Məhkəmə qərarları › İş №e-2(004)-1564/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1564/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1564/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən 15299,99 manat məbləğində ödənilməmiş borc məbləğinin, iddia ərizəsinin verilməsinə görə 135,9 manat məbləğində dövlət rüsumunun, eləcə də vəkilin göstərdiyi yardıma görə 250 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-yə məxsus isitmə və soyutma sistemlərinin satışı üzrə ixtisaslaşmış mağazadan xx.xx.2020-ci il tarixində şifahi formada bağlanmış alğı-satqı müqaviləsi əsasında ümumi dəyəri 16999,99 manat olan kondisioner və kondisioner avadanlıqları satın almışdır. Mallar satıcı tərəfindən tam və lazımi qaydada cavabdehə yüksək keyfiyyətlə təqdim edilmişdir. Tərəflər arasında şifahi formada razılaşdırılmış müqavilə şərtlərinə əsasən, cavabdeh malların dəyərinin təxmini 10% hissəsini, yəni 1700 manat hissəsini dərhal ödəmiş, qalan məbləği isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh pul öhdəliyini icra etməmiş, satın aldığı malların dəyərinin 15299.99 manat hissəsini ödəməkdən imtina etmişdir. Tərəflər arasında 30 dekabr 2021-ci il tarixdə bağlanmış sazişdən də göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan bütün bu faktları təsdiq etmişdir. Sazişin 2.1-ci bəndinə əsasən, gecikdirilmiş pul öhdəliyinin sazişin bağlanması tarixindən 1 ay ərzində iki hissədə, yəni 10000 manat hissəsini xx.xx.2022-ci il tarixdə, qalan 5299,99 manat hissəsini isə xx.xx.2022-ci il tarixdə ödəniləcəyinə cavabdeh təminat vermişdir. Sazişin 3.1-ci maddəsinə əsasən, saziş nisyə alğı-satqı müqaviləsinin tərkib hissəsini təşkil edir və müqavilədə qeyd olunan bütün mühüm şərtləri özündə əks etdirir. Cavabdeh tərəfindən razılaşmanın, eləcə də mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və onun bu günədək gecikdirilmiş pul öhdəliyi 15299,99 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilməsinə baxmayaraq, qalıq borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəfindən ödənişlər edilmir. Dəfələrlə ona məlumat verilmiş və müəssisəyə dəvət olunmuşdur. Cavabdeh pulu hissə-hissə ödəyəcəyini bildirsə də, heç bir ödəniş həyata keçirməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə dair xx.xx.2021-ci il tarixli sazişin 1.1-ci bəndindən görünür ki, tərəflər alıcının nisyə alğı-satqı müqavilələri əsasında satıcıya məxsus isitmə və soyutma sistemlərinin satışı üzrə ixtisaslaşmış mağazadan bu sazişin 1 saylı əlavəsində qeyd edilmiş və ümumi dəyəri 16999,99 (on altı min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən malları satın almasını təsdiq edirlər. Sazişin 1.3-cü bəndinə əsasən, nisyə alğı-satqı müqavilələrinin şərtlərinə görə malların ümumi dəyəri 16999,99 manat məbləğində müəyyən edilmiş, həmin vəsaitin 1700 manat hissəsi alıcı tərəfindən ödənilsə də, qalan hissədə pul öhdəlikləri icra edilməmişdir. Sazişin 2.1-ci bəndinə əsasən, Alıcı Cavabdeh satıcı İddiaçı MMC qarşısında pul öhdəliyini bu sazişin bağlanması tarixindən 1 ay ərzində tam şəkildə icra edəcəyinə təminat verir, yəni xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə isə 5299,99 manat olmaqla, cəmi 15299,99 manat pulu ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC ilə Cavabdeh arasına bağlanmış nisyə alğ-satqı müqaviləsinə dair xx.xx.2021-ci il tarixli sazişin 1 saylı əlavəsindən görünür ki, alıcı tərəfindən satın alınmış 7 ədəd MİDEA MCD-60 HRN1-R kondisioner, 7 ədəd MİDEA MOU-60HN1-R kondisioner və 7 ədəd MİDEA T-MBQ4-02D3 kondisionerlərin dəyərinin ödənilmiş hissəsi 1700 manat, ödənilməmiş hissəsi isə 15299,99 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, 135,9 manat məbləğində dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən vəkil təyin edilməsi ilə əlaqədar “Union” vəkil bürosuna 250 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhəsinə götürür. 601.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi qaydada əşyaların nisyə alğı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə dair xx.xx.2021-ci il tarixli saziş imzalanmışdır. Sazişə əsasən, cavabdeh bu sazişin bağlandığı tarixdən bir ay müddətinə hissə-hissə olmaqla, iki dəfəyə borclu qaldığı məbləği ödəməyi öhdəsinə götürmüşdür. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC ilə bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə 15299,99 manat qalıq borcu, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135,9 manat pul və hazırki mübahisə ilə bağlı vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 250 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 09 dekabr 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 15299,99 (on beş min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində ödənilməmiş borc, 135,9 (yüz otuz beş manat doxsan qəpik) manat dövlət rüsumu və vəkilin göstədiyi hüquqi yardıma görə 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar