Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1603/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Ayşə X10, Cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, X6 tərəfindən imzalanmış 27 yanvar 2023-cü il tarixli 2V-16 nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 avqust 2012-ci il tarixdə xalası X6 vəsiyyətnamə ilə bütün daşınar əmlakını və ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili ona vəsiyyət etmişdir. 28 yanvar 2023-cü il tarixdə xalası S.Senatorova vəfat etmişdir. Vəsiyyətnamə üzrə mirasın qəbulu ilə bağlı notarial hərəkətlərin həyata keçirilməsi üçün müraciət etməyi planlaşdırmışdır. Lakin, xalası S.Senatorova tərəfindən xalasının qonşusu olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 adına 27 yanvar 2023-cü il tarixli (ölümündən 1 gün öncə) vəsiyyətnamənin rəsmiləşdirildiyini öyrənmişdir. O, Ukrayna Respublikasının vətəndaşıdır və Rusiya Federasiyasının Donetsk vilayətində yaşayır. Son aylarda müharibə ilə əlaqəli məlum səbəblərdən Bakıya səfər edə bilməmişdir. Lakin, bu müddət ərzində xalası ilə və onun səhhəti ilə yaxından maraqlanmışdır. Xalası ölümündən qısa müddət öncə səhhəti ilə bağlı ciddi problemlər yaşamış və ağ ciyərlərində pnevmoniya diaqnozu ilə 24 yanvar 2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir. Onun sağlamlıq vəziyyəti həmin ərəfədə verdiyi qərarlara əhəmiyyətli dərəcədə təsir edəcək səviyyədə olmuş və xalası vəsiyyətnamənin verilməsi iqtidarında olmamışdır. Bunun ziddinə fəaliyyət qabiliyyəti yoxlanılmadan və şahid iştirakı olmadan mülki qanunvericiliyin tələbləri pozulmaqla 5 saylı Notariat ofisi tərəfindən 27 yanvar 2023-cü il tarixli vəsiyyətnamə təsdiqlənmişdir. X13 Fondunun təqaüdçüsü olmuş, Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2001-ci il tarixli 455 nömrəli Fərmanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə bədən tərbiyəsi və idman sahələrində nailiyyətlərinə görə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Xalasının tələbələri onun ölümündən iki həftə əvvələdək onunla mütəmadi əlaqədə olmuş, lakin son iki həftəfə onun qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 mütəmadi olaraq zənglərə cavab verərək xalasının yatdığını,zəngə cavab verə bilmədiyini bildirmişdirlər. 28 yanvar 2023-cü il tarixdə xalasının tələbələri onun vəfat etdiyini öyrəndikdə dərhal onun evinə gəlmiş, lakin onun qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 S.Senatorovanın cənazəsinin artıq qaldırıldığını bildirmişlər. Azərbaycan Gimnastika Federasiyasının Veteranlar Şurasının sədri Elşad Nərimanov onun ölümündən və son günlərində şüurunun aydın olmadığından şübhələnərək məsələnin araşdırılması üçün Yasamal Polis İdarəsinə müraciət etmişdirlər. Daha sonra Polis İdarəsindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 xalasının mənzilində artıq qeydiyyatda olduqlarını və bu səbəbdən şikayətin baxılmamış saxlanıldığını bildirmişlər. Qeyd edilənləri nəzərə alaraq, şahidlərin iştirakı olmadan 5 saylı Notarius tərəfindən tərtib edilmiş və öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə olan şəxs tərəfindən imzalanmış 27 yanvar 2023-cü il tarixli 2V-16 nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə qəbul olunması zəruridir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Ayşə X11 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı X6 ilə 2022-ci ildən əvvəl görmüş, sonuncu dəfə onunla bu ilin yanvar ayının əvvəlində telefonla danışmışdır. İddiaçı X6nı 2011-ci il tarixdə dəqiq görmüş, həmin vaxt onun 70 yaşı olmuşdur. X6 həmişə baxımlı olmuşdur. Həmin vaxta kimi baxımlı olmuşdursa, sonra da elə olmuşdur. Lakin, notariat ofisində çəkilmiş fotoşəkildə onun baxımsız olduğu görünür. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X9 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, X6 notariat ofisinə makyajlı gəlmişdir. Həqiqətən də gözünün altı şiş olmuşdur. Notaris tərəfindən şəxsin tibbi sağlamıq vəziyyəti yox, fəaliyyət qabiliyyəti müəyyən edilir. X6 saat 2-yə qalmış, xanımların köməyi ilə özü yeriyərək gəlmişdir. O, Svetlana xanımla təklikdə qalmışdır. Onun yaşlı olduğunu nəzərə alaraq üzbəüz oturmuşdur. Ona nə məqsədlə gəldiyini soruşduqda vəsiyyətnamə vermək üçün gəldiyini, evi Zəminəyə, daşınar əmlakları isə Pərvanəyə vəsiyyət etdiyini bildirmişdir. Söhbət zamanı Svetlana xanım uşağı olmadığını, yalnız bacısı qızının olduğunu, İdman İnsitutunda uzun müddət müəllim işlədiyini bildirmişdir. Daha sonra, şahidlər dəvət olunmuş, şahidlərin yanında yenidən hansı əmlakların kimə vəsiyyət etmək istəməsi soruşulmuşdur. Fəliyyət qabiliyyəti sual-cavab və ünsiyyət quraraq, verilən suallara məntiqli cavab verilməsi və s. nəzərə alınaraq fərdi qaydada yoxlanılır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 izahatında bildirmişdir ki, X6 səliqəli xanım idi. Asan xidmətə gedəndə də onlar onu geyindirmiş, makyajı və s. öz yerində olmuşdur. Məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia ərizəsində vəsiyyətnamənin fəaliyyət qabiliyyəti yoxlanılmadan və şahidlərin iştirakı olmadan tərtib edildiyi qeyd edilmişdir. Notariusun izahatından və iş materiallarından görünür ki, vəsiyyətnamənin tərtib edilməsi zamanı iddia ərizəsində qeyd edildiyini kimi qanunsuzluğa yol verilməmişdir. İddiaçı xalasını 11-12 il ərzində görməmişdir. Bu müddət ərzində o, qocalmış, bununla bağlı dəyişməsi normal haldır. Hesab edir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkilinin izahatı ilə razı olduğunu bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 300548 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 238 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 15 avqust 2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 məxsus olan ünvan 2 ünvanında yerləşən 40 saylı mənzili X5 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 məxsus olan daşınar əmlakını Maraqlı şəxs1, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzili Maraqlı şəxs2 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş, vəsiyyətnaməni X6 şəxsən özü notariusun iştirakı ilə imzalamışdı Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizələrinin surətindən görünür ki, vəsiyyətnamə üzrə irs qalmış əmlaklar müvafiq olaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən qəbul edilmişdir. İş materiallrında olan notariat hərəkətlərinin edilməsi üçün 2V reyestrindən notarial qaydada təsdiq edilmiş çıxarışdan görünür ki, vəsiyyətnamənin verilməsi üzrə notariat hərəkəti xx.xx.2023cü il tarixdə X2 iştirakı ilə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Allahverdi qızı ifadəsində bildirmişdir ki, Maraqlı şəxs2 qonşusudur, Maraqlı şəxs1 isə onun qızıdır. Svetlana xanım xəstə idi və Zəminə xanım ona qulluq edirdi. Svetlana xanımın vəziyyəti axır vaxtlarda pis idi. Ondan xahiş etmişlər ki, onlarla birlikdə notariusa getsin. Svetlana xanımın həmin vaxt ağlı yerində olmuşdur. Hətta həmin vaxtlarda o, xəstələnmişdir. Svetlana ondan necə olduğunu da soruşmuşdur. Özü də ona evi Zəminənin adına, kartını isə Pərvanə xanımın adına keçirtmək istədiyini bildirmişdir. Notarius Svetlana xanıma suallar vermiş, Svetlana xanım isə cavab vermişdir. Onlar da qol çəkmişlər. Svetlana xanımın rəhmətə getməsi ilə bağlı səhərisi gün məlumatı olmuşdur. Svetlana xanım ürək xəstəsi olmuş, ayaqları şişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Allahverdi qızı ifadəsində bildirmişdir ki, Zəminə xanım qonşusudur, Pərvanə xanım da onun qızıdır. Svetlana xanım və Zəminə xanım onunla eyni blokda birinci mərtəbədə yaşamışlar. O, isə ikinci mərtəbədə yaşayır. Sevatlana xanım xəstələnəndən sonra Zəminə xanım ona baxırdı.Onlar da, arada onun evinə gedib səhhəti ilə maraqlanmışlar. Svetlana xanım özü gəzə bilirdi və özü ayağı ilə getmişdir. Svetlana xanım notariusla danışmış, özü nə istədiyini bildirmişdir. Həmin vaxt onlar da, orada olmuşlar. Notariusa gedəndə Svetlana xanımın səhhəti yaxşı deyildi. Onun, qolundan tutub aparmışlar. Lakin, ağlı özündə olmuşdur. Zəminə xanım axşam ona zəng edib Svetlana xanımın vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Səhərisi gün səhər saatlarında öldüyünü eşitmişdir. Yas mərasimində o da olmuşdur. Yas mərasimini Zəminə xanım təşkil etmişdir. Notariusa getməmişdən qabaq, Svetlana xanımı Zəminə xanım onu həkimə aparıb gətirəndə, həmçinin də küçədə də görmüşdür. Svetlana xanımın güclə yerisə də, notariusa gedəndə səhəti daha pis olmuşdur. Onun ayaqlarında problem olmuşdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Mülki Məcəllənin 342.1-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Həmin Məcəllənin 342.2-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixli vəsiyyətnaməyə əsasən, X1 məxsus olan daşınar əmlakını Maraqlı şəxs1, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzili Maraqlı şəxs2 vəsiyyət etmişdir. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırki iddia ərizəsində iddiaçı xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin notarius tərəfindən şahidlərin iştirakı olmadan və öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə olan şəxs tərəfindən imzalandığını qeyd edərək, vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən X4 sağ olan dövrdə psixi pozuntu diaqnozu təyin edilməsi və ya onun mübahisəli əmlakları vəziyyət edən zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyi, beləliklə də onun həmin vaxt öz hərəkətinin mənasını başa düşə bilməməsi və öz hərəkətini idarə edə bilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, iş materialları və şahidlərin ifadələri ilə təsdiq edilir ki, vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notarius tərəfindən iki şahidin yanında tərtib edilmiş və vəsiyyət edən tərəfindən notariusun, şahidlərin yanında imzalanmışdır. Qeyd edilənlərdən əlavə, notariusun izahatından və şahidlərin ifadəsindən də görünür ki, notarius imza edənin şəxsiyyətini müəyyən etməklə yanaşı nəyə imza etməsi, imza etdiyi sənədin məzmunu ilə tanış olması barədə suallar vermiş və o, imzaladığı vəsiyyətnamənin məzmunundan xəbərdar olmuşdur. Məhkəmə həmçinin iddiaçının X6 tərəfindən vəsiyyətnamə əsasında bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, X6 15 avqust 2012-ci il tarixli vəsiyyətnamə əsasında ünvan 2 ünvanında yerləşən 40 saylı mənzili iddiaçıya vəsiyyət etsə də, 27 yanvar 2023-cü il tarixli vəsiyyətnamə əsasında həmin mənzili Maraqlı şəxs2 vəsiyyət etməklə, 15 avqust 2012-ci il tarixli vəsiyyətnaməni də ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0.1-ci maddəsinə əsasən, əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə vəsiyyət edən vəsiyyətnaməni həmişə dəyişdirə və ya ləğv edə bilər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X2 vəziyyətnaməni imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X3 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı X7 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1603/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1603/2023
18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver