Məhkəmə qərarları › İş №e-2(004)-1635/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1635/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1635/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli AYK5990217 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1.726 manat əsas borc, hesablanmış 400 manat cərimə; xx.xx.2020-ci il tarixli AYK5990305 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 784 manat əsas borc, hesablanmış 100 manat cərimə; xx.xx.2020-ci il tarixli AYK5990345 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 460 manat əsas borc, hesablanmış 100 manat cərimə və ödənilmiş 56 manat dövlət rüsumu olmaqla, cəmi 3.626 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdehə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC (VÖEN **********) xx.xx.2020-ci il tarixli AYK5990217-M nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 2426 manat olan məişət avadanlığını ilkin ödəniş 14 manat olmaqla 18 müddətinə ayda 134 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. İddiaçı MMC xx.xx.2020-ci il tarixli AYK5990305 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1019 manat olan məişət avadanlığını ilkin ödəniş 11 manat olmaqla 18 müddətinə ayda 56 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. İddiaçı MMC xx.xx.2020-ci il tarixli AYK5990345-M nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 612 manat olan məişət avadanlığını ilkin ödəniş olmadan 18 müddətinə ayda 34 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi əşyanın nisyə satışı sayılır. Əşyanın qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə, əşyanın nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın dəyərinin ödənilməsi vəzifəsi isə alıcının üzərinə düşür. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə, satıcı öz seçimi ilə verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş əşyanın qaytarılmasını tələb edə bilər. Hazırki işdə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehlə aralarında bağlanmış müqaviləyə istinad edərək nisyə satdığı əşyalara görə qalan borcu tələb edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.726 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 784 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 460 manat olmaqla, cəmi 2.970 manat borcu yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1.726 manat borca 400 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış 784 manat borca 100 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış 460 manat borca 100 manat cərimə olmaqla, cəmi 600 manat dəbbə pulu hesablamışdır. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 400 manat cərimə azaldılaraq 50 manat; 100 manat cərimə azaldılaraq 25 manat; 100 manat cərimə azaldılaraq 25 manat olmaqla, cəmi 100 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli AYK5990217 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1.726 manat əsas borc, hesablanmış 50 manat cərimə; xx.xx.2020-ci il tarixli AYK5990305 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 784 manat əsas borc, hesablanmış 25 manat cərimə; xx.xx.2020-ci il tarixli AYK5990345 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 460 manat əsas borc, hesablanmış 25 manat cərimə və ödənilmiş 56 manat dövlət rüsumu olmaqla, cəmi 3.126 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi - hesablanmış 500 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli AYK5990217 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1.726 manat əsas borc, hesablanmış 50 manat cərimə; xx.xx.2020-ci il tarixli AYK5990305 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 784 manat əsas borc, hesablanmış 25 manat cərimə; xx.xx.2020-ci il tarixli AYK5990345 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 460 manat əsas borc, hesablanmış 25 manat cərimə və ödənilmiş 56 manat dövlət rüsumu olmaqla, cəmi 3.126 (üç min yüz iyirmi altı) manat pul tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilsin. İddia tələbi - hesablanmış 500 manat dəbbə pulunun tutulması hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar