Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1599/2025 19.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kirayə müqaviləsi, borcun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7020/303 nömrəli kirayə müqaviləsinə əsasən kirayə verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə yalnız yaşayış sahəsi qismində kirayəçinin istifadəsinə verir. Kirayəçi isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəyir.
2. Müqavilənin 2.4-cü bəndinə əsasən kirayəçi bu müqavilə üzrə ödəmələri vaxtında aparmadığı halda, kirayəyə verən ödənişin gecikdirildiyi hər bir təqvim günü üçün ödənilməli məbləğin 0,1 faizi məbləğində dəbbə pulu almaq hüququ var.
3. Müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilə predmeti Bakı şəhəri Nəsimi rayonu, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsi “ParkView Residence”-da yerləşən mənzil, kirayə haqqı 1858,40 manat, kirayə müddəti xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək müəyyən edilmişdir.
4. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, əmlak iddiaçı tərəfindən Cavabdeh kirayə üçün təhvil verilmişdir.
5. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7020/402 nömrəli kirayə müqaviləsinə əsasən kirayə verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə yalnız yaşayış sahəsi qismində kirayəçinin istifadəsinə verir. Kirayəçi isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəyir.
6. Müqavilənin 2.4-cü bəndinə əsasən kirayəçi bu müqavilə üzrə ödəmələri vaxtında aparmadığı halda, Kirayəyə verən ödənişin gecikdirildiyi hər bir təqvim günü üçün ödənilməli məbləğin 0,1 faizi məbləğində dəbbə pulu almaq hüququ var.
7. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, müqavilə predmeti Bakı şəhəri Nəsimi rayonu, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsi “ParkView Residence”-da yerləşən mənzil, kirayə haqqı 1221,30 manat, kirayə müddəti xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək müəyyən edilmişdir.
8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, əmlak iddiaçı tərəfindən Cavabdeh kirayə üçün təhvil verilmişdir.
9. Hesabdan çıxarışdan görünür ki, cavabdehin 19108,67 manat məbləğdə ödənilməmiş borcu mövcuddur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19108,67 manat məbləğdə borc və 141,65 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında 402 nömrəli mənzilin icarəsinə dair xx.xx.2024-cü il tarixli, 7020/402 nömrəli və 303 nömrəli mənzilin icarəsinə dair xx.xx.2024-cü il tarixli, 7020/303 nömrəli kirayə müqavilələri imzalanmışdır. Cavabdeh 402 nömrəli mənzil üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 303 nömrəli mənzil üzrə 3 aylıq - iyul, avqust, sentyabr 2024-cü il tarixlər aralığında ödəməli olduğu aylıq icarə haqqı, xidmət haqqı və kommunal haqlarını ödəməyərək, hər iki mənzil üçün ümumilikdə 19108,67 manat borc məbləği yaranmışdır.
b) iddiaya etiraz
12. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, mənzillərin kirayə müqavilələri üzrə borclarının yarandığını, borcun məbləği ilə bağlı iddiaçı tərəfin hesablamalarının düz olacağını təxmin etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşdəki sübutlarla müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 7020/303 nömrəli və 7020/402 nömrəli icarə müqavilələrinə əsasən iddiaçı Bakı şəhəri Nəsimi rayonu, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində yerəşən 402 və 303 nömrəli mənzillər cavabdehə kirarəyə verilmişdir.
19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kirayə müqavilələrinə əsasən təhvil aldığı mənzillərin kirayə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilələrlə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
20. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
21. Belə ki, cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq 19108,67 manat əsas borcu yaranmışdır. Borcun yaranması işdəki sübutlarla təsdiq olunmaqla yanaşı cavabdeh tərəfindən də etiraf edilmişdir. Odur ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 141,65 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 19108,67 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141,65 manat olmaqla, ümumilikdə 19250,32 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 19108,67 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141,65 manat olmaqla, ümumilikdə 19250,32 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə