Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1501/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 4328,9 manat əsas, 1298,6 manat cərimə, ümumilikdə 5627,5 manat borcun və 76,27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Honor» markalı telefon, “Xiaomi” markalı telefon, “İphone” markalı 2 ədəd telefon və 1 ədəd aksesuara görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 292 manat olmaqla cəmi 5248,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 44 manat ödəniş etmiş və qalıq qalmış 4328,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 1298,60 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 4328,90 manat əsas borc, 1298,60 manat cərimə borcu, cəmi 5627,50 manat borcun və 76,27 manat məbləğində dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq, əməkdaş sayının çatışmaması səbəbindən, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə və elektron kabinetinə yerləşdirilməklə məlumatlandırılmış ), lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, o, "xxxx" MMC-nin daimi müştərisi olmuş, əvvəl işləmiş və yaxşı əmək haqqı almış, borcunu vaxtı-vatında ödəmişdir. Lakin hazırda o, işləmir, özü komaya düşmüşdür. Axırıncı dəfə "xxxx" MMC-nin əməkdaşları evinə gələrək evdə olan ailə üzvləri ilə kobud danışmışlar. O, "xxxx" MMC-yə gedərək, onlarla razılığa gəlmişdir. Aralarında olan razılığa əsasən o, hər ay 200 manat ödəməli idi, lakin sonra öyrənmişdir ki, onu məhkəməyə veriblər. O, bunun səbəbini soruşanda ona bildirdilər ki, cərimələr məhkəməyə müraciət edildiyi vaxtdan dayanır. O, iddia tələbini cərimə hissəsində qəbul etmir. Məhkəmədən cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı mobil telefonların və bir ədəd aksesuarın müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu aldığı ümumi dəyəri 5248,90 manat dəyərində olan «Honor» markalı telefon, “Xiaomi” markalı telefon, “İphone” markalı 2 ədəd telefon və 1 ədəd aksesua üçün 18 ay müddətində hər ay 292 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən onun MMC qarşısında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4328,90 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən müqavilə üzrə tələb olunan 1298,60 manat cərimə (dəbbə pulu) onun əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 350 manat məbləğədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 4328,90 (dörd min üç yüz iyirmi səkkiz manat 90 qəpik) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat məbləğində cərimə borcu, cəmi 4678,90 (dörd min altı yüz yetmiş səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 76,27 (yetmiş altı manat 27 qəpik) manat dövlət rüsumunun 12,87 (on iki manat 87 qəpik) manat iddiaçıya aid edilməli, qalan 63,40 (altmış üç manat 40 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 4328,90 (dörd min üç yüz iyirmi səkkiz manat 90 qəpik) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat məbləğində cərimə borcu, cəmi 4678,90 (dörd min altı yüz yetmiş səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 76,27 (yetmiş altı manat 27 qəpik) manat dövlət rüsumunun 12,87 (on iki manat 87 qəpik) manat iddiaçıya aid edilsin, qalan 63,40 (altmış üç manat 40 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1501/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1501/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver