Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1536/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində avtomobilə dəyən real zərər olan 2325 (iki min üç yüz iyirmi beş) manatın cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında sığorta müqaviləsi (kasko sığorta) bağlanmışdır. Ona məxsus CHEVROLET/VOLT markalı avtomobil (77GS750 qeydiyyat nişanlı, buraxılış ili: 2015, Ban: 1G1RDE47FU141006) sığorta obyekti olmuşdur. "xxxx" ASC tərəfindən ona verilən “Sığorta şəhadətnaməsi”nə görə sığortanın tarixi xx.xx.2024-xx.xx.2025-ci il tarixləri aralığındadır. xx.xx.2024-cü il tarixində saat 17:20 raddələrində öz nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, başına yol-nəqliyyat hadisəsi gəlmişdir. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin önündə Səmədbəy Mehmandarov küçəsində saatda 30-35 km sürətlə hərəkətdə olmuşdur. Həmin saatlarda qeyd edilən küçədə tıxac olduğu üçün avtomobil sıxlığı yaşanmış nəticə olaraq avtomobillər bir birinə çox yaxın hərəkət olmuşdular. Bu zaman önündə sağ tərəfdə olan Toyota markalı avtomobil olmuşdur. Avtomobilin yanından keçərkən anidən arxa qapısı sərnişin tərəfindən tam açılmışdır. Nəticə olaraq isə məsafə az olduğu üçün ona məxsus olan avtomobilin bir tərəfi tamamilə zədələnmişdir. Maşının sağ arxa yanı, sağ tərəfdə yerləşən güzgü və qapıları zədələnmişdi, ön qapı isə açılmır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər BPİ X10 İdarəsinin əməkdaşı tərəfindən Arayış tərtib olunmuşdur. Hadisədən sonra o, yaxın tanışı ilə birlikdə könüllü şəkildə sığorta müqaviləsi bağladığı "xxxx" ASC-nin Azadlıq Prospekti 120 ünvanında yerləşən mərkəzinə yaxınlaşdı. Qeyd edilən ünvanına yaxınlaşıb sığorta hadisəsi barədə məlumat verdi. Sözügedən ünvanda "xxxx" ASC-nin servisi mövcud idi və onlar avtomobilə ötəri baxaraq təmir xərcinin 1210 ( bir min iki yüz on) manat olduğunu dedilər. Lakin onlar bununla razılaşmadılar. Bundan sonra "xxxx" ASC tərəfindən onlara 3 nəfər şəxsin adı olduğu müstəqil ekspertlərin siyahısını təqdim edərək bildirdilər ki, ərizə yazaraq burdakı 3 ekspertdən birinin adını seçə bilərsiz. Ona təqdim olunan siyahıdan X3 adlı birini seçdi. Bundan sonra müstəqil ekspert hesab olunan həmin şəxs iş yerinə gəldi. Ekspert adı ilə gələn şəxs tamamilə ötəri formada maşına baxaraq ötəri formada şərhlər bildirdi. Onlara isə 1415 manat təmir qiyməti olduğunu bildirdilər. Sonradan sözügedən sığorta şirkətinin əməkdaşları tərəfindən onlara bildirdilər ki, “istəyirsinizsə gəlin bizim servisdə təmir edək, istəyirsinizsə 1415 manatı sizə verək, çıxın gedin, bizdən əl çəkin”. Müstəqil ekspert adı ilə gələn şəxsin təyin etdiyi qiymət tamamilə yanlış və ötəri olmuşdur. Bu zaman o, əzilmiş avtomobili ilə bağlı "xxxx" MMC-də 40/2024 nömrəli Qüsur Aktı tərtib etdirdim. Sözügedən Qüsur aktına görə avtomibilin təmiri və sıradan çıxmış detallarının dəyişilməsinə görə ümumi xərc 2325 (iki min üç yüz iyirmi beş) manat olmuşdur. Bundan sonra o, "xxxx" ASC-nin mərkəzinə yaxınlaşaraq qüsur aktını təqdim etdi və dəmiş zərərin əvəzini tələb etdi. Belə ki, onları qarşılayan Nail adlı əməkdaş onlara çox kobud şəkildə rəftar etmişdir. "xxxx" ASC-nin iflas olaraq ləğv prosesində olduğunu deyərək, “istəyirsinizsə gedən məhkəməyə şikayət edin bizi, istəyirsizsə gedin prokurorluğa verin, Prezidentə yazın, bizim heç kimdən çəkinəcəyimiz yoxdur, nə istəyiriksə necə istəyiriksə edirik” qeyd etmiş və onu və yaxın tanışını oradan rədd eləmişdilər. xx.xx.2024-cü il tarixində "xxxx" ASC tərəfindən ona aşağıdakı mətnli mesaj gəlmişdir: “Hormetli mushteri! Baki Sigorta ASC (legv prosesindedir) Size bildirir ki, sigorta muqavileniz xx.xx.2024 tarixinden etibaren Sigorta fealiyyeti haqqinda Azerbaycan Respublikasinin Qanununun 72-ci maddesine uygun olaraq eyni sertlerle Xalq Sigorta ASC-ye oturulecekdir. Xahis edirik nezere alasiniz.” Bununla bağlı o, "xxxx" ASC-yə yaxınlaşdı. Sığorta hadisəsi barədə məlumat verərək "xxxx" ASC-nin ona qarşı olan rəftarından danışdı. "xxxx" ASC-dən yuxarıda gələn mesajı göstərərək, sığorta hadisəsinə görə olan dəyən zərərin "xxxx" ASC tərəfindən qarşılanmağını xahiş etdi. Onlar tərəfindən isə bildirdilər ki, sözügedən sığorta hadisəsinə görə dəyən zərəri "xxxx" ASC qarşılanmalıdır. Sığorta hadisəsinə görə dəyən zərəri "xxxx" ASC qarşılaya bilməz. Çünki onunla "xxxx" ASC arasındankı müqavilə xx.xx.2024-cü il tarixindən "xxxx" ASC-yə keçmişdir. Buna görə də xx.xx.2024-cü il tarixindən sonra baş verən hadisələrə görə dəyən zərəri "xxxx" ASC qarşılaya bilər. xx.xx.2024-cü il tarixindən əvvəlki hadisələrə görə dəyən zərəri isə "xxxx" ASC qarşılamalıdır. Açıq-aydın görünür ki, "xxxx" ASC ləğv olunacağına etibar edərək müştərilərlə bağladıqları müqavilə şərtlərinə əməl etmirlər. Artıq 3-4 ildir ki, o, sözügedən şirkət ilə könüllü sığorta müqaviləsi bağlayır. İndiyə kimi sığorta hadisəsi yaşamamışdır. İlk dəfə idi ki, yol-nəqliyyat hadisəsi yaşamışdır və avtomobili zədələnib. Ona zərər dəymişdir və Sığorta şirkəti müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək zərəri ödəməkdən boyun qaçırır. "xxxx" ASC isə yuxarıda qeyd etdiyi cavabı bildirir. Hal-hazırda ona dəymiş zərər ödənilmir və avtomobili rahat şəkildə idarə edə bilmir. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, “X2 Mərkəzi” MMC-yə ödədiyi 250 manat məbləğində ekspertiza xərcinin də cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz ünvalayaraq bildirmişdir ki, iddia üzrə iddia ərizəsində qeyd olunduğu kimi Bakı Sığorta ASC ləğvetmə prosesindədir və şirkətin yalnız xx.xx.2024-cü il tarixindən etibarən baş vermiş hadisələri üzrə sığorta ödənişlərinin verilməsi "xxxx" ASC-yə keçmişdir. Qeyd olunan tarixədək baş vermiş hadisələr üzrə "xxxx" ASC məsuliyyət daşımır. Bu məlumat iddaçınında bildirdiyi kimi sonuncuya sms bildiriş vasitəsi ilə bildirilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən baş vermiş yol nəqliyyat hadisəsi üzə sığorta ödənişi qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" ASC-nin öhdəliyində olmadığından iddianın onların Cəmiyyətə münasibətdə rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır. “555 Servis”də hər bir usta ayrılıqda qiymət müəyyənləşdirir. Həmin servis qəbz təqdim etməsə də, istənilən zaman əldə edə bilər. Ödədiyi qiymətlə qiymətləndiricinin rəyindəki məbləğ arasında böyük fərq yoxdur. Servidə avtomobilin qapısının təmir qiymətləri müəyyən edildi. Azərbaycanda qiymətlər yüksək olduğu üçün avtomobilin qapısını Gürcüstandan sifariş verdi. Çatdırılan qapı isə yeni deyil, işlənmiş vəziyyətdə idi. O, 235 manatı servisə ödəniş etdikdən sonra qapını xaricdən sifariş verdi. Avtomobildə güzgü də təmir etdirilib. Arxa qapı kantlarla və digər hissələrlə birlikdə dəyişdirilib. Avtomobilin qapısının kilidi də qırılmışdı. Həmçinin, ön qapının üzərindəki nikel və plastik kantlar da zədələnmişdi. Qüsur aktında təmir zamanı əlavə xərclərin də yarana biləcəyi qeyd edilmişdi. Müstəqil ekspert qiymətləndirmə zamanı avtomobilə toxunmadı, yalnız şəkilləri çəkdi. avtomobilini uzun müddət təmirsiz saxlaya bilmədiyi üçün təmir etdirdi. 2024-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək avtomobilsiz qalmışdır. 2025-ci ilin aprel ayında avtomobili təmir etdirmişdir. Müstəqil ekspertin qiymətləndirməsindən sonra 1400 manat məbləği müəyyən edildi. Ümumilikdə, xərcləri 1600 ABŞ dolları olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili “555 Servis”də təmir etdirmişdir və nağd qaydada ödəniş etmişdir, ona ödəniş qəbzi verilməyib. Təmir xərci təxminən 2400 manat idi. Arxa qapı tam dəyişdirilib. Nəqliyyat hadisəsi nəticəsində avtomobilin şüşəsini qaldırıb-endirən mexanizm də zədələnmişdi. Ödəniş edəndə qiymətləndirilməyə başlanılmamışdı. Arxa qapının hər iki kantı zədələnmişdi və Gürcüstandan sifariş verdi. Avtomobilin rəngi ilə sifariş verilən qapıların rəngi tam uyğun deyil. 2 qapı və digər hissələr boyanıb. Cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edirərək, izahatında bildirmişdir ki, müstəqil ekspert iddiaçı tərəfindən ona təqdim edilən siyahıdan seçilib. Müstəqil ekspert X3 tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1415 manat müəyyən edilmişdir. Qiymətləndiricinin rəyi ilə razı deyildir. Şəkillərdə arxa qapının kantının zədələnməsi görünmür. Ekspert rəyində nikel kantın zədələnməsi qeyd edilməyib. Həmçinin, şirkətin ləğv olunma səbəbi könüllü ləğvetmə ilə bağlıdır və müflis olmayıb. İddia tələbinin qismən təmin edilərək, sığorta şirkətindən 1415 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısıdır, avtomobil onun olsa da, dayısının adına rəsmiləşdirilib. “555 Servis”-ə avtomobilin təmiri üçün müraciət etmişdilər və onun hissələrinin bir hissəsini ABŞ-dan və Gürcüstandan sifariş etmişlər. Həmin servisinin dəymiş zərərlə bağlı tərtib etdiyi sənəd ilə "xxxx" ASC-yə yaxınlaşanda qiymətləndirmə şöbəsində Nail adlı şəxs sənədi onların üzərinə atdı və o da məhkəməyə müraciət edəcəyini bildirdi. “X2 Mərkəzi”nə 250 manat məbləğində ekspertiza xərci ödədilər. Həmçinin, səhhəti ilə bağlı problem olduğu üçün avtomobil idarə edə bilmir və adətən dayısı sürür. Avtomobil müstəqil ekspert tərəfindən də qiymətləndirilib və yalnız avtomobilin fotoşəkillərini çəkdi. "xxxx" ASC qiymətin dəqişəcəyini bildirdi. Lakin, yalnız 15 manat məbləğində qiymət fərqi deyildi. Həmçinin, “Hyundai Servis”ə də getmişlər və şəkillər çəkiləndən sonra gözləmələri bildirilmişdi. Müstəqil ekspert 1415 manat müəyyən etdi və həmin məbləğlə razılaşmadılar. “X2 Mərkəzi” avto-servisin müəyyən etdiyi məbləğin doğru olduğunu bildirdi. “555 Servis”-də ustalara ödəniş etmişdilər. Avtomobilin hissələri burada olmadığı üçün sifariş etmişlər. Servislər də sifariş əsasında Azərbaycanda olmayan malların çatdırılmasını həyata keçirirlər. Avtomobilin qapıları ilə bağlı video mövcuddur. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil onun vəsaiti hesabına alınıb. Yolnəqliyyat hadisəsi baş verən zaman avtomobili dayısı, yəni iddiaçı idarə edirdi. Həmin vaxtı o özü başqa avtomobildə idi. "xxxx" ASC-yə müraciət edib-etmədiklərini xatırlamır. "xxxx" ASC dəymiş zərərlə bağlı akt gətirmələrini bildirmişdi. "xxxx" ASC müraciət etdikdə zərərin məbləğinin 1200 manat olması bildirildi və daha sonra 1215 manat qeyd edildi. “555 Servis”ə terminal vasitəsilə 51 manat məbləğində xidmət haqqı ödəmişdir. Detalları xarici ölkələrdən aldıqları üçün ödəniş çekləri yoxdur. Həmçinin, müəyyən şəxslər vasitəsilə gömrük anbarına çatdırılıb və oradan əldə etmişlər. Avtomobilin arxa və ön qapılar, güzgü, qapıların qara nikel kantları, plastmas kantı, qıfıl, tutacaq, şünənin qaldırıb-endirən mexanizm hissələr dəyişdirilib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC tərəfindən İddiaçı verilmiş **********4 nömrəli Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Chevrolet/Volt markalı, 77GS750 dövlət qeydiyyat nişanlı, buraxılış ili: 2015, Ban: 1G1RDE47FU141006 olan avtomobil sığortalanmışdır. Sığortanın başlanğıc tarixi xx.xx.2024-cü il, sığortanın bitmə tarixi isə xx.xx.2025-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü i tarixli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində S.Mehmandarov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Vüqar Quliyevə məxsus Toyota markalı 77NG710 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yanı, qapısı və İddiaçı məxsus Chevrolet markalı 77GS750 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfi zədələnmişdir. Yol-nəqliyyat hadisəsini qeydə almış Bakı şəhər X10 İdarəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” ından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30da Bakı şəhərində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Toyota Corolla minik” markalı, 77NG710 dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə etmiş X5 təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi anda sürücü nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmiş, sürücü ayıq vəziyyətdə olmuşdur. Avotmobilin mülkiyyətçisi isə X1r. Hadisə nəticəsində zərər vurulmuş avtomobil İddiaçı mülkiyyətində olan Chevrolet Volt (hibrid) markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin sağ yan hissəsi zədələnmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səmədbəy Mehmandarov küçəsində “Toyota Corolla minik” markalı, 77NG710 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumiistifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayancaq yerlərindən kənarda dayanmağa görə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus Chevrolet Volt (hibrid) minik markalı, 2015-ci il buraxılışlı, ağ mirvari rəngli 77GS750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir işlərinə sərf olunacaq məbləğ 2325 manat məbləğində qiymətləndirilmişdir. Müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş 191201 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 2015-ci il buraxılış ili olan Chevrolet Volt minik markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 1415 (bir min dörd yüz on beş) manat zərər dəyməsi müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış BS-C-24/2148 nğmrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Chevrolet Volt” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər onun tərəfindən təklif edilən müstəqil ekspertlər siyahısından sığortaçı tərəfindən seçilmiş müstəqil ekspert X3 tərəfindən 1415,00 (bir min dörd yüz on beş) manat məbləğində müəyyən edilmişdir. Tərəfindən bank hesab rekvizitləri təqdim olunduğu və müvafiq sənədlər imzalandığı halda dəymiş zərər məbləğini hesabına köçürməyə hazır olduqları bildirilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış BS-MO-0002279 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, **********4 nömrəli sığorta müqaviləsi xx.xx.2024 tarixindən etibarən "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsinə uyğun olaraq eyni şərtlərlə "xxxx" ASC-yə ötürüləcəkdir. Nəzərə alınması xahiş edilmişdir. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-133/2025 saylı, 25 iyul 2025-ci il tarixli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərəri müəyyən etmək üçün yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri dəyəri müəyyən edilmişdir. Beləliklə, aparılmış hesablamalar "Chevrolet/Volt" markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 2300 AZN (iki min üç yüz) olaraq müəyyən edilmişdir. Ekpertiza tədqiqatının dəyəri olan 250 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən və video-yazıdan müəyyən edilmişdir ki, avtomobilin sağ yan tərəfi zədələnmişdir. Onun sağ ön qapısı və onun nikeli zədə almış, güzgüsü qırılmışdır. Sağ arxa qapıda əzilmələr vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən, Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.2-ci maddəsinə əsasən, Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. 884.3-cü maddəsinə əsasən, Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 922.1-ci maddəsinə əsasən, Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən, Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən, Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən, Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.4-cü maddəsinə əsasən, Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.50-ci maddəsinə əsasən, Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52–1.1-ci maddəsinə əsasən, Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 72.1-ci maddəsinə əsasən, Sığortaçının (təkrarsığortaçının) lisenziyası məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə, aidiyyəti olan sığortalının (təkrarsığortalının) razılığı, habelə Mərkəzi Bankın yazılı razılığı əsasında sığortaçı (təkrarsığortaçı) bağladığı sığorta (təkrarsığorta) müqavilələrini tam və ya qismən digər sığortaçıya (təkrarsığortaçıya) ötürə bilər. 72.2-ci maddəsinə əsasən, Sığortaçı (təkrarsığortaçı) sığorta (təkrarsığorta) müqavilələrinin digər sığortaçıya (təkrarsığortaçıya) ötürmək barədə qərar qəbul etdiyi tarixdən 3 iş günü müddətində həmin müqavilələrin aid olduğu sığortalıya (təkrarsığortalıya), onun yaşayış yerinə (hüquqi şəxsin olduğu yerə) və mobil rabitə vasitəsilə yazılı bildiriş göndərməklə, alınması təsdiq edilən qaydada məlumat verməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı verilmiş **********4 nömrəli Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Chevrolet/Volt markalı, 77GS750 dövlət qeydiyyat nişanlı, buraxılış ili: 2015, Ban: 1G1RDE47FU141006 olan avtomobil sığortalanmışdır. 03 dekabr 2024-cü il tarixdə X5 Bakı şəhəri, Səmədbəy Mehmandarov küçəsində “Toyota Corolla minik” markalı, 77NG710 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərkən İddiaçı mülkiyyətində olan “Chevrolet Volt” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dayanmış vəziyyətdə olarkən toqquşmuşdur. Nəqliyyat vasitəsinin arxa sağ yan hissəsi zədələnmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 2325 manat maddi ziyan dəymişdir. Sığortanın başlanğıc tarixi xx.xx.2024-cü il, sığortanın bitmə tarixi isə xx.xx.2025-ci il tarixi müəyyən edilmişdir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin qarşılanması üçün sığortaçıya müraciət etmiş, sığorta tərəfindən iddiaçının seçdiyi müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərər 1415 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin məbləğlə razı olmamışdır. Daha sonra cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti iddiaçıya bildiriş göndərərək, onunla bağlanmış sığorta müqaviləsinin xx.xx.2024-cü il tarixdən eyni şərtlərlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürüləcəyini bildirmişdir. İddiaçı sığorta ödənişi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb etdikdə isə ona ödəniş edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı avtomobilinə dəymiş zərərin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iddianı zərərin ödənilməsi hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus Chevrolet Volt (hibrid) minik markalı, 2015-ci il buraxılışlı, ağ mirvari rəngli 77GS750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir işlərinə sərf olunacaq məbləğ 2325 manat məbləğində qiymətləndirilmişdir. Müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş 191201 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 2015-ci il buraxılış ili olan Chevrolet Volt minik markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 1415 (bir min dörd yüz on beş) manat zərər dəyməsi müəyyən edilmişdir. Dəymiş zərərin məbləğini tərəflər mübahisələndirdikləri üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-133/2025 saylı, 25 iyul 2025-ci il tarixli rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində "Chevrolet/Volt" markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 2300 AZN (iki min üç yüz) olaraq müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, sırğorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 2300 (iki min üç yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissədə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, sığorta müqaviləsi cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmışdır. Daha sonra müqavilə üzrə öhdəliklər xx.xx.2024-cü il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Sığorta hadisəsi hesab olunan yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Göründüyü kimi, müqavilə üzrə cavab verməli olan sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. Sığortaçının ləğv prosesində olması onu sığorta ödənişi etmək öhdəliyindən azad etmir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 108.4-cü maddəsinə əsasən, Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz: 108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi; 108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi; 108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi; 108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi; 108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi; 108.4.6. sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sırğorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə (digər cavabdehdən tutulması hissəsində) iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 250 (iki yüz əlli) manat ekpertiza təqdiqatının dəyəri və 43 (qırx üç) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətindən sırğorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 2300 (iki min üç yüz) manat məbləğində pul, ödənilmiş 250 (iki yüz əlli) manat ekpertiza təqdiqatının dəyəri və 43 (qırx üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətindən sırğorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 2300 (iki min üç yüz) manat məbləğində pul, ödənilmiş 250 (iki yüz əlli) manat ekpertiza təqdiqatının dəyəri və 43 (qırx üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1536/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1536/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver