Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1729/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 17.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 18.12.2019-cu il tarixli müqaviləyə əsasən “Apple” markalı qulaqlıq üçün 311 manat ödənilməmiş hissə, 98 manat dəbbə, 12.10.2019cu il tarixli müqaviləyə əsasən “Hoffmann LED” markalı televizor və “Hoffmann” markalı səs paneli üçün 707 manat ödənilməmiş hissə, 204 manat dəbbə, 04.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********706967 olan “iPhone 11 Pro Max” markalı telefon üçün 4390 manat ödənilməmiş hissə, 1300 manat dəbbə olmaqla ümumilikdə 7010 manat borc, 90,10 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 18.12.2019-cu il tarixli, 01137300 saylı, 12.10.2019-cu il tarixli, 00976449 saylı və 04.02.2020-ci il tarixli, 20079052 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə cəmi 7010 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1110 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.12.2019-cu il tarixli, 01137300 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Apple” markalı qulaqlıq Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.10.2019-cu il tarixli, 00976449 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Hoffmann LED” markalı televizor və “Hoffmann” markalı səs paneli Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli, 20079052 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********06967 olan “iPhone 11 Pro Max” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 18.12.2019-cu il tarixli, 01137300 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 492 manat təşkil edir və aylıq 41 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 12.10.2019-cu il tarixli, 00976449 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1118 manat təşkil edir və aylıq 62 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 04.02.2020-ci il tarixli, 20079052 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 4898 manat təşkil edir və aylıq 255 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 10.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 18.12.2019-cu il tarixli, 01137300 nömrəli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 492 manat olan əsas borca 181 manat ödəniş etmiş, 311 manat ödənilməmiş hissə, 98 manat cərimə, cəmi 409 manat, 12.10.2019-cu il tarixli, 00976449 nömrəli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 1118 manat olan əsas borca 411 manat ödəniş etmiş, 707 manat ödənilməmiş hissə, 204 manat cərimə, cəmi 911 manat, 04.02.2020-ci il tarixli, 20079052 nömrəli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 4898 manat olan əsas borca 508 manat ödəniş etmiş, 4390 manat ödənilməmiş hissə, 1300 manat cərimə, cəmi 5690 manat, ümumilikdə isə 7010 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 18.12.2019-cu il tarixli, 01137300 saylı müqavilə üzrə 21 manat, 12.10.2019-cu il tarixli, 00976449 saylı müqavilə üzrə 50 manat və 04.02.2020-ci il tarixli, 20079052 saylı müqavilə üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18.12.2019-cu il tarixli, 01137300 saylı müqavilə üzrə 311 manat əsas, 21 manat dəbbə borcu, 12.10.2019-cu il tarixli, 00976449 saylı müqavilə üzrə 707 manat əsas, 50 manat dəbbə borcu, 04.02.2020ci il tarixli, 20079052 saylı müqavilə üzrə 4390 manat əsas, 200 manat dəbbə borcu olmaqla, ümumilikdə 5679 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 76,79 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18.12.2019-cu il tarixli, 01137300 saylı müqavilə üzrə 311 manat əsas borc, 21 manat dəbbə borcu, 12.10.2019-cu il tarixli, 00976449 saylı müqavilə üzrə 707 manat əsas borc, 50 manat dəbbə borcu, 04.02.2020-ci il tarixli, 20079052 saylı müqavilə üzrə 4390 manat əsas borc, 200 manat dəbbə borcu olmaqla, ümumilikdə 5679 (beş min altı yüz yetmiş doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 76,79 (yetmiş altı manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1729/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1729/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver