Məhkəmə qərarları › İş №e-2(004)-160/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-160/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-160/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İdidaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə dair əsassız olaraq ödənilmiş 58800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 266 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında bağlanmış 30 noyabr 2020-cu il tarixli 2/11 saylı müqaviləyə əsasən satıcı Cavabdeh Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 123 kv.metr ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kv.metri 1500 manat müəyyən edilmiş, 2.3-cü bəndinə əsasən isə mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 184500 (yüz səksən dörd min beş yüz) manat təşkil edir. Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışından və xx.xx.2020-ci il tarixli 484115 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən mənzilin dəyəri olan 184500 (yüz səksən dörd min beş yüz) manat tam olaraq ödənilmişdir. Mənzilin dəyəri tam olaraq ödənildiyindən həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edən zaman, xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda ünvan 1 ünvanında yerləşən, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil ümumi sahəsi 104.60 qeyd edilməklə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, 123 kvadrata uyğun hesablanan mənzilin dəyərini tam olaraq ödənilmişdir. Buna baxmayaraq, mənzil istismara qəbul edikdən və ona təhvil verildikdən sonra verilən çıxarışda həmin mənzilin sahəsi 104.60 kv.m. göstərilib. Mütəxəssislərinin apardıqları ölçünün nəticəsi ilə cavabdehin iddiaçıya müqavilədə qeyd etdiyi sahə ölçüsü arasında 18.4 kv.m fərq yaranır. Bu isə, o deməkdir ki, 18.4 kv.m sahənin pulu artıq ödənilib. Hal-hazırda cavabdehin özünün həmin binada satdığı mənzillərin sahəsi 3200 manatdan hesablandığından, 58800 manat təşkil edir. Artıq ödədiyi 58800 manat geri qaytarılmalıdır. 123 kv.m mənzilin dəyərinə görə artıq ödədiyi pulun mənzilin faktiki mövcud olan sahəsinə, yəni çıxarışda göstərilən kvadrata uyğun yenidən hesablayıb, artıq ödədiyi 58800 manat geri qaytarılması üçün cavabdehə göndərdikləri pretenziyaya heç bir münasibət bildirilməyib. Bu qeyd edilən hal isə mülki qanunvericiliyə əsasən əsassız varlanma hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli, 2/11 nömrəli çoxməzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində, 3 otaqlı, _ saylı, ümumi sahəsi 123 m2-dan ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 m2-nin qiyməti 1500 manat müəyyən edilir. Həmin müqavilənin 2.2-ci yarımbəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Həmin müqavilənin 3.1-ci yarımbəndinə əsasən bu müqavilə imzalanan gün “Alıcı” 184500 manatı tam həcmdə ödəməyi öhdəsinə götürür. Çoxməzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/11 nömrəli müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, __ saylı mənzilin “Alıcı” İddiaçı 3 otaqlı, __ saylı mənzilin tikintisinə görə "xxxx" MMC -nə tam həcmində, yəni 184500,0 (yüz səksən dörd min beş yüz) manatı Müqavilə imzalandığı gün ödəməyi üzərinə götürmüş, mənzili natura şəklində qəbul etdikdən sonra mənzilə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, mənzilin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, mühafizə xidmətinin haqqını, müəyyən edilmiş məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli, 58 nömrəli maliyyə arayışına əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 2/11 №-li 30 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 2-ci blokun, 5-cü mərtəbəsində, 3 otaqlı , №-li 123 kv.metr olan mənzilin dəyəri İddiaçı (Şəxsiyyət Vəsiqəsi: AZE № ********) tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə Cavabdeh MMC qarşısında heç bir borcu olmadığı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı 2/11 nömrəli alqı-satqı müqaviləsi üzrə 184500 (yüz səksən dörd min beş yüz) manat ödəmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Yeni qaydalarla: Yeni qaydalarla: AZ 1007, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 104.60 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış artıq ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair peretenziya məkutuban əsasən onunla Cavabdeh MTK arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli 2/11 saylı müqaviləyə əsasən satıcı “GRAND PLAZA" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-cı mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 123 kv.metr ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kv metri 1500 manat müəyyən edilmiş, 2.3-cü bəndinə əsasən isə mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərtilə 184500 ( yüz səksən dörd min beş yüz) manat təşkil edir. “GRAND PLAZA" MTK tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışından və xx.xx.2020-ci il tarixli 484115 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən mənzilin dəyəri olan 184500 (yüz səksən dörd min beş yüz) manat tam olaraq ödənilmişdir. Onunla Cavabdeh MTK arasında müqavilə 30 noyabr 2020-cu ıl tarixdə bağlanmış və cavabdeh yəni icraçı müqavilənin şərtlərinə əsasən 3 otaqlı ümumi sahəsi 123 kv.metr ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi öhdəsinə götürsə də, müqavilədə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirməmiş, ona təhvil verdiyi mənzilin ümumi sahəsi 123 kv.metr deyil, 104.60 kv.metr olması müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulmuş 184500 manat məbləğində pulu tam olaraq ödəsə də, mənzilin ümumi sahəsi artıq hesablandığından, ödənilmiş məbləğdən təhvil verilməmiş 18.4 kv.metr hissəyə görə ödənilmiş 58800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində pulun artıq ödənildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, onunla Cavabdeh MTK arasında 30 noyabr 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən əsassız ödənilmiş 18.4 kv.metr hissəyə görə ödənilmiş 58800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində pulun geri qaytarılmasını 10 gün müddətində təmin edilməsini, əks təqdirdə tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş **********11-05301-093046 reyestr nömrəli texniki pasporta əsasən Bakı şəhəri, Nəsimi rayоnu, Qulu Quluyev küçəsi, ev 24, 26, 28, 30, m.10 (Yeni qaydalarla: AZ 1007, ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsi 104.6 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6703 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24, 26, 28, 30 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 28, M5, m2) mənzilin ümumi sahəsinin 104,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24, 26, 28, 30 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 28, M5, m2) mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 111,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24, 26, 28, 30 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 28, M5, m2) mənzilin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla 132,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24, 26, 28, 30 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 28, M5, m2) mənzilin ümumi sahəsi çöl divarların ortasından hesablanmaqla 123,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24, 26, 28, 30 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı (Yeni qaydalarla: Bakı 28, M5, m2) mənzilin faktiki sahəsini müvafiq azaltma əmsalları tətbiq olunmadan) 111,9 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki ölçüsü ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (123.0 kv.m) arasında 11,1 kv.metr fərq olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının: 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli, 2/11 nömrəli çoxməzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində, 3 otaqlı çöl divarların ortasından hesablanmaqla ümumi sahəsi 123 m2-dan ibarət mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və 1 m2-nin qiyməti 1500 manat olmaqla, 184500 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, alıcı üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirmiş, 184500 manatı satıcıya ödəmişdir. İddiaçı mənzilə çıxarış aldıqdan sonra çıxarışda mənzilin ümumi sahəsinin 104.6 kv.m qeyd olunduğunu görmüşdür. Hazırda iddiaçı müqavilədə göstərilən mənzilin ümumi sahəsi ilə (123 kv.m) çıxarışda göstərilən ümumi sahəsi (104.6 kv.m) arasında olan fərq (18.4 kv.m) üçün hazırda cavabdehin həmin binada satdığı mənzillərin sahəsi 3200 manatdan hesablandığından artıq ödədiyi 58800 (18.4*3200) manatın Cavabdeh MTK tutularaq oan geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən sözügedən mənzilin ümumi sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasını yoxlamaq məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24, 26, 28, 30 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 28, M5, m2) mənzilin ümumi sahəsinin çöl divarların ortasından hesablanmaqla 123,0 kv.metr təşkil etdiyi müəyyən edilmiş, yəni mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə və həmin müqavilənin 2.2-ci yarımbəndinə (bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır) uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş çöl divarların ortasından hesablanmaqla ümumi sahəsi 123 kv.m olan mənzili iddiaçıya təhvil vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə dair əsassız olaraq ödənilmiş 58800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 266,4 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar