Məhkəmə qərarları › İş №e-2(004)-1593/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1593/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1593/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********41438 iPhone 14 markalı telefon, Apple adapter üçün 2584 (iki min beş yüz səksən dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 775.2 (yeddi yüz yetmiş beş manat, 20 qəpik) manat cərimə, ümumilikdə, 3382.8 manat borc və 53.83 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********41438 iPhone 14 markalı telefon, Apple adapter almış və nəticədə 3382.8 (üç min üç yüz səksən iki manat, 80 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 2815.2 (iki min səkkiz yüz on beş manat, 20 qəpik) manat (yəni 18 ay x 156.4 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********41438 iPhone 14 markalı telefon, Apple adapter üçün ümumilikdə, nəticədə 3382.8 (üç min üç yüz səksən iki manat, 80 qəpik) manat olmaqla ondan 2584 (iki min beş yüz səksən dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum,müştəriyə güzəşt olunaraq 775.2 (yeddi yüz yetmiş beş manat, 20 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 231.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı və cavabdeh arasında bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02095911 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə iPhone 14 markalı telefon və Apple adapter nisyə satılmışdır.

5. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

6. xx.xx.2024-cü il tarixli, 02095911 saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 156.4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

7. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 281,51 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

8. İddiaçı tərəfindən təqdim edilmiş 13 yanvar 2025-ci il tarixli arayışdan görünür ki,iddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış,İmei kodu **********41438 iPhone 14 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 23.6 manat pul ödənilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

10. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2584 manat ödənilməmiş əsas, 775.2 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum olmaqla, ümumilikdə 3382.80 manat borcu vardır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 2584 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02095911 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.

16. Göründüyü kimi, iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırkı vəziyyətdə isə “ ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən hesablanmış 775.2 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 181 manat müəyyən edilməlidir.

22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2584 manat əsas, 181 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 53.83 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. IV. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 2584 manat əsas, 181 manat cərimə borcu və ödənilmiş 53.83 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2818.83 (iki min səkkiz yüz on səkkiz manat səksən üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar