Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1629/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin hüquq şöbəsinin rəisinin və əməkdaşı X2 əmək haqlarının 6 ay müddətinə tutularaq uşaq evlərinə, qocalar evlərinə və ruhi xəstəxənalara ləvazimat alınması üçün tutulması, eləcə də onların vəzifədə qalıb qalmaması məsələsinə baxılması xahiş olunmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, heç bir əsası və sübutu olmayan çıxışları ilə vətəndaşları borc ödəməyə məcbur etmələri, məhkəmə heyəti və iddiaçının vaxtını alaraq mənəvi ziyan vermə əməlləri ilə onların əmək haqlarının 6 ay müddətinə tutularaq uşaq evlərinə və xəstəxənalara ləvazimat alınması üçün sərf edilməsini xahiş edir. Yasamal Rayon Məhkəməsinin təyin etdiyi vaxtda öz disiplin qaydaları pozaraq vaxtında çatmaması, 35 dəqiqədən artıq məhkəməni ləngitməsi, digər məhkəmə baxışlarının vaxtına girməsi, vətəndaşların müqavilələri olmadan olan borcların ödənmə tələbi, eləcə də ünvanda hansı şəxslərin yaşayıb-yaşamadığnı müəyyənləşdirmədən, qeydiyyatda hansı şəxslərin olduğunu müvafiq qurumlarla əməkdaşlıq etməyərək əldə etməmələri və səriştəsizlik üzündən borcları silə bilməmələri üzündən vətəndaşlardan əsassız borclar tələb edirlər. Bu səbəbdən hüquq şöbəsinin rəisi və hüquqşünas X2 vəzifəsindən azad olunması, insanların rifahını pozaraq mənəvi ziyan vurmaları bu kimi halları sübutudur. Uzun müddətdir Azərsu ASC Nəcəf Nərimanov 5A, 1,2,3, Əhməd Cavad küç. Ev 22 m. 68, ünvan 1 ünvanlarında borcların ödənmə tələbi əsassız, şişirdilmiş olmasına baxmayaraq qonşular yanında işçilərin gəlib borc tələb etmələri ev sakinlərinin əziyyət çəkərək utanc vəziyyətə düşməsinə səbəb olmuşdur. Yuxarıda göstərilən ünvanlara dair məhkəmə qətnamələri çıxarılsa da icra olunmamış, dövlətin adından çıxarılmış qətnamələrə biganə və səriştəsiz yanaşılaraq səriştəsizcəsinə məhkəmə qarşısında tələblər etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, cavabdehə yönəldilmiş tələb aydın, dəqiq və düzgün qeyd edilməmiş, məhkəmədən Cavabdeh ASC-nin hüquq şöbəsinin rəisinin və əməkdaşı X2 əmək haqlarının 6 ay müddətinə tutularaq uşaq evlərinə, qocalar evlərinə və ruhi xəstəxənalara ləvazimat alınması üçün tutulması, eləcə də onların vəzifədə qalıb qalmaması məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi kimi irəli sürülmüş “Cavabdeh ASC-nin hüquq şöbəsinin rəisinin və əməkdaşı X2 vəzifədə qalıb-qalmaması məsələsinə baxılması” tələbinə münasibətdə isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1- ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddia tələbi kimi qoyulmuş - Cavabdeh ASC-nin hüquq şöbəsinin rəisinin və əməkdaşı X2 vəzifədə qalıb-qalmaması məsələsinə baxılması məhkəmə qaydasında baxılmalı olan məsələ deyildir. Cavabdeh ASC-nin əməkdaşları olan şəxslərin olduqları vəzifədə qalıb-qalmaması məsələsini onların işəgötürənləri həll edə bilər. Müvafiq qurumun əməkdaşlarının hərəkət və hərəkətsizliyindən narazı qaldıqda isə onlar barəsində qanunamüvafiq qaydada tədbir görülməsi üçün həmin əməkdaşların tabe olduqları quruma müraciət edilməsi zəruridir. Yaranmış mübahisə Cavabdeh ASC-nin əməkdaşlarının hərəkətlərindən narazılıqla bağlı onların işdən çıxarılması ilə bağlı olduğundan, mübahisə həmin əməkdaşların tabe olduqları quruma müraciət edilməsi qaydasında həll edilməlidir. Habelə, iddia tələbinin “Cavabdeh ASC-nin hüquq şöbəsinin rəisinin və əməkdaşı X2 əmək haqlarının 6 ay müddətinə tutularaq uşaq evlərinə, qocalar evlərinə və ruhi xəstəxənalara ləvazimat alınması üçün tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia özlüyündə şəxsin özünün mənafeyi naminə cavabdeh tərəfindən yerinə yetirilməli olan pulun, əmlakın verilməsi, şəxsin xeyrinə müəyyən hərəkətlərin yerinə yetirilməsi və ya müəyyən hərəkətləri etməkdən çəkinmədə ifadə olunan tələblərdir, lakin hazırki tələbdə iddiaçı özünün mənafeyi naminə cavabdeh tərəfindən yerinə yetirilməli olan hər hansı hərəkəti və ya öhdəliyi qeyd etməmişdir. İddiaçı hazırki iddia ilə Azərsu” ASC-nin hüquq şöbəsinin rəisi və əməkdaşı X1 iddia ilə əlaqəsi olmayan üçüncü şəxslərin xeyrinə pulun tutulmasını tələb etmişdir. Belə ki, iddia ərizəsində tələb hissədə qeyd edilənlərlə əsaslandırıcı hissədə qeyd edilənlər arasında hər hansı səbəbli əlaqə yoxdur. Bundan əlavə həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsinin forması və məzmunu da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddia ərizəsində cavabdeh kimi Cavabdeh ASC qeyd olunsa da, birbaşa Cavabdeh ASC-yə qarşı heç bir tələb qoyulmamış, məhkəmədən Cavabdeh ASC-nin hüquq şöbəsinin rəisinin və əməkdaşı X2 əmək haqlarının 6 ay müddətinə tutularaq uşaq evlərinə, qocalar evlərinə və ruhi xəstəxənalara ləvazimat alınması üçün tutulması, eləcə də onların vəzifədə qalıb qalmaması məsələsinə baxılması xahiş olunmuşdur. Odur ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1629/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1629/2024
16.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver