlar. Cavabdeh tərəf kirayədə yaşadığına görə hər ay 500 manat pul ödənişini aparmış, mənzilin mülkiyyətçisi olaraq mənzilin cavabdeh təşkilat tərəfindən verilməsinə razılaşmışdır. Bina mənzili söküləndən sonra cavabdeh təşkilat tərəfindən çirkin, dözülməz olan oyunlar başlamış, gələcəkdə tikilib ona veriləcək mənzilin 2 otaqlı, 60 kv.m. sahədən ibarət olacağı ona şifahi qaydada bildirildiyi halda söküntü işləri başlayandan sonra tikinti şirkəti aralarında olan danışıqları, mövcud qanunvericiliyin tələblərini və işgüzar adətləri kobud şəkildə pozmuş və bu günə kimi pozmaqda davam edir. Cavabdeh təşkilat tərəfindən pozuntular aşağıda qeyd olunanlardan ibarətdir: Belə ki, cavabdeh ilə müqavilə imzalandıqdan təxminən 10 gün sonra şirkətin təsisçisinə yaxınlaşaraq ondan verdiyi sözə əməl etməsini, yəni notarial qaydada müqavilə bağlanmasını xahiş etmişdir. Lakin təsisçi birdən birə heç bir razılaşmanın olmadığını bildirməyə başlamışdır. Uzun mübahisədən sonra yenə də söz vermişdir ki, binanın fundamenti qoyulanda bütün sakinləri və notariusu ofisə dəvət edəcək və sakinlərin hamısı ilə notarial qaydada müqavilələr bağlanacaqdır. Mənzilin mülkiyyətçisi olaraq, qeyri-qanuni olaraq mənzilini məcbur olaraq tərk etmiş, mənzildən çıxartdıqdan sonra, yəni 1 il keçdikdən sonra binanı, mənzilləri sökməyə başlamışlar. Beləliklə, cavabdehin ona verilmiş bütün vədləri yalan çıxmış, məqsədləri onu aldatmaq olmuşdur. Mülkiyyətçi olaraq, yeni tikilən binanın sakin olduğuna görə ona bəzi güzəştlərin olacağı barədə cavabdeh tərəf dəfələrlə vədlər vermişdir. Vədlərdən biri budur ki, ona 3 otaqlı mənzil istədiyi halda, mənzilin təmirindən imtina edəcəyi halda 3 otaqlı mənzilin verilməsinin mümkünlüyünə söz verilmiş, lakin yerinə yetirilməmişdir.
b) iddiaya qarşı etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 və Vəkil3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişlər.
9. Cavabdehin nümayəndəsi işə onların iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.”
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləni imzalamışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsünün icraçı "xxxx" MMC tərəfindən həyata keçirilməsi, sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 nömrəli, 38.8 kv.m. sahədən ibarət mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil sifarişçiyə təhvil verilməsi razılaşdırılmışdır.
15. İddiaçı müqavilə bağlanan zaman müqavilə tərəfi ilə aralarında şifahi razılaşmalar olduğunu (misal üçün 3 otaqlı mənzilin verilməsi), bu razılaşmalar barədə bəndlərin müqaviləyə daxil edilməyərək aldadıldığını irəli sürür. Bu səbəblə də müqaviləyə dəyişiklik və əlavələr edilməsini, dəqiq hansı mənzilin verilməsi, onun şəraiti, bloku, mərtəbəsi və nömrəsinin müqavilədə göstərilməsini və müqavilənin notarial qaydada təsdiq edilməsini tələb edir.
16. İlk öncə qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi mövcuddur və tərəflər müqavilə şərtlərini sərbəst, könüllü, azad şəkildə müəyyənləşdirirlər. Artıq bağlanmış müqavilənin şərtlərinin sonradan dəyişdirilməsi də yalnız tərəflərin razılaşması ilə mümkündür. Bunun yeganə istisnası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halıdır ki, bu halda təktərəfli, məhkəmə qaydasında müqavilənin şərtlərinin dəyişdirilməsi mümkündür.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.
18. Hazırkı halda tərəflərin müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığı olmamışdır, iddiaçı isə hər hansı şəraitin sonradan dəyişməsi halına istinad etməmişdir.
19. Digər tərəfdən, müqavilə predmeti mənzilə dair bəzi dəqiq fərdiləşdirici şərtlərin müqaviləyə daxil edilməli olması, müqavilənin notarial təsdiq edilməsi öhdəliyinin qoyulması kimi tələblər istinad olunan müqavilənin etibarlılıq şərtləri ilə bağlıdır.
20. Belə ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilənin predmeti və məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlərdən əlavə, tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır və yalnız mühüm şərtlər barədə razılıq əldə olunarsa müqavilə qurulmuş hesab olunar.
21. Hazırkı halda müqavilənin notarial təsdiqi forma şərti olmaqla, bu növ müqavilələr üçün məcəllədə xüsusi göstərildiyi halda əhəmiyyət kəsb edər. Mənzilin mərtəbəsi, nömrəsi və s. məlumatlar isə müqavilə tərəfi olaraq iddiaçı bu barədə xüsusi razılıq əldə etmək niyyətini bildirərdisə müqavilənin mühüm şərti hesab olunardı.
22. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə isə qeyd olunan nüanslara münasibət bildirilmiş, xx.xx.2021-ci il tarixli müqavilənin etibarlılığı öz təsdiqini tapmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində sadalanan dəlillərlə bağlı qeyd edilmişdir ki, bu kateqoriya müqavilələr üzrə notarial təsdiqə ehtiyac yoxdur. Həmçinin müqavilə şərtləri aydın və anlaşılandır.
24. Göründüyü kimi, iddiaçı tərəfin iddianın təmin edilməsi yönündə istinad etdiyi hallar maddi-hüquqi əsaslar baxımından öz təsdiqini tapmır.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə