Məhkəmə qərarları › İş №e-2(004)-1700/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1700/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1700/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/457/19-T saylı, 20 noyabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə edilməmiş cari ödənişlər üzrə 1364.40 manat, cərimə üzrə 235,60 manat olmaqla, cəmi 1600.00 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 36 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh1 arasında 20 noyabr 2019-cu il tarixdə 01/457/19-T saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 1793,40 manat olan bir ədəd 2018-ci il buraxılışlı İMERQAZ markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən 10.02.22-ci il tarixinədək, ödənişləri üzrə 1364,40 manat, cərimə üzrə 3015,46 manat olmaqla, cəmi 4379,86 manat məbləğində borcu yaranmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 666 gün müddətində gecikdirilmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Bunlardan əlavə hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 20 noyabr 2019-cu il tarixli 01/457/19-T-Z3 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul edilmişdir. Bu isə o deməkdir ki, o həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli 01/457/19-T saylı “Nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı qiyməti 1793,40 manat olan bir ədəd 2018-ci il buraxılışlı İMERQAZ markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə alıcının mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 18 ay nəzərdə tutulmuşdur. İş materiallarına olan 20.11.2019-cu il tarixli 01/457/19-T-Z3 saylı İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış zamilik müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli 01/457/19-T saylı “Nisyə alqı-satqı” müqaviləsi üzrə öhdəliklərin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə satıcı qarşısında məsuliyyət daşıyır. İş materiallarına olan 21.02.2020-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, satıcı (İddiaçı MMC) bir ədəd 2018-ci il buraxılışlı İMERQAZ markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə alıcıya təqdim etmiş, alıcı isə qeyd olunan əmlakı qəbul etmişdir. İş materiallarına olan 05.05.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 20 noyabr 2019-cu il tarixdə 01/457/19-T saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 1264,40 manat əsas, 3477,22 manat cərimə borcu olmaqla, cəmi 4741,62 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 20 noyabr 2019-cu il tarixdə 01/457/19-T saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 1793,40 manat olan bir ədəd 2018-ci il buraxılışlı İMERQAZ markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına olan 20.11.2019-cu il tarixli 01/457/19-T-Z3 saylı İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış Zamilik müqaviləsinə əsasən O İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli 01/457/19-T saylı “Nisyə alqısatqı” müqaviləsi üzrə öhdəliklərin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə satıcı qarşısında məsuliyyət daşıyır. Habelə iş materiallarına əlavə edilmiş 05.05.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 20 noyabr 2019cu il tarixdə 01/457/19-T saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 1264,40 manat əsas, 3477,22 manat cərimə borcu olmaqla, cəmi 4741,62 manat borcu vardır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1264,40 manat əsas və 40 manat cərimə borcu olmaqla, cəmi 1304,40 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 235,60 manat məbləğində deyil 40 manat məbləğində, müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Habelə məhkəmə hesab edir ki, iddia tələbi 01/457/19-T saylı, 20 noyabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarına olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli 01/457/19-T saylı “Nisyə alqı-satqı” müqaviləsi ilə müqavilənin müddəti 18 ay nəzərdə tutulmuşdur. Bu müqavilənin qüvvədə olma müddəti 20.05.2021-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən 1304,40 manat məbləğində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş rüsum 36 manat məbləğində deyil, 33 manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1264,40 (min iki yüz altmış dörd manat qırx qəpik) manat əsas və 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 1304,40 (min üç yüz dörd manat qırx qəpik) manat pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar